Məmur seçimlərinin bir düsturu olmalı, o da LƏYAQƏT – Müsahibə

İlqar Hüseynli: “İnsanları ədalətdən küsdürümək qəti qadağandır”


Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Jurnalist Ekspert Mərkəzinin qonağı oldu. Söhbət etdik. Oxuduqlarınız mühakimə deyil, gileylənmirik də, sadəcə işığa hansı yolla getməyin daha doğru olduğunu aydınlaşdırmağa çalışırıq. Biz elə hey çalışırıq, çalışırıq... Sabaha inanaraq çalışırıq. Müsahibə boyu danışmağımız da çalışmağımızın nümunəsidir.

- Müsahibəyə başlamamışdan öncə dediniz ki, sizin daha çox düşündüyünüz məkan yoldur. Təhlükəli deyilmi? Yolda yolu düşünərlər, deyəsən yoldan başqa hər şeyi düşünürsünüz? Yəqin düşüncələrinizi hələ rəflərə düzə bilməmisiniz?

- Əslində təhlükəlidir. İnsan niyə bu qədər düşünməlidir ki, hətta yola çıxanda belə, düşüncəsi onu rahat buraxmasın. Mən hər şey haqqında düşünmürəm, ölkəm, dövlətim, cəmiyyətim barədə düşünürəm. Əksinə, biz düşüncələrimizi rəflərə çoxdan düzmüşük, sadəcə o rəflərdən həmin düşüncə dolu kitabları götürüb vərəqləmək istəmirlər. Yol mənim üçün müqəddəsdir. Bəzi insanlar dənizdə, meşədə, dağda yaxşı düşünə bilir, mənimki yoldur. Yola iki yanaşma var: fəlsəfi və fiziki yanaşma. Mən fiziki yolda mənəvi yolu düşünürəm.

- Fiziki yol gedib çatır. Bəs mənəvi yol mənzilə gedib çata bilirmi?

- Xeyir, hələ də yol gedir. Bir dəfə gənclərə sual ünvanladım ki, dünyada ən xoşbəxt hiss nədir? Cəmi bir nəfər “mənzil başına çatmaq” cavabını verdi.

- Nə yaxşı cavabdır.

- Çox yaxşı cavabdır. İnsan həyatı boyu mənzil başına çatmaq üçün yürüyür. Niyə qəzalar daha çox mənzilinə çataçatda baş verir? Mənzilə çatmağa az qalmış tələsirsən. Deyirlər, həbsxanada illərlə yatan şəxs azadlığa çıxacağına iki gün qalmış böyük sarsıntı keçirir, o iki gün iyirmi günə bərabər olur.

- Düşüncələrimizin də mənzili var.

- Dəqiq. 30 il idi düşüncələrimizin bir mənzili vardı: Qarabağ. Evdə də o barədə düşünürdük, yolda da, mərasimlərdə də. Beynəlxalq tədbirlərdə ermənilərlə bir araya gələndə çox sıxılırdıq. Şükür, müqəddəs mənzilimizə yetişdik.

- Daha gedəcəyimiz mənzil yoxdur?

- Necə yoxdur?.. Ölkənin və cəmiyyətin çatmalı olduğu zirvələr, dəyərlər var ki, o mənzillər boş qalıb, sahiblərini gözləyirlər.

- Deməli, hələ yenə getməliyik...

- Bizim işimiz, yolumuz heç vaxt bitməyəcək. Biz pul, var-dövlət arxasınca qaçmayan tamam fərqli düşüncə sahibləriyik.

- Nə istəyirik?

- O qədər istəyimiz var ki, sıralamaq olmur. Hansı birincidir, hansı sonuncu? Bircə onu dəqiq bilirəm ki, ziyalının istədiyi işıqdır. Hər yerdə aydınlıq, şəffaflıq, sevgi olsun deyə, ziyalı ömrünü şam kimi yollarda əridir. Mən ədalət istəyirəm. Mənim ruhum ədalətdir. Bilirəm ki, Ceyhun Musaoğlunun da ruhu ədalətdir. Ədalət böyük məhfumdur. Sizin ofisdə güllər var. Gözəl güllərdir, ancaq içərisində birini solğun gördüm. Diqqətimi o solğun gül ona görə çəkdi ki, içimdə bir ədalət hissi yarandı. Düşündüm ki...

