Bu gün Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı-ABŞ görüşündən Azərbaycan, Türkiyə və Rusiya ona görə narahatdır ki, Cənubi Qafqazda yarana biləcək sülhün əleyhinədir. Ermənistan Qərbin forpostuna çevrilir. 30 il yaşanan fəlakətin yenidən təkrarlanmasına çalışan Qərb son dərəcə təhlükəli mövqeyi ilə bütün region ölkələrini təhdid altında saxlamaq planını işə salıb.
Hətta İtaliya Ermənistanı maşaya çevirənlərə etiraz etdiyi halda, İran susqunluğu ilə regionda qurulan çirkin oyunlara dəstək vermiş olur.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və ABŞ-ın dövlət katibi Blinkenin Prezident İlham Əliyevlə telefon danışığı zamanı ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünün rəsmi Bakının əleyhinə olmadığını izah etməyə çalışmaları da səmimi görünmür. Onlar işğalçılığı dəstəklədikləri halda dəfələrlə bunun əksini söyləyiblər.
Bu zəng Azərbaycanın haqlı mövqeyilə hesablaşmaq anlamına gəlir, ölkə başçısının qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisi kimi dəyərləndirilir. Sadəcə Qərbin əməldə çoxüzlü davranış sərgiləməsi halları ilə az qarşılaşmamışıq və ağır fəsadlar törətdiyinin dəfələrlə şahidi olmuşuq.
İlham Əliyev Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə bu gün keçirdiyi görüşdə Qərbin anormal davranışını Azərbaycanın Qarabağı işğaldan tam azad etməsi, antiterror tədbirləri nəticəsində suverenliyinin bərpası ilə əlaqələndirib.
Hansı ölkə ərazisinin işğalda qalmasına razılıq verib? Belə fakt yoxdur. Bəs Azərbaycan niyə ərazilərinin işğalı ilə barışmalıydı? Müharibə bitib, Cənubi Qafqaz özünə gəlməyə başlayıb. Qərb regionda itirdiyi nüfuzunu yeni müharibə ilə bərpa etmək istəyirsə, əlbəttə acı aqibətlə üzləşəcək və belə vəziyyət bütün dünyanın ziyanınadır.
Ceyhun Musaoğlu