İnsanlar sadəcə oxunma xatirinə nə gəldi yazırlar – Münasibət

“Vətəndaş jurnalistikası adından göründüyü kimi müsbət xarakterizə olunan məfhumdur. Sadəcə olaraq, vətəndaş jurnalistikasının yaradıcısı Asiya ölkələri deyil, qərb dövlətləridir. Bu davranış tərzi qərbdən gəlib. Bu ifadə xüsusən də sosial şəbəkələrin inkişaf etdiyi dövrə təsadüf edir. "Facebook" yeni yarandığı zaman vətəndaş jurnalistikası da onunla paralel dilimizə gəlməyə başladı. Vətəndaş jurnalistikası o deməkdir ki, hər kəs gördüyünü yaza, eşitdiyini yaya, təqdim edə bilər. Əlbəttə bu müsbət haldır. Amma baxır informasiya necə yayılır. Klassik jurnalistikanın şərtləri, qanunu var. Bu şərtləri pozacağımız təqdirdə mütləq qarşılığını alırıq, ictimai qınağa tuş gəlirik. Amma vətəndaş jurnalistikası bir növ özbaşınadır. Vətəndaş nə istəyir yaza, deyə bilir”.

Bu sözləri SİA-ya açıqlamasındaJurnalsit Ekspert Mərkəzinin sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, artıq hər kəs özünü jurnalist kimi təqdim edir, "Görmüşəm yazıram" düşüncəsi ilə hərəkət edir:

“Hər kəs əlinə bir telefon alıb çəkir, yayır. Amma hər şeyi çəkib yaymaq olarmı? Müəyyən qadağalar var ki, onları yaymaq olmaz. Müharibə jurnalistikasının da özünəməxsus yanaşmaları var. Bilmədən milli təhlükəsizliyimizə xələl gətirən, yaxud təqsirsizlik prezumpsiyasına zidd olan informasiyalar yaya bilirik. Klassik jurnalistikanın tələbləri olduğu üçün jurnalist bilir nəyi necə yaymaq lazımdır. Amma vətəndaşlar bunu bilmir. Ona görə də vətəndaş jurnalistikasının əksinə inkişafı klassik jurnalistikanı kölgə altına almış olur. Hadisənin doğrusunu çatdıranda inanmırlar ki, sosial şəbəkədə belə yazılıb. Axı o jurnalist deyil, o bilmir nəyi yazmaq olar, necə yazmaq olar. Jurnalistin əlaqələri genişdir, hər gün işə gəlir, dövlət orqanları ilə əlaqə saxlayır, işi budur. Amma onun işi o deyil. Vətəndaş sadəcə olaraq eşidir ki, filan yerdə bu hadisə baş verib və tez bu barədə yazır. Yaxud müharibə vaxtı əsassız informasiyalar yayılırdı. Bu da mənfi emosiya ilə qarşılanırdı, dezinformasiyaya yol açırdı”.

C.Musaoğlu sözlərinə davam edərək bildirib ki, bunları nəzərə alaraq vətəndaş jurnalistikasının yaxşı və pis tərəfləri var:

“Çox təəssüf ki, biz onun yaxşı tərəflərindən yararlanmırıq. Sadəcə oxunma xatirinə nə gəldi yazırlar. Biz ciddi jurnalistikanı vətəndaş jurnalistikasına uduzdurmalı deyilik. Vətəndaş jurnalistikasından biz mənbə kimi istifadə edə bilərik. O vətəndaş, biz isə jurnalistik. Hansımız doğrunu yazmağa borcludur? Əlbəttə jurnalist. Ona görə də cəmiyyətimizi maarifləndirmək lazımdır ki, ciddi media orqanlarının yazdıqlarına diqqət çəksinlər. Vətəndaş jurnalistikasının yaxşı və pis tərəfləri var. Biz çalışaq ki, onun yaxşı tərəflərinin qabardılmasında iştirak edək”.

Müəllif: Rəşid Qarayev