Azərbaycanla Özbəkistanın birgə ali strateji hədəfi nümunəvi səviyyədə – Prezidentlərin nəzarətinin nəticəsi - Fotolar + Video

Avqustun 22-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və  xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıb.


Xatırladaq ki, İlham Əliyev iyunun 21-də Özbəkistana dövlət səfəri zamanı həmkarı Şavkat Mirziyoyevi ölkəmizə dövlət səfərinə dəvət etmişdi. İyunun 9-da Özbəkistanda keçirilən Prezident seçkisində qalib gələn Şavkat Mirziyoyevin seçiləndən sonra səfərə gəldiyi ilk ölkə Azərbaycandır.

  

Səfər çərçivəsində İlham Əliyevin Şavkat Mirziyoyev, Mehriban Əliyevanın Ziroatxon Mrziyoyeva ilə təkbətək görüşü olub.


Azərbaycan Prezidentinin Özbəkistan Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə prezidentlər nitq söyləyiblər. 


İki ölkə arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədrləri qarşılıqlı fəaliyyətin əksini tapan məruzələrini təqdim ediblər. Dövlət başçıları əlavə tapşırıqlar veriblər.


Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Səfər çərçivəsində ümumilikdə 20 sənəd imzalanıb.


Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.


“Gülüstan” sarayında İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın şərəfinə dövlət ziyafəti verilib. Təşkil olunan konsertdə Azərbaycan və Özbəkistan musiqilərindən nümunələr səsləndirilib.


Özbəkistan Prezidenti və xanımı avqustun 23-də Füzuli rayonuna gəlib, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib, şəhərin Baş planı ilə tanış olublar.


İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər.


Səfər qrafikinə nəzər salmaqla iki türk ölkəsinin dostluq və qardaşlıq münasibətlərinin yüksək həddə çatdığı aydın görünür. Prezidentilərin salamlama çıxışları, birgə bəyanatları, imzalanan sənədlərin mahiyyəti türk dünyasında xüsusi nüfuza və rola malik Azərbaycanın türkdilli dövlətlərə, Mərkəzi Asiya ölkələrinə, bu xüsusda Özbəkistana verdiyi böyük önəmin faktlarla təsdiqidir. O cümlədən türk ölkələri də Azərbaycanla əlaqələrini bütün sferalar üzrə genişləndirməkdədir.


Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev Şavkat Mirziyoyevin seçkidəki inamlı qələbəsindən  sonra lk səfərini ölkəmizə etməsini qardaşlıq, dostluq, Azərbaycana hörmət əlaməti kimi qiymətləndirib.


İlham Əliyevin salamlama çıxışının ümumi mənzərəsi:


- Ölkələrimizi qədim tarix birləşdirir; Bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir;  Dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb; Özbəkistan Mərkəzi Asiya regionunun güclü sənaye dövlətinə çevrilib; Dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyət var, onlar prezidentlərdən yaxşı nümunə götürürlər; Prezidentlər bütün qərarların yerinə yetirilməsinə uğurla nəzarət edir.


Şavkat Mirziyoyevin salamlama çıxışının ümumi mənzərəsi:


- Mehriban, dostcasına və qardaşcasına qəbul; İlk səfərin səbəbi odur ki,  Özbəkistanın Azərbaycana münasibəti tamam başqa səviyyəyə yüksəlib, bu, hər yerdə hamı tərəfindən qəbul edilir; Strateji tərəfdaşlığın dərinləşdirilmiş həmin vektoru öz real bəhrələrini verir, həm Azərbaycan, həm də Özbəkistan xalqları bunu görür; Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşılır; Azərbaycanın və Özbəkistanın həyatın çətin anlarında qarşıya qoyulan hədəflərə çatması, rəhbərliyin bir-birini başa düşməsi, çox şey əldə etməsi üçün Heydər Əlirza oğlu uzun illər əlindən gələni edib.


