Jurnalist Ekspert Mərkəzinə yeni sədr seçildi - Foto

2007-ci ildən fəaliyyət göstərən, müvafiq tələblərə uyğun sənədlərini 2011-ci ildə Ədliyyə Nazirliyinə təqdim edərək dövlət qeydiyyatından keçən Jurnalist Ekspert Mərkəzi İctimai Birliyində sədr dəyişikliyi olub.
Bu barədə JEM-dən verilən məlumatda qeyd olunur ki, təşkilatın təsisçilərindən biri olan və bugünə qədər sədr vəzifəsini icra edən jurnalist Ceyhun Musaoğlu hazırda dövlət orqanında məsul post tutduğuna görə sədr dəyişikliyinin mənəvi baxımdan daha doğru olduğunu əsaslandıraraq İdarə Heyətinin növbəti toplantısında yeni namizədin irəli sürülməsi təklifi ilə çıxış edib.
Təklif qəbul olunub, səsvermə nəticəsində hazırda Missiya Media Qrupunun redaktoru Nurlana Əhmədova yekdilliklə Mərkəzin sədri seçilib. İclasda İdarə Heyətinin tərkibi də yenidən formalaşdırılıb.
Qeyd edək ki, Nurlana Əhmədova 2008-2024-ci illərdə "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində redaktor vəzifəsində çalışıb.

JEM dəyişikliyi müasir çağırışlara cavab verən effektiv fəaliyyətin genişlənməsi məqsədilə həyata keçirildiyini bəyan edərək Mərkəzin, xüsusən jurnalistika sahəsi üzrə xidmət göstərən, "mediaekspert.az" saytının da bu istiqamətdə aktivləşdiriləcəyini açıqlayıb.