Mübariz Mənsimov Azərbaycana qarşı cinayət əməllərində ittiham olunur – Parıldayan faktlar

Türkiyədə fəaliyyət göstərən “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov barəsində Azərbaycan mediasında ilginc faktlarla zəngin yazılar yayılmaqdadır


Belə yazılardan biri qlobalinfo.az saytında dərc olunub. Sayt iş adamının xeyriyyəçilik fəaliyyəti altında həyata keçirdiyi gizlin əməllərini əks etdirən elə faktlara diqqət çəkir ki, onlar Cinayət Məcəlləsinin müvafiq maddələrinin təsir dairəsinə düşəcək səviyyədədir. İddiaya görə, Mübarz Mənsimov vətənpərvərlik və hümanizmi özünün qalxanına çevirərək, Vətənə, humanist dəyərlərə zərbələr endirməkdədir. 


Bəs “Palmali” şirkətinin rəhbərinin xeyirpərvər insan kimi təqdimatına nail olmaq necə baş verir? 


Bu sualın cavabını “Palmali” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Fazil Qasımovdan soruşmaq daha doğru yanaşmadır. O Fazil Qasımov ki, Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilib, ona qarşı Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Həbsin FETÖ şəbəkəsi ilə bağlı olduğu deyilir. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Fazil Qasımov barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 15 gün əvvəl eyni maddə ilə Q.İbadoğlu da 3 ay 26 günlük həbs qətimkan tədbirinə məruz qalıb.


Mübariz Mənsimovun həm şxəsinin, həm də fəaliyyətinin təbliğatını, təşviqatını aparan Fazil Qasımov tətbiq etdiyi mexanizmlə Azərbaycan müxalifətinin radikal qanadını, bəzi jurnalistləri, xaricə sığınaraq Azərbaycan dövlətinə qarşı təhqirlər səsləndirən “mühacirləri”, hətta Avropadakı erməniləri və onların havadarlarını “şefi”nin ətrafında sıx birləşdirməyə nail olub. Təbii ki, ortada külli miqdarda pul vəsaiti fırlanır, həmin pullar Azərbaycana qarşı qərəzli mövqe sərgiləyənlərə, böhtanlar atanlara, yalanlar danışanlara, söyüş makinasına xərclənir. Söyüşçülər dəstəsinin üzvlərindən biri Qabil Məmmədov etiraf edib ki, həmkarı Vidadi İsgəndərli Mübariz Mənsimovdan 100 min yevro pul alıb.


İş adamı haqqında mediada yayılan yazılarda xüsusi olaraq vurğulanır ki, onun cüzi sayda insanlara göstərdiyi yardımlar, çirkli pullarn sayəsində gözdən pərdə asmaq üçündür. Məqsəd əsl niyyətin həmin pərdənin arxasında qalmasıdır. Fazil Qasımov da bu işi ustalıqla həyata keçiririmiş.  


Qlobalinfo.az yazır: “Mübariz Mənsimovla tanışlığının tarixçəsi birincinin Özyegin Universitetində təhsil aldığı dövrə təsadüf edir. Universitetin rektoru Erekan Erkut vasitəsilə Mübariz Mənsimovla tanış olan Fazil Qasımov əvvəlcə onun maddi imkanlarından yararlanaraq təhsilini davam etdirib, sonra isə Mənsimovun maliyyələşdirdiyi “Hilal Academy” xaricdə təhsil mərkəzinin təsisçisi olub. Bu qurum vasitəsilə Mübariz Mənsimov Türkiyədəki azərbaycanlı tələbələrə nüfuz etməyə başlayıb, onların təhsil haqqını ödəyib və digər köməkliklər göstərib. 2020-ci ilin martında “Palmali”nin rəhbəri həbs edildikdən sonra Fazil Qasımov fəaliyyət istiqamətini dəyişib və şefinin müdafiəsinin təşkilinə başlayıb. Bu prosesə fəal şəkildə keçmiş ANS-çi Fidan Bayraməliyeva və vəkil Fatih Turhan cəlb ediliblər. Məhz bu dövrdən Mübariz Mənsimov gizli cəbhədə fəaliyyətini genişləndirir və bununla da onun bütün kontaktları üzə çıxmağa başlayır”.


Əsl niyyət nədən ibarətdir? 


Yayılan faktlara diqqət kəsiləndə bütün ştrixləri ilə bir mənzərə aydın görünür: Azərbaycan dövlətini təhdid hədəfinə çevirərək, ölkədə xaos, qarşıdurma yaratmaq, cəmiyyətdəki qalibiyyət əzmini heçə endirərək, ölkəni məkrli xarici qüvvələrin hədəfinə çevirmək. 


Belə olmasaydı, Mübariz Mənsimovun rəhbərlik etdiyi qrup Böyük Britaniya, Malta, Sinqapur və başqa ölkələrin reyestrlərindən azərbaycanlılar haqqında məlumat toplayaraq, müxtəlif dosyelər hazırlatdırıb, Böyük  Britaniyanın Milli Cinayət Agentliyinə ötürməzdi. 