Görüşdə Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, metallurgiya, əczaçılıq, daşımalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirəyə çıxarılıb. Xüsusilə Azərbaycan ilə Özbəkistan arasında birbaşa aviareyslərin artmasından məmnunluq ifadə olunub, həftədə 15 reysin həyata keçirildiyi bildirilib. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq məsələləri müzakirə edilib. Qoşulmama Hərəkatına sədrliyin Özbəkistana verilməsi barədə qərarın Bakıda qəbul olunduğu vurğulanıb.


Azərbaycanın türk dövlətlərinə qardaşlıq münasibətinin təməli mənəviyyata söykənən möhkəm dayaqlar üzərində qurulub. Bu münasibət qarşılıqlı maraqdan öncə genetik hisslərə söykənir, tarixi bağlılıqlara dayanır. Eyni kökə malik olmalarına baxmayaraq,  etiraf edək ki, türkdilli ölkələr arasında bir dönəm sərin münsibətlər yaşanırdı. Prezident İlham Əliyevin Mərkəzi Asiya respublikalarına səfərləri, ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyəti, beynəlxalq tədbirlərdə türkdilli ölkələrin açıq-aydın müdafiəsinə qalxması, Azərbaycanın Türk Dövlətlətləri Təşkilatının inkişafındakı rolu, TDT-nin infrastruktur bölmələrinin yaradılması isiqamətində atdığı önəmli addımlar tarixin qızıl səhifələridir.  


Nəticə göz qabağındadır: Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni imzalayıblar.


Hər iki ölkənin nazirləri, dövlət rəsmləri arasında protokollar, sazişlər, memorandumlar, yol xəritələri imzalanıb.  20 sənəd 20 sahəni əhatə edir. Bu sahələr özündə ölkələrin siyasi, iqtisadi, mədəni, təhlükəsizlik istiqamətlərini birləşdirir. Qardaşlıq bir-birinə sözün ən yaxşı mənalarında mənfəət verməkdir. Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələr, ticarət dövriyyəsi 1 milyard dollara qədər yüksəldiləcək. 


İki türk ölkəsinin vahid düşüncə müstəvisində birliyi onların xalqlarını və dövlətlərini ali hədəflərə doğru aparacaq gücə, əzmə, qüdrətə malikdir. Bu gerçəyi prezidentlərin  mətbuata birgə bəyanatlarında səsləndirdiyi fikirlər özündə daha dəqiq təcəssüm etdirir.


Prezident İlham Əliyevin bəyanatının ümumi mənzərəsi:


- Özbəkistanda həyata keçirilən böyük dəyişikliklər onu təsdiqləyir ki, Şavkat Mirziyoyevin seçkilərdə qələbəsi tamamilə qanunauyğundur və qardaş Özbəkistan xalqı ən düzgün seçimi edib.

- Özbəkistan Prezidentinin ilk dövlət səfəri çərçivsində Azərbaycana gəlməsi ölkəmiz üçün böyük şərəfdir.

- Görüşlər və danışıqlar çərçivəsində münasibətlərin inkişafının gələcəyi müəyyən olundu. Nəticələr hər iki iki ölkənin qarşlıqlı mənada düzgün yolda olduğunu göstərir.

- Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.

- Enerji şirkətləri sıx qarşılıqlı fəaliyyətdədir. Nəqliyyat-logistika sahəsində yük axınının artması, əməkdaşlıq potensialının genişlənməsi müşahidə olunur.

- Ölkələrin mədəniyyət günləri mütəmadi keçirilsin. Qarşılıqlı fəaliyyətia təməlini məhz nəhəng mədəni zəmin təşkil edir.

- Bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.

- Özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan Füzuli 1 nömrəli tam orta məktəbi təhsil sarayıdır, dost və qardaşlığımızın daha bir mərkəzidir.

- Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər.

- 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu bu məbləği çox sürətlə sərf edəcək və tərəflər onu artırmalı olacaqlar.

- Prezidentlər bütün tapşırıqların icrasına mütəmadi rejimdə nəzarət edirlər. Bu, uğurun əsas şərtlərindən biridir.

- Azərbaycan Prezidenti ilin sonunadək Özbəkistana getməyi planlaşdırır.

