BMT Təhlükəsizlik Şurasının Fransanın təşəbbüsü ilə keçirilən Qarabağa həsr olunmuş iclası, bütün siyasi proqnozlarda deyildiyi kimi, nəticəsiz başa çatdı.
Bu dəfə də qərəzli, yalançı, böhtanı özlərinə çətir tutan qüvvələr, onların himayadarları olan bəzi avropalı siyasətçilər vaxt itkisi yaşadılar, atdıqları daş bumeranq effekti verdi. Azərbaycana dost olan ölkələrin iclasdakı nümayəndələrinin qeyri-rəsmi olaraq xaricdəki həmkarlarımıza verdikləri məlumata görə, Almaniyanın, Fransanın toplantıdakı təmsilçiləri, o cümlədən Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel salonu ağsaya-ağsaya tərk edib.
Borrel digər əqidədaşlarına nisbətən hər iki ayağını çəkirmiş, sürüyürmüş demək daha doğru olar. Görünür, o bumeranqı daha hirslə tolazlayıb, qayıdanda da eyni sürətlə topuqlarına çırpılıb. Nyutondan xəbəriz siyasətçilər, təsirin əks təsirə bərabər olduğunu bilməyəcək qədər avamdırlar.
APA-nın yaydığı rəsmi açıqlamaya diqqət çəkək: BMT Təhlükəsizlik Şurasının iclası Ermənistanın və havadarlarının gözləntilərinin əksinə olaraq heç bir sənəd qəbul olunmadan başa çatıb. Toplantıda iştirak edən ölkə təmsilçiləri deklarativ çıxışlarla kifayətləniblər. Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın haqlı mövqeyini fakt və sübutlarla iclas iştirakçılarının diqqətinə çatdırıb.
Cozep Borrelin Qarabağda antiterror tədbirləri ilə bağlı Azərbaycan əleyhinə qərəzli bəyanatı ilkin olaraq Aİ-nin bütün 27 ölkəsinin birgə bəyanatı olmalı idi. Macarıstan Avropa İttifaqının Qarabağdakı vəziyyətlə bağlı ümumi bəyanatını bloklayıb. Trend yazır ki, bu barədə Avropa diplomatik mənbələri məlumat yayıb.
Bu həmin Borreldir ki, ötən ilin oktyabrında sərsəm açıqlaması ilə özünü gülünc vəziyyətə salmışdı. Azərbaycanın sülh gündəliyinə uyğun olaraq, Qarabağdakı terrorçu ermənilərin qeyri-qanunu silahlanmasının, törətdikləri təxribatların qarşısını almaq məqsədilə öz ərazisində “Laçın” buraxılış keçid məntəqəsi qurması kimi, mübarək hadisəni belə şərh etmişdi: “Azərbaycan Ermənistanın ərazilərini işğal edib”. Üzürlü sayın, yeri gəlib gərək yazım: Heç bir normal adam belə ifadə işlətməzdi ki, cənabsız Borrel işlədib.
Son iclasda da Azərbaycanın Qarabağda cəmi 24 saat ərzində həyata keçirdiyi anti-terror tədbirlərinə kəlləmayallaq münasibət bildirib. Onun söylədiklərini tirajlamaq dəlini ciddiyə almağa bənzəyər deyə, ümumi şəkildə söyələyək ki, Cozep bəy erməni terrorçularına haqq qazandırıb. Atalarımızın sözüdür: “Kül başına ay Araz üstündən təzək axır”. Yazıq Avropa İttifaqı, gör Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndən kimdir. Nəticə həmişə adekvat olur. Avropanın təhlükəsizliyi təhlükəli həddə çatıb.
BMT TŞ-nın rəsmi saytında iclasdakı vəziyyətə dair yerləşdirilən rəsmi məlumat da jurnalistika və siyasət prizmasından çox səviyyəsizdir. Əlbəttə “Dağlıq Qarabağ” ifadəsi dünyanı mədəsi boyda bilən xarici siyasətçilərin dilində yaraya çevrilib. Ağzlarını açan kimi eybəcər şəkildə görünür. Rəsmi məlumatda bu yara sətirlərdən boylanır.
Əslində BMT Baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə köməkçisi Miroslav Yença obyektiv olmağa çalışıb, bir istisan ilə: Qarabağ iqtisadi rayonunun adını düz deməyib, “Dağlıq Qarabağ” yarası onun da dilinə hakim kəsilibmiş. Fikirləri isə tərəfsiz təsir bağışlayıb.
Deyib ki, sentyabrın 19-da Azərbaycan iki mülki vətəndaşın və dörd polis əməkdaşının faciəvi ölümünə cavab olaraq Qarabağda antiterror tədbirlərinə başlayıb. Antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədi daşıyır.
