Ermənistanda ekoloji mühitin pozulması və sərhədlərimiz
yaxınlığında yeni mədənlər, bununla əlaqədar vətəndaş cəmiyyətinin beynəlxalq
aləmə müraciəti və bu bəyanatlara yüzlərlə xarici vətəndaş cəmiyyəti
institutları nümayəndələrinin imza atması Azərbaycan Prezidentinin təqdirini
qazanıb.
Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının
sosial-iqtisadi yekunlarına həsr olunmuş iyulun 11-də keçirilən müşavirədə Qarabağ
və Şərqi Zəngəzurun ekoloji fəlakət zonasına çox yaxın olduğunu xatırladaraq, həm
Ermənistanın, həm də bu ölkədəki müəssisələrin fəaliyyəti nəticəsində, eyni
zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii
resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurulduğunu
dedyib: “Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər
tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər
və satıblar. Yəni, bütün bu peyk görüntüləri bizdə var. İndi transsərhəd təhlükələri
mütləq nəzərə alınmalıdır və Azərbaycanın burada sərgilədiyi mövqeyi yenə də
beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslanır, o cümlədən Espo
Konvensiyasına, bunu hər kəs internetdə açıb baxa bilər. O göstərir ki, transsərhəd
çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın müəssisələrin,
ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə
mütləq razılaşdırılmalıdır və biz bunu Ermənistandan tələb edirik. Bu gün Azərbaycan
ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın
rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən
beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu
müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan
Hökuməti də burada kənarda qalmamalıdır. Bizim vətəndaş cəmiyyətimiz bu
addımı atır, çox yaxşı, amma baxmaq lazımdır, rəsmi xətlə, yəni, dövlət xətti
ilə hansı təşkilatlara hansı müraciətlər ünvanlanmalıdır ki, Ermənistan bu təhlükəli
praktikadan əl çəksin. Əgər onlar hansısa müəssisə yaratmaq istəyirlərsə, bizim
buna, əlbəttə ki, münasibətimiz ola bilməz. Onların daxili işidir. Amma əgər bu
müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşirsə, orada təhlükəli maddələrdən
istifadə ediləcəksə və bu maddələr yenə də Araz çayına, Oxçu çayına töküləcəksə,
bu, bizim məsələmizdir. Biz buna necə imkan verə bilərik? Əlbəttə ki, biz bu məsələləri
qanun çərçivəsində, beynəlxalq konvensiyalar çərçivəsində, diplomatiya çərçivəsində
mütləq diqqətdə saxlamalıyıq. Ona görə bu tapşırığı verirəm, siz baxın, hansı
hüquqi yollar var ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin”.
Ceyhun Musaoğlu