 

Prezident Şavkat Mirziyoyevin bəyanatının ümumi mənzərəsi

 

- Azərbaycan Özbəkistan üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir

- Özbəkistanın xarici siyasət vektoru iki ölkə arasındakı proqramı praktiki olaraq zənginləşdirməyə istiqamətlənib.

- Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumilikdə son illər ərzində bütün sahələrdə uğurlarını izləyir və qürur duyurlar.

- Bugünkü çox ciddi çağırışlara ümumi baxış ortaq məxrəcə gəlməyə imkan verir ki, iqtisadiyyatlarımız, xalqlarımız, həmçinin regionlarımız bu çağırışlardan ən az itki ilə çıxsın.

- Bizdə hər bir istiqamət üzrə çox yaxşı perspektivlər mövcuddur.

- Özbəksitan nəqliyyat sahəsi üzrə istiqamətini ən yaxın ölkə olan Azərbaycanla müəyyən edir və bunu yeganə düzgün qərar olaraq dəyərləndirir.

- Ali Dövlətlərarası Şura ən yüksək etimad səviyyəsinin göstəricisi və razılığa gəlinən strateji istiqamətlərin zirvə ucalığında davamıdır.

- Olduqca çox əlavə məsələlər üzrə qeyri-standart qərarlar qəbul olundu və bu qərarlar planların reallaşmasının sürətlənməsinə kömək edəcək.

- Özbəkistan Mədəniyyəti Günlərində iştirak edən 200-dən çox nümayəndə Azərbaycanın İlham Heydər oğlunun rəhbərliyi ilə son illər ərzində necə inkişaf etdiyini, hansı problemlərin həllini tapdığını, nə qədər çox ortaq dəyərlərə, tarixi köklərə malik olduğumuzu əyani gördü.

- İki ölkə arasında il ərzində mədəniyyət mübadiləsi olacaq. Mədəniyyət sahəsində bu şəkildə əlaqə Özbəkistan üçün ilkdir.

- Həftədə mövcud olan 15 reysin artırılması zərurəti yaranıb. Bir-birimizə daha çox gedib-gəldikcə tanıyırıq, öyrənirik, görüşürük, yaxınlaşırıq.

- Şavkat Mirziyoyev İlham Əliyevlə eyni dalğada olmaqdan məmnunluq duyur.

- Qaşlıqlı fəaliyyətin həyata keçməsinə prezidentlərin nəzarət etməsinin böyük faydası olub.

- Bir müddət keçəcək eyni köklərə malik Azərbaycan və Özbəkistanın prezidentləri ortaq dildə danışacaqlar, tərcüməçiyə ehtiyac olmayacaq.

- Şavkat Mirziyoyev Zirvə toplantılarında özbək dilində çıxış edəndə İlham Əliyevin həmkarına onu tam başa düşdüyünü deməsini Özbəkistan Prezidenti çox yüksək dəyər kimi qiymətləndirir, bu dəyəri bilməli, qiymətləndirməli, sevməli və təbliğ etməliyik deyir.


Azərbaycanla Özbəkistanı bir-birinə ayrılmaz tellər bağlayır. Heç bir məkrli qüvvə iki qardaş, dost ölkənin münasibətlərini iblisvari variantlarla zərbə altına qoya bilməz. 1918-ci ildə ermənilərin Fərqanədə törətdiyi cinayətlər, 1980-ci illərdə Qdlyan komissiyasının çirkin əməlləri tarixin lənətlənmiş səhifələridir. Bir vaxtlar Azərbaycana və Özbəkistana qarşı planlı ayrıseçkilik kampaniyası daha heç vaxt təkrarlanmayacaq. Çiyinlərini dağ kimi bir-birinə söykəyən türk ölkələri nöqtə boyda təhlükəyə anındaca adekvat və təsirli cavab vermək gücündədir.

 

Jurnalist Ekspert Mərkəzi

 

 



 















Ali qonağa və xanımına məlumat verilib ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir.

Şuşa ilə tanışlıq qonaqlarda dərin təəssürat doğurub.