Büdcə artır, borc azalır, yeraltı sərvət çoxalır – Siyasətin mərkəzində Azərbaycan vətəndaşıdır

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iyulun 11-də keçirilən müşavirədə ölkə iqtisadiyyatının vəziyyətinə dair gerçəklik məlum oldu.

Ölkə başçısı qeyri-neft sənayesinin 6,5 faiz, və qeyri-neft sektorunun, ümumiyyətlə, 3 faizdən çox artıdığını vurğulayıb: "Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, bir daha demək istəyirəm ki, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq”.

Ölkə başçısı müşavirədə “Dürüstləşmə” ifadəsi işlədib. Çox dəqiq ifadədir. Nəticədə büdcəyə 3 milyard manatdan çox vəsait əlavə olunub. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətlənib, 1,1 milyard manat isə hərbi potensialın güclənməsinə: "Ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir”.

Ölkənin xarici dövlət borcunun vəziyyəti də xoş xəbər xarakterlidir. Prezident dövlətin bir neçə il öncə qarşıya qoyduğu hədəfə çatdığını söyləyib. Hədəf bu idi: xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olsun: “Biz artıq bu hədəfə də çatdıq. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir. Əlbəttə ki, ümumi daxili məhsulumuzun son rəqəmləri ilin sonunda hesablanacaq. Ancaq indi də proqnoz vermək mümkündür. Birinci altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil etmişdir. Müsbət məqamlardan biri və bu da xüsusilə qeyd olunmalıdır. Çünki bir çox ölkələrdə, hətta ölkələrin əksəriyyətində biz tamamilə başqa mənzərə görürük. Amma bizdə xarici ticarət balansımızın müsbət - yəni, profisiti çox böyük səviyyədədir. Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır. Əgər bu templər qorunsa, təsəvvür edin, biz ilin sonuna qədər hansı rəqəmlərə çatacağıq. Təbii ki, bunun birbaşa təsiri makroiqtisadi sabitliyin təmin edilməsinədir. Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Yəni, bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir”.

Siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığına diqqət çəkən ölkə başçısı sıçrayışın ilin sonuna qədər daha da artacağını bəyan edib.

Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin olunacaq. Ölkə başçısı bütün işlərin Azərbaycan hesabına həyata keçirildiyini vurğulayıb.

Həqiqətən tarixdə oxşarı olmayan model qurulub. 30 illik işğala təkbaşına 44 gün ərzində son qoyulur, azad olunan ərazilərdən minalar təkbaşına təmizlənir, dövlət milyardlarla vəsaiti təkbaşına əldə edir, bütün qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə qurur. Müqayisə üçün ikinci belə bir ölkə göstərmək mümkünsüzdür.

Azərbaycanın iqtisadiyyat tarixində daha bir ilk yaşanıb. Prezident bildirib ki, ölkə öz nəqliyyat imkanları hüdudlarından kənara da çıxa bilib: “İlk növbədə, Qara dənizdə. Üç böyük tanker alınmışdır, hərəsi 115 min tonluq. Bu, ilk dəfədir Azərbaycan tarixində, mənim göstərişimlə həll olunub. Tankerlərə də “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib. Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Biz onsuz da var idik. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir. Lazım olarsa, onların sayını biz artıra bilərik”.

İlham Əliyev Xəzərdəki gəmiqayırma imkanlarına yenidən baxılmasının vacibliyinə diqqət çəkib. Bəyan edib ki, qonşu ölkələrdən sifarişlər gəlir: “Bizim gəmiqayırma zavodumuz mövcud daşıma imkanlarımıza hesablanmışdır. Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. Beləliklə, istisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik”.

Bu kimi uğurun səbəbi nədir? Prezident aydınlıq gətirib. Azərbaycan hər şeyi vaxtında edir. Növbəti dəlil şərait yaranan andan “yaşıl enerji” sektoruna istiqamət verməyimizdir.  Artıq Avropa Azərbaycandan hətta xahişlə enerji almaq istəyir.

Daha bir uğurlu hadisə “Abşeron” qaz-kondensat yatağından çıxarılan ilkin qazın həcmi ilə bağlıdır. Dövlət başçısı vəziyyəti çox əhəmiyyətli hadisə olaraq dəyərləndirib: “Bu günə qədər bizim ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün bizim artıq iki böyük qaz-kondensat yatağımız var. “Abşeron” qaz yatağı ilə bağlı bizim ümidlərimiz böyük idi. Bilirdik ki, “Abşeron” qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. Əlbəttə, “Şahdəniz” qaz yatağından “Abşeron” yatağı ehtiyat nöqteyi-nəzərindən daha kiçikdir, ilkin hesablamalara görə təqribən üç yüz milyard kubmetrdir. Amma mən tam əminəm ki, daha çox olacaq. İndidən demək, əlbəttə ki, düzgün deyil. Ona görə bu, bizim həm enerji təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin edəcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq - təkcə “Şahdəniz” yatağı hesabına deyil, o cümlədən “Abşeron” yatağı hesabına. “Abşeron”un birinci fazası artıq icra edilir və yəqin ki, SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlamalıdır. Yenə də deyirəm, biz gözləyirdik ki, kəşfiyyat olacaq, amma sözün düzü, bu qədər gözəl nəticələri gözləmirdik. Bu, çox gözəl bir xoş xəbər oldu və Azərbaycanın enerji potensialına kölgə salmağa çalışan bəzi dırnaqarası ekspertlərə də çox yaxşı, tutarlı cavab olmuşdur. Ona görə bundan sonra bizim qaz ixrac planlarımız daha tez bir zamanda və daha böyük həcmdə təmin ediləcək”.

Yetər ki, istə və istəyi heç bir hissə qapılmadan xalqın rifahı istiqamətində yönəlt. Onda möcüzələr baş verir, nəticələr bu qədər gözəl olur.

Jurnalist Ekspert Mərkəzi