Son zamanlar sosial şəbəkələr həyatımızda mühim yer tutmağa başlayıb. Biznesini, karyerasını inkişaf etdirmək, xüsusilə də asan və hörmətsiz yollarla pul qazanmaq istəyənlər üçün bu şəbəkələrin önəmi daha çoxdur. Əsasən "Tik-Tok" və "Instagram" platformasının ölkəmizdə geniş yayılması və bir çox insanların burada yaydığı qeyri-etik nümayişlər isə cəmiyyətimizin pis formalaşmasına səbəb olur.
Hələ televiziyalarımızda olan problemlərdən danışmırıq. İzlənmə və reytinq uğrunda kimi gəldi verilişlərinə dəvət edən, absurd məzmunlu verilişlər aparan aparıcılar və kanalların sayının az olmamasına rəğmən, televiziya mövzusu hər nə qədər yaralı yerimiz olsa da, bu yazıda əsasən sosial şəbəkələrin təsirinə toxunacağıq. Maraqlısı isə odur ki, mədəniyyət, tərbiyə və əxlaqi keyfiyyətlərdən uzaq olan bu şəxslərə dəstək olanlar da elə özümüzdən olan insanlardır. Xoşbəxtlikdən bu mövzu dövlətimizin diqqətindədir. Belə ki, cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar səbəbilə bəzi sosial şəbəkə istifadəçisi artıq qanunun tələblərinə uyğun cəzalandırılıb.
Təbii ki, bu platformalarda müsbət auralı həmvətənlərimiz heç də az deyil. Elm, təhsil, idman, maraqlı faktlar, faydalı məlumatlar və s. mövzulu çıxışlar edən səhifələr ürəyimizə bir az da olsa su səpir. Lakin daha çox gənc nəsilə xitab edən sosial şəbəkələr vasitəsilə əsasən mənfi ünsürlər təbliğ olunur. Bəs, bunun belə olmasına səbəb nədir? Nəyə görə savadlı, bacarıqlı insanlar maddi ve mənəvi cəhətdən əziyyət çəkir, lakin sadaladığımız yollara müraciət edənlər əksinə?
Yəqin ki, çoxlarınız ötən günlərdə evindən çıxarılan alim Fazil İsmayılovdan xəbərdarsınız. Belə ki, çətin vəziyyətdə olan F.İsmayılov üçün 40 min məbləğində pul yığılmış və Heydər Əliyev Fondu tərəfindən 1 illik kirayə pulu ödəmişdi. Bu vəziyyət bir elm xadimi üçün hər nə qədər acınacaqlı olsa da, xalqımız və dövlətimizin ona sahib çıxması hələ bir ümidin olduğunu göstərərək bizi sevindirir.
Həmçinin, NASA-nın saytında səhv aşkarlayaraq təltif olunan Kənan Fərzəlili və Harvard Universitetinə qəbul olan Qəndab Məmmədova kimi həmvətənlərimizin uğuru onların daha çox sayğı və dəyərə layiq olduğunu göstərir. Ancaq F.İsmayılovun durumunu fikirləşəndə bu gənclərə gələcəkdə dəyər veriləcəyindən inanmaq bir az çətin olur. Məhz bu səbəblərə görə bir çox gənc təhsil almağa önəm vermir və yaxud xaricdə təhsilə üstünlük verir. Halbuki bizim ali təhsil müəssisələrinin hamısı dünya səviyyəli olmasa belə, bir neçə universitetimiz son zamanlar müəyyən tərəflərdən inkişaf etməyi bacarıb.
Ancaq gəlin belə düşünənləri qınamayaq. Mən özüm də hazırda tələbəyəm və sadaladığımız hallarla təəssüf ki, tez-tez rastlaşıram. Ölkəmizdə tələbələrin əksəriyyəti oxumaqla yanaşı çətin işlərdə çalışaraq həyata tutunmağa çalışır. Bir neçə il sonra da misal çəkdiyimiz vəziyyətlə qarşılaşdıqda 4-5 illik zamana itki gözü ilə baxır.
Fikrimcə, Azərbaycan Avropa, Amerika və s. coğrafiyalardan həm bacarıq, həm savad, həm də digər yönlərdən geri qalmır ki, üstündür. İnanıram ki, yaxın gələcəkdə Azərbaycanda savadlı, mədəni, bacarıqlı insanlara dəstək artacaq və cəmiyyətimiz yaxşı mənada daha da formalaşacaq. Ulu öndər Heydər Əliyevin də dediyi kimi "Təhsil millətin gələcəyidir".
Məhəmməd Tağıyev
Jurnalist Ekspert Mərkəzinin üzvü