Hələ də bu
fikirdəyəm: Qarabağın işğaldan azad olunması informasiyasının özündə daşıdığı
enerjini beynimizin bütün nöqtələri ilə hiss etsək, cismin tab gətirəcəyinə
inanmıram.
Bəlkə Vətəni
daha çox sevirəm, ona görə bu fikirdəyəm. Əslindəsə belə deyil. Vətəni az sevmək
mümkünsüzdür. Onun uğurunda canından da keçirsənsə Vətən elə Allahındır. Kainatın
bir Allahı var. Vətənsə hər kəsin öz tanrısıdır.
Əlbəttə, doğulduğu
yurdu sevməyənlər ola bilər, onlara da Abbas Səhhət insan demədi, dedisə də “o
şəxsdə vicdan olmaz” dedi.
Biz elə
bir möhtəşəm dövrün şahidi və bu dövrdəki hadisələrin iştirakçısı, səbəbkarıyıq
ki, daha bir də bu qədər xoşbəxt olacağımız hansısa dövrün yetişəcəyinə inanmaq
olmur. Şuşadan böyük Şuşamı var? İtirlməsi də bizim nəslin çiynində qaldı,
tapılması da. Hər ilin bu ayı, bu günü qan ağlayırdıq. Şuşa 1992-ci il siyasi hərc-mərcliyinin
qurbanı olmuşdu. Şərt o deyil ki, torpağı satasan, gizlində düşmənlə sövdələşmə
imzalayasan... Fakt Şuşa işağla məruz qaldımı? Hakimiyyətdə olanların kreslo
davasında Şuşa pəyandaza çevrildi. Vəzifə hərisliyi cavabdehləri yurd qeyrətindən
uzaq saldı. Cəbhədə cəngavərlər vuruşurdu. Necə mühasirəyə düşdülər, necə geri
döndülər, necə əsir alındılar, necə pərən-pərən qaldlar, heç özləri də
anlamadı, hələ də “biz ki, çox güclüydük” – deyə-deyə qalıblar.
Təsəvvür edin
ki, onda torpaqlar AXC hakimiyyətinin hakimiyyətsizliyinin güdazına getməsəydi,
indi Azərbaycan 30 il öndə idi, cəmiyyət 30 il qabağa düşmüşdü. Çox təəssüf belə
amansız zərbə endirənlər bu gün Şuşanı işğaldan azad edənlərdə səhv axtarırlar.
Absurdun tam özüdür.
Məğlubiyyətin
baniləri 8 may kimi rəzil tarixi 9 noyabr kimi möhtəşəm tarixlə əvəzləyənlərə məhz
bu mövzuda əgər hansısa mənfi xarakterli söz tapıb deyirlərsə, deməli, insan
davranışından xalidirlər. Ancaq robotlar düşünmədən, xüsusi proqram əsasında
danışarlar.
Qalibiyyət
müharibəsindən iki il keçib. Qarabağın rus sülhməramlılarının nəzarətində olan
Azərbaycan torpaqlarında artıq keçid buraxılış məntəqələri qurulur. Ermənilər
ölkəmin ərazisində bizim qanunlara tabe olmaqdadırlar.
Əgər bu
hadisələr baş verməmişdən öncə kimsə belə olacağını söyləsəydi, onu populizmdə
qınayardıq. Daha doğrusu müdhiş 1992-ci ilin hakimiyyət nümayəndələri
qınayardı. Ulu Öndərin işğaldakı rayonların adını çəkərək, “Biz Qarabağa
qayıdacağıq, mütləq qayıdacağıq” fikrini o qədər qəribçiliyə salıblar ki.
Siyasət həm
də uzağı görmə sənətidir. “Mən 17 ildir, bu günü gözləyirdim” deyən İlham
Əliyevin, “Biz o yurdlara mütləq qayıdacağıq” əminliyinin müəllifi Heydər
Əliyevin siyasi uzaqgörənliyi ilə 92-ci il məğlublarını müqayisə etmək çox
gülünc olardı.
Bitdi. Dünən
yoxdur, bu gün olmayacaq, sabah həmişə var Şuşa həmişə bizim olaraq qalacaq.
Sadəcə tarix yatmır və qocalmır. Tarix Şuşanı verənlərlə Şuşanı alanlar
arasıındakı fərqi qızıl hərflərlə azərbaycanlının ürəyinə yazıb. Şuşa azad olub, ürəyimiz köksünə qayıdıb.
Yurd yerlərimizdə
işğalın izləri də təmizlənir. Cəhənnəmə çevrilən Qarabağda cənnət qurulur,
adamlar yurdlarına dönürlər. Şuşa Azərbaycana qucaq açıb.
Müqəddəs rəqəmlər
sırasında 9-da var, amma 8 yoxdur. Olmadı da. Biz müqəddəs günə qovuşduq.
Ceyhun Musaoğlu