"Sosial şəbəkələr olmasa, insanlar özlərini göstərmək, yazdıqlarını paylaşmaq, fikirlərini söyləmək üçün məkan tapmayıb boşluğa düşəcəklər. Həyatda yaşaya-yaşaya görünməz olacaqlar. Sosial şəbəkələr insanların hər yerdə görünməyini təmin edir. Kimi ondan xeyirli, kimi ziyanlı şəkildə yararlanır. Bu seçim istifadəçilərin xarakterinə, niyyətinə daha çox bağlıdır".
Bu fikirləri İnformator.az-a açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.
Sosial şəbəkələri dünyanın bir nömrəli yayım məkanı kimi dəyərləndirən ekspert buna baxmayaraq, bu platformanın media adlandırılmasının əleyhinədir:
"Sosial şəbəkə kimi meydana gələn informasiya məkanı "sosial media" adı ilə təqdim olunur. Yanlış təqdimatdır. Medianın öz qanunu, şərtləri, etik qayda və prinsipləri var. Sosial şəbəkələr isə özbaşınadır, qaydalara, şərtlərə tabe deyillər, müvafiq qanunla əhatələnməyiblər. Sosial şəbəkə ideyasının müəlliflərinin, hazırda bu kimi platformaları idarə edənlərin də məqsədi məhz informasiya xaosu yaratmaq, kütlələri saniyəbəsaniyə dəyişən, bir-birinə zidd olan sürətli məlumat hücumuna məruz qoymaqdır. Belə məlumatların əksəriyyəti dezinformasiya xarakterlidir, fakta əsaslanmır, dəqiqləşdirilmədən, araşdırılmadan yayılır. Böyük güclər məkrli niyyətlərini sosial şəbəkələr üzrəindən asanlıqla gerçəkləşdirə bilirlər. Xüsusən də başqa xalqların milli, mənəvi, genetik dəyərlərini dağıtmaq, onları kökündən ayırmaq əsas hədəfdir. İnsanlar əksər hallarda özləri də fərqinə varmadan paylaşımları ilə həmin pis niyyətə xidmət etmiş olurlar".
C.Musaoğlu onu da xatırladıb ki, ənənəvi media belə, emal etdiyi xəbərləri sosial şəbəkələr vasitəsilə geniş oxucu kütləsinə çatdırır. Yazıları saytlardan daha çox onların sosial şəbəkə hesablarından oxuyuruq, videolara bu platformalarda baxırıq. Yəqin ona görə də şəbəkəni "media" adlandırmaq məcburiyyəti yaşayırıq:
"Cəmiyyətlər sosial şəbəkələrdə yaşamağa başlayıblar. 3-cü dünya yaranıb. Bu dünya var, o biri dünyanın varlığını dinlər əsaslandırır, üçüncü dünya sosial şəbəkələrdir. Biz sosial şəbəkələrə köçmüşük. Bu reallığın qarşısını almaq mümkün deyil. Əksinə münbit şəraitdən ölkənin, dövlətin, cəmiyyətin, insanın, mənəviyyatın xeyrinə yararlanmalıyıq”.
Çinarə Muradova (İnformator.az)