Avropa İttifaqının Ermənistana göndərdiyi missiya məğlubiyyət sindromunun çabalamaq xəstəliyidir

Ermənistanın işğalçılıq siyasətinə 30 il dəstək verənlər məkrli siyasətin Cənubi Qafqazda 2020-ci ildə cəmi 44 gün ərzində tam fiaskoya uğradığını dəqiqləşdirəndən sonra yeni yollar axtarmağa başladılar. Bu sırada Fransanın adını xüsusi çəkmək vacibdir. ATƏT-in Minsk Qrupu, “Madrid prinsipləri”, BMT-nin icrasız qalan, Azərbaycanın Vətən müharibəsi nəticəsində bu ölkənin ordusunun gerçəkləşdirdiyi 4 qətnaməsi və bu kimi planlar haqqın gerçək gücünə dəyib dağılandan, arxivin qaranlıq küncünə atılandan sonra köhnə sevdaların yeni formatlarının yaradılması cəhdləri gündəmə gəldi. 

Onlardan biri qismən həyata keçmə mərhələsinə qədəm qoyub. Amma baxır hansı effektlə icra olunacaq. Azərbaycan elə bir mərhələdədir ki, Ermənistanla münasibətlərin tənzimlənməsində qeyri-sağlam müdaxilələri qəbul etməyəcək dərəcədə ali mərtəbədə qərarlaşıb. 

Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanın göndərilməsi barədə razılıq verib. Gözləniləniydi, ona görə də həyacanverici hadisə deyil. 
Qərar Aİ XİN rəhbərlərinin iclasında qəbul olunub. Avropa Parlamentinin heç bir fakta və dəlilə söykənmədən Laçın-Xankəndi yolundakı aksiyanın hümanitar bucağında ilişib qalması, məngənədən çıxmaq üçün erməni gözünü özünün görmə orqanına çevirməsinin ardından Avropa İttifaqının Ermənistana missiya göndərməsi hadisəsi məğlubiyyət sindromunun çabalamaq xəstəliyidir. Həmin Fransa regiondakı təşəbbüsünü əldən verib, indi bu oyunla qapıdan top keçirmək istəyir. Yanlış siyasətdir. Meydandakı qapılar da, yan və künc xətləri də, xəritə dilində danışsaq, sərhədlərə nəzarət Azərbaycana məxsusdur.
 
“Yeni missiyanın məqsədi Ermənistanın sərhəd rayonlarında stabilliyə nail olmaq, yerli səviyyədə əməkdaşlığı yoluna qoymaq və Aİ-nin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səyləri dəstəkləyən şəraitin təmin olunmasından ibarətdir” – özləri belə deyir. Vurğulayırlar ki, missiya Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə də öz töhfəsini verəcək.

Avropa İttifaqının dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dəstək verməyə gəldikdə isə buna ehtiyac yoxdur. Eləcə Ermənistana demək olar ki, öhdəlikləri qeyd-şərtsiz yerinə yetirsinlər. Daha missiya göndərib, suyu bulandırmaq, münasibət tellərində düyün salmaq, imzalanacaq sülh müqaviləsinin müddətini süni şəkildə uzatmaq əbəsdir. Blef də keçərli deyil. Yeni missiya Şarl Mişelin başlatdığı xoşməramlı prosesi məcrasından çıxarmağa xidmət edir. Təbii ki, hər xidmət də bitdiyi yerdə gül açmır. Azərbaycan regional abu-havanı korlayan, dayanıqlı sülhə mane olan addımları bir neçə metr məsafə qət edəndən sonra dayandırmağı bacaran dövlətdir. Qafqaz regionunun söz sahibləri var. Avropa bu regiona gəlmə, uzağı qonaq ola bilər. Əlbəttə vahid sülh məniqinə xidmət etsə, ev sahibləri ilə yaxın funksiyaların bölüşdürülməsi prosesinə də cəlb olunarlar. Görünənsə odur ki, missiyanın operativ qərargahının  Ermənistanda yerləşdirilməsi xoş niyyətli deyil.

 
Rəsmi informasiya belədir: Mülki əməliyyatlara Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlama və Davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat rəhbərlik edəcək. Yaxın gələcəkdə yerli səviyyədə əməliyyatlara nəzarət etmək üçün missiya rəhbəri təyin ediləcək.

Xatırladaq ki, 2022-ci il 17 oktyabr tarixində Aİ xarici işlər nazirlərinin Şurası öz iclasında Azərbaycanla sərhədin Ermənistan tərəfinə Cənubi Qafqaz regionundakı vəziyyətin monitorinqi, təhlili və hesabat təqdim olunması üçün təqribən 40 nəfər ekspert müşahidəçi göndərmək barədə qərar qəbul etmişdi. 2022-ci il 19 dekabr tarixində Ermənistandakı Aİ missiyasının monitorinqinin mandatı bitib.

O 40 nəfər sülhə hansı dərəcədə xidmət göstərdisə, əvvəlcə “müvəqqəti”, ardından “daimi” mexanizm kimi tətbiq etmək istədikləri missiya da eynisini yamsılamaqdan o yana keçə bilməyəcək. 

Əlbəttə, Azərbaycan üçün uzunmüddətli missiya planı qəbuledilməzdir, bunun arxasında Fransanın Cənubi Qafqaza soxulmaq və neomüstəmləkəçilik niyyətini bu coğrafiyada yürütmək niyyəti dayanır. 
 
Praqa görüşünün nəticələrinə zidd olan missiya qərarı bölgədə daim təhlükə saçan İranın indiki islama zidd islam rejiminə də süni nəfəs vermis olacaq. 

Demokratiya adına böyük həqarətdir. Azərbaycan bir dövlət kimi bu mərhələni də geriyədönməz quruculuq siyasəti ilə özünün maraqlarına uyğunlaşdıracaq. Ev sahibinin ilikn qələbəsi elə onun ev sahibi olamsıdır. Üstəgəl haqq, üstəgəl güc, üstəgəl dünyanın iqtisadi balansını tənzimləmək imkanı və bu imkanın sonuncu dəfə Davos səviyyəsində sübutu. 

Avropa İttifaqının Ermənistana göndərdiyi missiya Azərbaycan cəmiyyətində mənfi ovaqat yaşadacaq. İctimaiyyətin dövlətə güvənməsi faktorunun qarşılığında bu ovqat Avropanın merkantil maraqlardan çıxış edən ölkələrinə qarşı nifrət amilini qıcıqlandıracaq. Regionda iştirakçılıq yalnız qarşılıqlı hörmət üzərində mümkündür. Hörmətsizlik bu dəfə də uzaq qonşulardan gəldi. Sədası gur çıxa bilər, əməli təsiri Azərbaycanın güclü haqqına, yaxud haqlı gücünə dəyib əks effekt verəcək. 

Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədr