Rəhbərliyi 10 noyabrda kapitulyasiya aktı imzalayan Ermənistanın silahlı qüvvələri Azərbayacanla sərhəd ərazilərdə terrorçu təxribatlarını davam etdirir.
Təəssüf Cənubi Qafqazda separatizm ocağını sönməyə qoymayan və daha da alışdıran terrorçu xunta Azərbaycan tərəfinin növbəti dəfə konstruktiv mövqeinə adekvat münasibət göstərməyi bacarmadı.
Azərbaycan xalqı bu gün – 20 mart tarixində Novruz bayramını qeyd etdiyi vaxt saat 02:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub. Məlumatı DSX-nın mətbuat xidməti yayıb. Təxribat nəticəsində kiçik çavuş Manafov Ramin Sübhi oğlu yaralanıb.
28 il erməni işğalında olan torpaqlarını 44 günlük Vətən müharibəsi nəticəsində azad edən, bununla da Cənubi Qafqazda əbədi sülhə nail olmaq mümkünlüyünün əsasını qoyan və bu yolda büdrəmədən addımlayan
Azərbaycana qarşı Ermənistanın terror hücumları səngimək bilmir. Xüsusən də Avropa İttifaqı Ermənistana uzunmüddətli müşahidə missiya göndərəndən sonra rəsmi İrəvan azğınlıq dərəcəsini artırıb. İşğalçı, terrorçu, təxribatçı imici ilə tanınan Ermənistan dövlətini idarə edənlər Aİ-nin bu qərarından eyforiyaya düşərək Azərbaycana qarşı çirkin əməllərinin miqyasını artırıblar. Fevralın 20-də Avropa İttifaqının növbəti missiyası Ermənistanda fəaliyyətə başladı, 21-də erməni silahlı qüvvələri Azərbaycanın Tovuz və Sədərək rayonlarındakı mövqelərini, rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən isə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Kəlbəcər, Şuşa və Xocavənd istiqamətlərindəki mövqelərini atəşə tutdular.
Təxribatlar Aİ-nin kölgəsi altında intensivləşir. Vəziyyət o həddə çatıb ki, martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan silah-sursat, şəxsi heyət, digər hərbi ləvazimatlar daşıyan Ermənistana məxsus avtomobillər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ordumuzun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və iki hərbçimiz şəhid olub.
Bu hadisədən iki gün sonra – martin 7-də Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.
Bunun adı tayı-bərabəri olmayan sırtıq arxayınlıqdır. Aİ-nin uzunmüddətli müşahidə missiyasının Ermənistana gedəcəyi təqdirdə sərhəddə vəziyyətin acınacaqlı hal alacağı, bu qərarın sülh gündəliyinə zərbə vuracağı Azərbaycandan ən yüksək səviyyədə bəyan olunmuşdu.
Xatırlayaq: Ermənistan, Azərbaycan, Avropa İttifaqı və Fransa liderləri arasında 2022-ci ilin oktaybrında Praqada əldə edilmiş razılaşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədi ilə oktyabrın 20-də Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin Monitorinq Missiyası (EUMCAP) yerləşdirildi. O zaman Prezident İlham Əliyev ölkə ərazisində belə bir fəaliyyətə icazə verməsə də, Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə iki ay müddətinə 40 nəfərlik heyətin göndərilməsinə etiraz etməmişdi.
Missiya 2 aylıq nəzərdə tutulmuşdu və müddət dekabrın 19-da tamamlandı. Lakin Fransanın qeyri-adekvat davranışları missiya ilə bağlı çərçivələri pozmağa başladı, daha çox sayda, daha uzun müddətə növbəti missiya göndərilməsi ilə bağlı məsələlər gündəmə gəldi və Azərbaycanın razılığını almadan Ermənistana iki illik missiya göndərmək qərara alındı. Bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellin açıqlamasından məlum oldu.
Hadisəyə qiymət verən Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində belə demişdi: "Növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq".
Azərbaycan Prezidentinin növbəti dəfə də proqnozu özünü tam detalları ilə doğrultdu. Aİ missiyasının çətiri altında gizlənən erməni silahlıları Novruz bayramı günü belə, Azərbaycan tərəfini atəşə tutdular, hərbçilərimizdən yaralanan oldu. sərhəddəki durumu müşahidə altında saxlamaq, bu yöndə hesabtalar hazırlamaq öhdəliyi götürən Aİ müşahidəçiləri güya Ermənstana sülh əldə etmək məqsədi ilə gəlmişdilər. Əksi baş verdi. Hansı ki rəsmi Bakı məhz belə olacağını, ermənilərin missiyanın gəlişindən daha da azğınlaşacağını açıq şəkildə vurğulamışdı.
Davamını xatırlayaq: Avropa Şurasının "Siyasi məsələlər və təhlükəsizlik", "Böhranlı idarəetmə üzrə mülki işlər" komitələri, Avropa İttifaqı səfirlərinin görüşündə elan olunmuşdu ki, Ermənistana göndərilən iki illik missiyanın funksiyası mülki və humanitar xarakter daşıyır. Avropa İttifaqının yaydığı açıqlamada isə deyilirdi ki, missiyada iştirak edən 100 nəfərdən 50-si “silahsız müşahidəçidir”.
Ziddiyyətə baxın: mülki və humanitar missiyanı təmsil edənlərin tən yarısı silahlıdır. Bu barədə erməni mətbuatı da yeni xəbər tutub və ölkə ərazisinə Aİ-nin silahlı təmsilçilərinin yerləşdirilməsindən ictimaiyyətin xəbəri olmayıb. Bu gizli plan sülhə necə xidmət edə bilər?
Cavabı özündə olan sualdır. Bu kimi oyunların qalib tərəfi açıq, şəffaf, səmimi və haqqa söykənən siyasəti ilə həmişə Azərbaycan olub. Cənubi Qafqazda sülhün bərqərar olunmasının alternativi yoxdur. Regionda münaqişəli vəziyyətin daim hökm sürməsinə çalışan qüvvələr unutmasınlar ki, müstəqilliyinin əbədiliyini, dönməzliyini dəfələrlə sübut edən Azərbaycanla təhdid, diqtə dilində danışaraq merkantil maraqları gerçəkləşdirmək mümkün deyil.
Ermənistanın kimlərinsə arxasında gizlənməsi onları xilas etməyəcək, əksinə, erməni xalqının, dövlətinin Azərbaycanın sülhpərvər əməlindən yararlanaraq rifah içərisində yaşayacağı ehtimalını heçə endirə bilər. 30 ilə yaxın müddətdə işğalçının başının altına qoyulan yastıqların qumbaraya çevrildiyni bütün dünya gördü və təsirini təbii ki, daha çox ermənilər və xeyli dərcədə də havadarları yaşadı. Yenə eyni dalğa, yenə eyni koordinat. Müstəvisi isə fərqlidir. İndi yüksəkdə və yüksəklikdə Azərbaycandır. Bu zirvədən hər yer ovuc içi kimi görünür.
Ceyhun Musaoğlu