
Jurnalist Ekspert Mərkəzinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Mətbuat Şurası otağında tələbə jurnalistlərlə görüşüb, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəy ilə ərsəyə gələn "Fövqündə" kitabı tələbələrə hədiyyə olunub. Kitab jurnalistikanın 150 illik tarixinə həsr olunan bədii-sənədli filmin ssenarisidir. Kitabın müəllifi C. Musaoğlu layihə barədə auditoriyaya ətraflı məlumat verib.
Görüşdə Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası İdarə Heyətinin sədr müavini Vüqar Zifəroğlu, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu, Bakı Dövlət Universitetinin Tarix muzeyinin müdiri Günel İsgəndərova iştirak ediblər. Onlar böyük təcrübəyə malik olan jurnalistlərlə fakültədə keçirilən görüşlərin əhəmiyyətindən söz açıblar. Bu tədbirin də effektli nəticələr verəcəyinə əminliklərini bildiriblər.
JEM sədri Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının prinsiplərinə əməl etməyin vacibliyindən söz açıb və bildirib ki, əsl jurnalist olmaq üçün öncə mütaliə mədəniyyətinə sahiblənmək, ustadların tövsiyələrinə əməl etmək, sənətinə sevgi ilə yanaşmaq, jurnalistikanın müqəddəs peşə olduğunu dərk etmək əsas amillərdəndir.
Görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb.