- Düşündünüz ki, Ceyhun o gülə qarşı ədalətsizlik edib, eləmi?

- Belə demək istəməzdim, ancaq nəsə başqa güllərə münasibətdə o saçaqlı gülə qarşı mizan pozulub.

- Azərbaycana qarşı da ədalətsizlik bütün dövrlərdə əndazəni aşır.

- Bu gün səhər xarici telekanalların birində baxdım ki, Avropa Parlamentinin altı deputatı Azərbaycana qarşı sankisya tələb edir, ölkəmizə aqressiya göstərir. Yolda fikirləşirəm ki, harada səhv etmişik? Axı haqq bizik?  Krılovun “Qurd və quzu” əsərini kodeks hesab edirəm. Quzu özünü quzu kimi aparırdı, günahsız idi, amma qazi quzunun kəsilməsi əmrini verir. Qarabağ mövzusunda bizim dövlətin zərrə də günahı yoxdur. Belədirsə, Avropa üzərimizə hansı boşluqdan həmlə edir? Görünən budur ki, cəmiyyətimzdəki proseslərə bir qədər fərqli yön verməliyik. Avropa da dəyərdən danışır, Asiya da. Rusiyanın da öz dəyəri var, Almaniyanın da. Əslində bu dəyərləri həmin qitələr və dövlətlər özləri qonadrıb. Bəşəri dəyər vahid olmalıdır və bir sözdə birləşməlidir. O sözün adı “ədalət”dir. Azərbaycan həm daxilində, həm də xaricində bütün davranış üsullarını ədalət çərçivəsinə sığışdırmalıdır. Qalib dövlətin daxilində ədalət meyarı o dərəcədə pozulmaz olmalıdır ki, qalib xalqın adına yaraşsın.

- “Mənim azadlığım sənin azadlığın bitən yerdə dayanır”. Ədaləti bu düstur üzərində qura bilərik?

- Məhz bu düstur üzərində qurmalıyıq. Yaratdığımız dəyərin dəyərsizləşməsinə imkan verə bilmərik. Yaxın Şərqin Qərb tərəfindən işğalı o ölkələrin xalqlarının ucbatından baş verdi. Xalqları dəyərlərdən məhrum edərək ölkələrini taladılar, hələ də özlərinə gələ bilmirlər. İnsanları ədalətdən küsdürümək qəti qadağandır. İnsanların son ümid yeri məhkəmədir, çox təəssüf məhkəmlər ədaləti pozmaqla məşğuldur. Korrupsiya halları vətəndaşları əməllicə əldən salıb. Axı biz dəyərli xalqıq. Kəndəki ana sonuncu çörəyini də bişirib əsgərə verirdi.

- Necə olurdu, müharibə zamanı ölümə gedirdik, buna baxmayaraq içimizdə sevgi hissi daha da pardaxlanırdı. Hazırda dinc şəraitdəyik, oluma doğru gedirik, insanların bir-birinə olan nifrəti cücərməyə başlayıb, dəhşətli kriminal hadisələri göstərmək yetərlidir.

- Qarabağ uğrunda savaşda biz mənzilimizə doğru gedirdik. O mənzilə sahiblənmək, yenidən qapısını açmaq hissi ölümü ölümsüzləşdirmişdi.

- Axı bayaq dedik, gedəcəyimiz mənzillər çoxdur?

- Bəli, çoxdur. Biz qürbətdə olanda Vətən üçün darıxırıq. Geri dönəcəyimiz gün o qədər həyacanlı və xoşbəxt oluruq ki... Ayağımızı Vətən torpağına qoyan kimi, o sevgimiz sanki gizlənir. Tıxaclar, məmur qapılarında növbələr, sosial problemlər, təhsil əngəli, palçıq yollar, çirkab suların axıdılması üçün qurulmayan drenaj sistemləri, bələdiyyə bacarıqsızlığı, icra başçısı səriştəsizliyi, daha neçə-neçə çatışmazlıqlar içimizdəki fərəhi yoxa çıxrır. Belə olmalı deyil axı. O qədər dəyərli kadrlar var, onlara meydan vermək lazımdır. Elə bir düzən yaratmalıyıq ki, yetişdiymiz mənzildə yaşamaq üçün vacib komponentlər olsun, rahatlıq olsun.

