Fransa mediasının AZƏRTAC-ın əməkdaşlarına qarşı davranışı cinayət tərkiblidir

Jurnalist Ekspert Mərkəzi Fransa mediasının 12 dekabr tarixində tirajladığı Azərbaycan əleyhinə kampaniya xarakterli yazıların beynəlxalq jurnalistika adına ləkə olduğunu əks etdirən bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşlarına qarşı Fransa mediasında yayılan yazılarda beynəlxalq jurnalistika prinsiplərinin tələbləri ciddi şəkildə pozulub. Bu pozuntular məhkəmə predimeti yaradacaq səviyyədədir:

“Fransız jurnalistlər absurd davranış sərgiləyərək AZƏRTAC-ın iki əməkdaşına ağır böhtanlar ünvanlayıblar. Dekabrın 3-də Fransanın müstəmləkəsi olan Yeni Kaledoniyaya ezam olunmuş azərbaycanlı jurnalistlərdən birinin bütün vacib sənədləri qaydasında olmasına baxmayaraq ölkəyə buraxılmaması, bir sutka polis nəzarətində saxlanıldıqdan sonra ölkədən çıxarılması Azərbaycan ictimaiyyətinin, o cümlədən media camesinin haqlı narazılığına səbəb olmuşdu. Yerli polisin jurnalistlərə qarşı kobud, qəddar rəftarı, onların hüquqlarının vəhşicəsinə pozulması, rəsmi Parisin antidemokratik davranışı, bunun nəticəsində Azərbaycan mediasının Prezident Emmanuel Makronu üzr istəməyə çağırması qarşı tərəfi böhtana bürünərək hay-həşir salmağa məcbur edib. 

AZƏRTAC-ın əməkdaşlarına şər atan Fransız mediası onları “casus” adlandırıb. İddia edib ki, Silahlı Qüvvələr naziri Sebastien Lekornunun  Yeni Kaledoniyaya səfəri zamanı guya azərbaycanlı jurnalistər sabitliyi pozmağı planlaşdırıblar. Yalanlarını daha da şişirdən fransızlar polisin azərbacanlı jurnalistlərə təmkinlə davrandığını söyləyiblər. Halbuki jurnalistimizə qarşı qəddar münasibəti Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Daniel Qoa da açıqlamasında pisləyib. O, azərbaycanlı jurnalistə yazdığı məktubda bildirib: “Numeaya səfəriniz zamanı məruz qaldığınız ayrı-seçkiliklə əlaqədar Sizə tam dəstəyimi ifadə etmək istəyirəm. Biz bir daha müstəmləkə hökmranlığı altında olan xalqlarla bağlı məlumatların yayılmasına qarşı həqiqətən ifrat müstəmləkəçi münasibətinin şahidi olduq”.

Fransa mediasının Azərbaycan jurnalistləri haqqında  “casus” və “sabitliyi pozmağa cəhd” ittihamı irəli sürməsi beynəlxalq jurnalistika standartları ilə təsbit olunan şərəf və ləyaqətin təhqiri, peşə fəaliyyətini aşağılamaq, nüfuza zərbə, böhtan anlamındadır,  cinayət tərkibi yaradır.  
Bu ittihamların arxasında fakt yoxdur, dəqiqləşdirilməyib, qarşı tərəfin Yeni Kaledoniyada hansı münasibətlə üzləşdiyi öyərənilməyb. 

Fransa mediası prinsiplərə zidd mövqeyilə hər ötən gün özünü bir daha rəzil duruma salır”.

Mediaekspert.az