Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü
ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iyulun 11-də keçirilən
müşavirədə ölkə başçısı məmurlara konkret tapşırıqlar verdi.
Həmin tapşırıqları daha qabarıq şəkildə diqqətə çatdırmaqda
fayda var. Fayda ondan ibarətdir ki, ictimai nəzarət funksiyası rolunu oynayan
media Prezidentin tapşırıqlarına hansı səviyyədə icra olunacağını izləsin. Bəzən
bu izləmə ardıcıllığı müxtəlif səbəblərdən qırılır. Elə ölkə başçısının müşavirədə
səsləndirdiyi məqamlardan birinə diqqət çəkməklə qənaətimdizdə doğru olduğumuzu
göstərə bilərik.
Prezident Gədəbəyin Söyüdlü kəndində ötən 20-dən başlayaraq
bir neçə gün davam edən aksiyaya qiymət verərkən bildirdi ki, insanların örüş,
otlaq sahələri zəbt edilə bilməz, heç kimdən icazə alınmadan ikinci tullantı
gölü qurula bilməz. Polisə daş atanlar ailə üzvləri və ictimaiyyət qarşısında
utanmalıdır. Prezidentin bu hadisə ilə bağlı Nazirlər Kabinetindən gözlədiyi
hesabtdan isə hələ xəbər yoxdur. İlham Əliyev bu hadisəyə görə nazirləri sərt tənqid
etdi. Qəti şəkildə vurğuladı ki, heç kimdən icazə almadan ikinci tullantı gölünün
qurulması qəti qadağandır.
Ölkə başçısının sitatı: “Kim onlara icazə verib? Görünür,
ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu
özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti
qurumlara bütün göstərişlər verilmişdir. Mən xəbər tutandan sonra zəng edib Baş
nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı,
bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir. Mən
demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini
götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu
hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər,
bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir,
ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində
müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə
bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq,
yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən
konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər
vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər
Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki,
mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram. İndi yenə də deyirəm, polisə daş
atan utanmalıdır - öz ailəsi qabağında, uşaqları qabağında, ailə üzvləri
qabağında, ictimaiyyət qabağında. Çünki o eybəcər mənzərəni ictimaiyyət görüb.
Ona görə mən tapşırıram, bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat
verilməlidir və məsələ araşdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
nə üçün bu məsələyə diqqət yetirməyib, biganə qalıb və mən tapşırıq verəndən
sonra gediblər, gəliblər, nəticə haqqında heç bir məlumat yoxdur”.
Buyurun, Nazirlər Kabinetinin hazırladığı hesabatda cümlələr
belə, anlaşılmazdır. Prezident dolğun və dəqiq hesabat gözləyir. Məsul şəxslərə
yenidən bir həftə vaxt verildi. İş günləri ilə hesablasaq 17-18 iyul tarixində Söyüdlüdə
baş verən hadisələrin səbəbkarı olan həmin göllərin yaratdığı, yaxud
yaratmadığı fəsadlarla bağlı ölkə başçısının gözlədiyi hesabat hazır olmalıdır.
Prezidentin növbəti tapşırığı inflyasiyanın bir rəqəmli həddə
endirilməsidir. “Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə
düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar
daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər
verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə
əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə
ki, arzuolunan deyil” – ölkə başçısı belə deyib.
İlin sonuna 5 ay qalıb. Media 5 aydan sonra inflyasiyanın
bir rəqəmli səviyyəyə düşməsi istiqamətində təkliflərin nələrdən ibarət
olduğunu hökumətdən soruşmaqla funksiyasının effektiv icrasına nail olar.
İlham Əliyevin növbəti tapşırığı regional nəqliyyat dəhlizlərinin
biznesə olan təsiri haqqındadır. Prezident deyib: “Özümüz üçün konseptual
qaydada bir araşdırma aparaq və özümüz üçün bir hədəf müəyyənləşdirək ki, biz nə
istəyirik. Ölkə ərazisində Cənubdan Şimala və Şərqdən Qərbə gedən yollar demək
olar ki, rayonlarımızın əksəriyyətini əhatə edir. Deməli, hər bir istiqamət üzrə
spesifikaya görə, iqlimə görə, ixtisaslaşmaya görə xüsusi bir biznes imkanları
olmalıdır. Hökumət üzvləri bu məsələ ilə bağlı öz təkliflərini hazırlasınlar.
Bizim ümumi biznesin inkişafı konsepsiyamız var, müxtəlif alətlər var, o cümlədən
güzəştli kreditlər və digər alətlər. Yəni, bunu indi nəqliyyat marşrutları
prizmasından da təhlil etsək, məncə yaxşı olar”.
Hökumətin, təhlilər aparması və təkliflər hazırlaması tələb
olunur. Media bir rübdən sonra Nazirlər Kabinetinə bu məzmunda sorğu ünvanlamaqla
prosesə böyük təkan verər.
Ümumiyyətlə, dövlətdə yaşanan neqativlərin kökündə nəzarətsizlik
xüsusi çəkiyə malikdir. Demokratik cəmiyətlətdə belə nəzarət mexanizminin media
və QHT-lər tərəfindən tətbiqi effektlidir. Xüsusən media ölkə başçısının “Siz mənim
köməkçilərimizsiniz, həqiqətləri sizdən öyrənirəm” açıqlamasını özünün yol xəritəsinə
çevirsə, problem şaxələnmədən həllini tapar.
Jurnalist Ekspert Mərkəzi