Faktları oxuyaq: “Prosesin daha təsirli olması üçün Mübariz Mənsimovun göstərişi ilə “Amsterdam & Partners LLP” və “Omnia Strategy LLP” kimi hüquq şirkətləri ilə müqavilələr imzalanır və əldə olunan məlumatlar bu şirkətlər vasitəsilə Qərb mediasına ötürülərək yayımlanır.


Digər istiqamət kimi “Azərbaycan saatı”nın təsisçisi və aparıcısı Qənimət Zahid, “Azad söz” kanalının təsisçisi Tural Sadıqlı, “Taym” TV-nin təsisçisi Fikrət Hüseynli, hüquqşünas Vidadi İsgəndərli – Azərbaycan hakimiyyətini ən sərt şəkildə tənqid və hətta təhqir edən şəxslərlə əlaqələrin inkişaf etdirilməsi götürülüb. Fazil Qasımov vasitəçi kimi M.Mənsimovun hədəfinə gələn şəxslər barədə ifşaedici materialları yüksək maliyyə müqabilində yuxarıda adları çəkilən şəxslər vasitəsilə yayımlanıb. Bundan başqa, yenə də pul müqabilində həmin şəxslər Mübariz Mənsimovun müdafiəsinə qoşularaq onun xeyrinə öz resurslarında və sosial şəbəkələrdə ardıcıl məlumatlar paylaşıblar”.


Fazil Qasımovun Azərbaycana qarşı qərəzli mövqedə olan beynəlxalq təşkilatlarala geniş əlaqələr yaratdığı da iddia olunur. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsumunun “Panama Papers”, “Pandora Papers” və digər bu kimi layihələrində yaxından iştirak edən Pelin Ünker vasitəsilə Azərbaycan əleyhinə böhtan xarakterli materiallar xarici mediaya yol açıb, ardından Türkiyə və Azərbaycanın informasiya məkanında yayılmağa başlayıb. Türkiyədə həmin materialların yayılması MGTV Yutub kanalının təsisçisi Mustafa Gürbüz vasitəsilə həyata keçirilib. “Türkçülük donuna bürünən” internet kanalı, Mübariz Mənsimovun maliyyə dəstəyi ilə Cəmil Həsənli, Tofiq Yaqublu, Qənimət Zahid, Fikrət Hüseynli, İsa Qəmbər, Qubad İbadoğlu, Ərəstun Oruclu, Rəhim Qazıyev, Vidadi İsgəndərli, Süleyman Süleymanlını və bu kimi insanları efirə çıxararaq Azərbaycan hökumətinə qarşı hücum meydanı açıb. Hazırda kanalda Qubad İbadoğlunun müdafiəsi kampaniyasına başlanılıb.


Mübariz Mənsimov Türkiyədə həbs ediləndə Qubad İbadoğlu onun əsas müdafiəçilərindən olub. Eyni komandanın üzvlərinı Fətullah Güləndən gələn tellər bağlayır. Yəqin ki, həbsdə olan Qubad İbadoğlu barədə aparılan istintaqın gedişatında FETÖ terror təşkilatının lideri ilə onların bağlılqılarının hansı səviyyədə olduğu üzə çıxacaq. 


Bircə fakta nəzər yetirək: 


Qubad İbadoğlunun təşkilatçılığı ilə 2022-ci ildə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondu yaradılıb. Təsis prosesi zamanı tələb olunan 3.600 funt sterlinq Londonda yaşayan bir azərbaycanlının adına “Ziraat Bank”da olan hesaba köçürülüb və sonra Qubad bəyə çatdırılıb. Yardımı Mübariz Mənsimovun göndərdiyi bəllidir.


Sayt daha bir neçə ilginc faktı təqdim edir. Qeyd olunur ki, şəbəkə Türkiyə Prezidentinin Maliyyə İdarəsindən tutmuş, Böyük Millət Məclisinə, siyasi partiyalara kimi uzanır. Adlar, vəzifələr və s. yetərincədir:


“Mənsimovun F.Qasımov vasitəsilə qurduğu əlaqələrin ən maraqlısını isə Ani Harutunyanla (Ani) sıx təmaslar təşkil edir. Fazilin Ani ilə təmasları qarşılıqlı təriflərdən başlayaraq, müharibənin acı nəticələri (İkinci Qarabağ müharibəsinə qarşı çıxış edən “no war”çıların əsas tezisi), media fəaliyyəti, hüquq müdafiəsi – ümumiyyətlə, mümkün olan hər məsələni əhatə edir. Təbii ki, bu əməkdaşlığın praktiki nəticələri də var”.


Əlbəttə ağır ittihamlardır. Mübariz Mənsimov barəsində yazılanlarla razılaşmırsa, gərəkdir açıqlama versin, bir qədər də uzağa gedib məhkəməyə uz tutsun. Çox güman Azərbaycan hüquq mühafizə orqanları da bu faktlara biganə qalmayacaq. Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərənlər gec-tez qanun və ədalət qarşısında cavab verəcəklər.

 

Eldar Əliyev