Bəzi media orqanlarında "Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi" başlıqlı məlumat dərc olunub. İndiki məqamda belə bir başlıq təbii ki, diqqət çəkir və oxucu həmin yazını açıb oxumaq istəyir. Oxuyanda isə məlum olur ki, həmin "vəzifəli şəxs" Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Hil meşəbəyliyinin meşə gözətçisidir. Əlbəttə işində nöqsana yol verib və tutulub. El dilində desək, vəzifəli şəxs o adama deyilir ki, tabeliyində işçiləri olsun.
Təəssüf ki, məlumatın başlığındakı "vəzifəli şəxs" ifadəsi də bir pozuntudur. Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının "PRİNSİP 1: Həqiqətə xidmət, dəqiqlik və obyektivlik" bəndi pozulub. Həmin prinsipin "1.1 Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır" maddəsinə əməl olunmayıb. Adi meşə gözətçisini vəzifəli şəxs kimi təqdim etmək obyektiv deyil və xəbərin başlığı da manipulyasiya anlamı verir.
Manipulyasiya etmək jurnalistikanın prinsiplərinə ziddir.
Mediaekspert.az







