Azərbaycandan Türkiyəyə uçan qardaş ölkəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması və hava gəmisinin göyərtəsində olan 20 nəfərin hamısının həlak olması hadisəsi mediada və sosial şəbəkələrdə həyacanlı şəkildə geniş müzakirə olunmaqdadır.
Müzakirələr təbii və gözlənilən olmaqla yanaşı, mövzu ətrafında səsləndirilən dəqiqləşdirilməmiş, rəsmi mənbəyə istinad olunmayan iddialar, bəzən ittihamlar ictimaiyyətdə çaşqınlıq yarada bilir. Məhz illərin süzgəcindən keçən qaydalar da bizə bu kimi vəziyyətlərdə necə davranmağı öyrədir.
Həmin qaydalar sırasında Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları mühüm əhəmiyyət daşıyır. Məlum faciə ətrafında açılan ictimai müzakirələr nəticəsində media və sosial şəbəkələrdə yayımlanan məlumatlarda Qaydanın "Həqiqətə xidmət, dəqiqlik və obyektivlik" PRİNSİPİNİN "Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır", "İnformasiya qaynaqlarına sayğılı yanaşma" PRİNSİPİNİN "Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır" maddələri pozulub.
Hadisə barədə hələki rəsmi rəy yoxdur. Ciddi media qurumlarında mötəbər mənbə adından çıxış edən peşəkar mütəxəssislərin versiyaları mövcuddur.
ANEWS.az mütəxəssisə istinadən əsas iki versiyanı təqdim edib: "İlkin araşdırmalar iki versiyanın üzərində fokuslaşmaq üçün əsas yaradır. Birincisi, təyyarə uzun müddətdir istismarda olduğuna görə, onun korpusunda korroziya yarana bilərdi ki, bu da havada yüksək təzyiq altında təyyarənin qəzaya uğraması üçün ciddi əsasdır. Qeyd edək ki, 1990-cı illərdə ABŞ Silahlı Qüvvələrinə məxsus “Herkules” təyyarəsi məhz bu səbəbdən qəzaya uğramışdı.
İkinci versiya isə ondan ibarətdir ki, yük təyyarələrində daşımalar həyata keçirilən yük müvafiq tələblərə uyğun olaraq möhkəm bərkidilir. Bu tələbin yerinə yetirilməməsi turbilentlik və ya başqa təsirdən yükün yerindən oynaması və daxildə ciddi fəsadlar yaratmasına gətirib çıxarır ki, bu da qəza üçün tam yetərli səbəbdir". Yazının tam mətni (https://anewz.tv/world/world-news/15210/investigators-probe-mechanical-fault-in-turkish-c-130-crash/news)
Jurnalist Ekspert Mərkəzi