Onun sözlərinə görə, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq Ermənistan və Azərbaycanın normallaşma prosesində tam iştirak etməsi irəliyə doğru yeganə davamlı yoldur.
Bu təqdimatdan sonra Ermənistan nümayəndəsinin “döyüşlər bərpa olunduqdan sonra” BMT-nin Qarabağa (O “Dağlıq Qarabağ deyib” – C.M) sülhməramlı missiya göndərməyə çağırması ritorik və genetik həyasızlığın təzahürüdür. Hələ də anlamır ki, təxminən 200 ildir erməni xalqını məhz belə həyasızlığa qurban veriblər. Söylədiyi “döyüşlər bərpa olunduqdan sonra” yalanı isə redaktəyə məruz qalmağa amadədir. Döyüşlər bərpa olunmayıb, Azərbaycanın ərazisinə soxulan terrorçu xuntaya qarşı terror əleyihə tədbirlər aparılıb, cəmi 24 saatlıq. Niyə əməliyyat yox, tədbirlər? Bu barədə növbəti yazını ermənicə yazmağa görünür ehtiyac olacaq. Qanan qanmaza bir ömür borcludur.
Toplantıda Ermənistan Bakını atəşkəsi pozmaqda və dinc sakinləri öldürməkdə ittiham edib. Baş nazir Nikol Paşinyan xalqa açıqlamasında bəyan edir ki, anti-teror tədbirləri zamanı dinc sakin həlak olmayıb, onun rəhbərliyinə tabe məmur əksini söyləyir. Həqiqətən Ermənistan kolxozdur, dövlət deyil.
İclasda vəziyyəti dialoq yolu ilə həll etməyə çağıran ölkələr də olub, bizlərdə belələri barədə deyərlər: “Fil qulağında yatıblar”. Azərbaycan dialoqun tərəfdarı olan əsas ölkədir, elə 24 saatlıq tədbirin də məqsədi ərzimizdəki erməni sakinlərini dialoqdan başqa yolun olmadığına inandırmaqdır. Rəsmi Bakı bütövlükdə Cənubi Qafqaza sülh gətirməyə xidmət edən məqsədinə çatıb və çatmaqdadır. Yevlaxda görüşdən iki dəfə imtina edən erməni icması lokal anti-terror tədbirlərindən sonra Yevlaxa nümayəndə göndərdi də, o nümayəndələr Azərbaycandan xahiş etdilər də.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasını xatırlayaq: “Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib”.
Bu gün səhər Qarabağda yaşayan erməniəsilli Azərbacan vətəndaşlarına istədikləri humanitar yardım əlavələrlə bola-bol göndərildi. Həm də Ağdam-Xankəndi yolu ilə. O yol ki, ermənilər açılmasın deyə, daş atıb başlarını tuturdular.
Azərbaycan dəfələrlə bəyan edib: Qarabağ iqtisadi rayonunda bütün regionu zərbə altında saxlayan terror xarakterli ziyanlı prosesləri tənzimləmək onun daxili işidir və bu işdə kimsənin köməyinə ehtiyacı yoxdur, BMT, ATƏT, Avropa İttifaqı və bu sinfə daxil olan hələlik ibtidai-yabanı bitkilər qədər də regiona xeyir verməyən təşkilatların monitorinq-filan adı altında ərazilərimizə daxil olmaları artıqdır, özlərini, sözlərini yormasınlar. Avropanın o qədər ehtiyacı olan nəsnələr var, gedib o problemlərin həlli ilə məşğul olsunlar, nə kömək lazımdır, Azərbaycan sol əlini uzada bilər. Sağ əl daha çox özümüzə gərəkdir.
Yaddaş üçün: Antiterror tədbirləri 44 günlük müharibədən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etmişdi, 24 saatlıq antiterror tədbirləri nəticəsindəsə bütün ərazilərdə suverenlik tam bərpa olundu. Azərbaycan qarşıya qoyulan bütün hədəflərə çatdı, kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü. Bütövlükdə Qarabağ ərazisində Azərbaycan qanunları və siyasi hakimiyyəti təmin olunmaqdadır. Prezident İlham Əliyevin “nəyi, necə, nə vaxt etmək lazımdır, biz bunu bilirik” fikri ölkənin dünyanın bütün nöqtələrindən aydın görünən xalq mayakıdır.
30 illik işğala 44 günə son qoymaq dünya hərb tarixinə nümunə olduği kimi, 24 saat ərzində keçirilən xüsusi tədbirlərlə Qarabağ ərazisindəki erməni terrorçularının xuntasını əbədi məhv etmək, anti-terror koalisiyasına üzv olan o yekə dövlətlərə ustad dərsidir. Səni bizə, bizi sənə bəxş edən kainata şükr Azərbaycan.
Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri