Nazirlər Kabineti quru sərhədlərin bağlı qalması qərarını növbəti dəfə qüvvədə saxladı. Qərar ictimaiyyətdə geniş və açıq müzakirə olunur. Vətəndaş cəmiyyətı institutu təmsilçiləri quru sərhədlərin bağlı qalması hadisəsinə daha peşəkarcasına yanaşırlar.
Sorğumuzda iştirak edən QHT
rəhbərləri də vəziyyəti populist yanaşma ilə deyil, riyazi analiz dəqiqliyi ilə
izah edirlər.
Milli QHT Forumunun
Prezidenti Rauf Zeyni: “Ölkənin, əhalinin təhlükəsizliyi birinci dərəcəlidir”
-Hər bir ölkə, onun cəmiyyəti, vətəndaşları quru sərhədlərinin açıq olmasını, gediş-gəlişin bərpa edilməsini, xarici qonaqların sərbəst gəlib getməsini, özlərinin də xaricə getmək imkanlarının sadələşdirilməsini arzulaya bilər və bu arzu təbiidir, məntiqlidir.
Quru sərhədlərin açılmasında dövlət də maraqlıdır, çünki turizmin inkişafına xidmətdir, iqtisadiyyata töhfədir və ümumiyyətlə sərhədlərin açıq olması bir dövlət üçün böyük üstünlükdür.
Nüfuzlu beynəlxalq konfranslara ev sahibliyi edən ölkə kimi biz də istəyərdik ki, quru sərhədlərimiz açıq olsun, həm qonşularla, həm də bütün dünya ilə əlqələrimizi quru sərhəd kommunikasiyası ilə rahat quraq.
Ancaq narahat dünyada, gərgin regionumuzda birinci dərəcəli ən vacib məsələ ölkənin təhlükəsizliyidir. Ölkənin, əhalinin təhlükəsizliyi birinci dərəcəli olduğuna görə, bu gün Nazirlər Kabineti, Operativ Qərargah, bütövlükdə hökumət yolların hələlik bağlı qalması qərarını qüvvədə saxlayıb.
Nə qədər ağır olsa da,
iqtisadiyyatımıza nə qədər zərbə vursa da ən böyük qazancımız vətəndaşların təhlükəsizliyidir.
Xüsusən də 44 günlük Dəmir Yumruq əməliyyatından sonra əldə etdiyimiz tarixi zəfər,
antiterror əməliyyatı nəticəsində süverenliyimizin tam bərpası düşmənlərimizi,
uğurlarımızı həzm edə bilməyənləri narahat edir. Ölkəmizə qarşı müxtəlif istiqmətlərdə
fərqli məzmunlarda böyük təxribatlar hazırlanır. Bu günlərdə onun şahidiyik ki,
məkrli Qərb təşkilatları və ölkələri Ermənistanda olan terror əməlli revanşist
qüvvələri təxribatlara cəlb edirlər. Ölkənin sabitliyi, stabilliyi daha vacib
olduğuna görə, hökumətin quru sərhədlərlə bağlı qərarına ciddi yanaşmaq, dəstəkləmək,
xeyirli yanaşma kimi təqdir etmək lazımdır. Belə məsələlərdə vətəndaş cəmiyyəti
də dəstəyini göstərməlidir.
Jurnalistka və İnkişaf Mərkəzi
İctimai Birliyinin sədri Elməddin Muradlı: Hələ sərhədlər bağlıdır bu qədər
narkotik qaçaqmalçıları tutulur, görün açıq olsa nə baş verər..
-Quru sərhədlərin bağlı
qalmasını bəzi insanlar bilərəkdən, ya bilməyərəkdən fərqli istiqamətdə yozurlar,
yanlış məntiqlə şərh edirlər. Dünyada, regionda elə hadisələr baş verir ki, biz
belə vəziyyətə təəssüflənirik, neqativ hadisələrin sürətlə bir-birini əvəz
etdiyinin şahidi olduğumuza görə bir daha yəqinləşdirmiş oluruq ki, hökumətin quru
sərhədlərlə bağlı qərarları, xüsusən bağlı qalmaq müddətinin artırılması
vacibdir, doğrudur.
Heç bir dövlət terrordan sığortalanmayıb. Azərbaycan dövləti isə bu mənada ikiqat təhlükə qarşısındadır. Azərbaycan dövləti 30 illik işğala 44 günə son qoyaraq qalib məmləkət statusu qazanıb, Cənubi Qafqazda lider dövlətə çevrilib. Qalib dövlətə qarşı düşmən xisləti həmişə özünü göstərə bilər. Cənab Prezident İlham Əliyev nəyi nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilir.
Bu gün dünyada baş verən hadisələr, Azərbaycanın bu hadisələrin mərkəzində olması öncə təhlükəsizlik məsələsini ön sıraya qoyur. Xaricdəki məkrli qüvvələrin ölkəmizə qarşı hiylə dolu planları var. Tarixi unutmaq olmaz, əksinə dərs çıxarmalıyıq. Azərbaycan terrorla üz-üzə qalan ölkədir, hətta Bakıda dəhşətli terror hadisələri yaşanıb. Heç kim qarantiya verə bilməz ki, erməni terror təşkilatları və onların havadarları Azərbaycanda qanlı hadisələr törətmək düşüncəsində deyillər. Qərbin, Avropanın Azərbaycana qarşı qərəzli münasibətini görürük. Belə olan təqdirdə son dərəcə diqqətli olmalıyıq. Ölkəmizi terror əməllərindən qorumaq üçün vacib olan bütün addımları atmalıyıq.
Terrorla mübarizənin bir çox üsulları var və bu üsullardan biri sərhədlərin bağlanmasıdır. Başqa variantları da gözdən keçirmək olar. Hazırda sərhədlərin bağlanması çox vacibdir. Polis narkomaniyaya qarşı ciddi mübarizə tədbirləri həyata keçirir. Tutulan şəxslərin əksəriyyəti, hətta hər biri narkotikanın İrandan gəldiyini, tanımadığı şəxsdən aldığını deyir. Bizim təşkilat DİN yanında İctimai Şuranın üzvü kimi bu məsələ ilə dərindən maraqlanıb. Əvvəllər narkotikanı xaricdən gətirib müəyyən maliyyə müqabilində verirdilər ki, satılsın. İndi pul da istəmirlər, təki Azərbaycan gəncləri, əhalisi zəhərlənsin. Hələ sərhədlər bağlıdır bu qədər narkotik qaçaqmalçıları tutulur, görün açıq olsa nə baş verər...
Uzun illər torpaqlarımız
işğal altında olub. Cəbrayl, Zəngilan, Füzuli İranla sərhəddir və ermənilər 30
il işğal etdikləri həmin ərazilərdə yaşayıblar. Həmin yerlərdə bütün yolları əzbər
bilirlər. Bu gün zəhərli maddələr Azərbaycana həm Ermənistan, həm də İran tərəfindən
sevə-sevə göndərilir. Dövlət belə vəziyyəti nəzərə alıb, iqtisadiyyatına dəyən
zərbəni də göz altına alaraq məcburiyyətdən quru sərhədlərin açılmasına icazə
vermir və düzgün də edir.
Quba Regional QHT- lərin
Resurs və Təlim Mərkəzinin sədri Eynulla Xeyrullayev: “Biz dövlətimizə minnətdar
olmalıyıq ki, belə ciddi-cəhdlə vətəndaşların təhlükəsizliyinin qayğısına qalır”
-Nazirlər Kabineti sərhədlərin yenidən bağlı qalması qərarını dünyada, o cümlədən regionda baş verən dəhşətli hadislərə nəzərən verib. Ona görə də belə qərarı olduqca doğru hesab edirik. Sərhədlərimizin xaricində baş verənlər bir daha təsdiqləyir ki, ölkəmizə qarşı siyasi, dini, iqtisadi, ümumiyyətlə bütün mövzular üzrə təxribatların baş verməsi ehtmalı böyükdür. Ermənistanın və onun işğalçılıq siyasətini dəstəkləyənlərin çirkin əməlləri göz qabağındadır. Belə olan təqdirdə Azərbaycan sayıqlığını birə yüz artırmalıdır. Azərbaycan açıq şəkildə təhdid bəyanatları ilə üz-üzə qalıb. Bizim bilmədiyimiz təhdidlər də var.
Bununla yanaşı internet məkanında da müəyyən məhdudlaşdırıcı adımlar atılmalıdır. Müasir dünyada terrorlar internet resurslarından istifadə olunaraq həyata keçirilir. Bəzən quru sərhədin bağlanmasını iqtisadiyyata ziyan kimi dəyərləndirirlər. Ancaq nəzərə almaq lazımdr ki, yük daşımalarında, kənd təsərrüfatı mallarının xaricə aparılmasında heç bir problem yoxdur. Adamlar fərd olaraq məsələn, Rusiyadan, İrandan, Gürcüstandan məhsul gətirirdilərsə, indi bu imkanlardan məhrum olduqlarını düşünürlər və bunu da iqtisadiyyata zərbə kimi dəyərləndirilər. Hesablamalar göstərir ki, belə dəyərləndirmələr riyazi baxımdan yanlışdır.Əksinə, biz dövlətimizə minnətdar olmalıyıq ki,
belə ciddi-cəhdlə vətəndaşların təhlükəsizliyinin
qayğısına qalır. Bizim görmədiyimizi dövlət və onun güc sturukturları daha
aydın görürlər.