- Daha deməyək: “Sevgimiz elə bu qədərmiş...”

- Sevginin qədəri olmur, o ya var, ya yoxdur. Sadəcə sevginin qarşılığı olmayanda insan bezir, küsür, mənəvi əzab yaşayır. 

- Səhər gəzirdim, yaşımı düşündüm və ani olaraq bundan sonrakı ömrümü dincəlməyə həsr etmək qənaəti yarandı. Düşündüm ki, gedəsən Türkiyədə sadəcə yaşayasan. Təsəvvürümdə “Əlvida Vətən. Bağışla, mən potensialımın heç 20 faizini sənə həsr edə bilmədim, o şəraiti yaratmadılar” dedim və gözlərim doldu. Hələ heç yerə getmədən vətənsizlik mənə ani olaraq zülm etməyə başladı. Biz Vətənsiz dözə bilmərik, nə yazıq ki, Vətən bizsiz dözür. Yüzlərlə beyin axını olub, sanki Vətənin heç vecinə deyil.

- Vecinədir. Ölkədə ciddi kadr çatışmazlığı var. Doymuş məhlullar gedir, onları əvəz edənlərin də fəaliyyətərində nöqsanlar anındaca gözə dəyir. Şərt o deyil ki, sən onlarla ixtisas sahibi olasan, müxtəlif xarici dillər biləsən. Şərt odur ki, xalqını, dövlətini, insanını sevəsən? Fərhad sevginin gücü ilə dağı parçaladı. Fərhad daş yonan deyildi ki, sadəcə sevirdi. Məmur sevgi dolu birisi olmaldır, cavabdehlik daşıdığı ərazidəki bütün canlıları, insanı, heyvanı, ağacı, otu ruhu ilə sevməlidir.

- Həmişə deyirəm ki, məmurları ləyaqətinə görə seçmək lazımdır, daha “ləyaqət-ləyaqət” deyib ortalığa düşdüyünə görə yox.

- Yaxşı məqama toxundunuz. “Ləyaqət” deyib ortalığa düşən biri var idi,  bu adda roman da yazmışdı, özü ləyaqətsizliklə tarixə düşdü. Doğru deyirsiz, vəzifə sahibində ləyaqət olmadısa, o dövlətin dayaqlarını dağıtmaqla məşğul olacaq. İki cür insan var: özünə xidmət edən və başqasına xidmət edən. Başqasına xidmət etmək üçün yaşayan insan seçilmiş saylılır, əgər o deputatlığa namizədliyini irəli sürürsə, ərazidəki əhali sevinir. -

- Nəticədə nə olur? Özünə xidmət edən Oktay Əsədov deputat olur.

- Beləliklə də sakinlərin inamı qırılır. İnamsızlığın ikinci adı sevgisizlikdir. Adını çəkdiyin insana oxşayanların sayı çoxdur, lap çoxdur. Onlar sevgisizlik toxumu səpirlər. Cəmiyyətdə hökm sürən nifətin də kökündə bu amil durur.  Potensial enerji kinetik enerjini əvəzləməldir. Başqasına xidmət etmək istəyən şəxsin enerjisi içində yanır, əvəzlənmir. Bizə klinikalar, binalar, restoranlar lazım deyil. Missiyamız mənəvi dəyər yaratmaqdır. Bunun üçün meydan olmaldır. Təəssüf əlimizdəki meydanı da bağlayıblar. 2014-cü idən xarici donorların fəaliyyəti demək olar dondurulub. Vətəndaş cəmiyyəti institutunun təmsilçiləri ideyalarını gerçəkləşdirmək üçün cəmi bir mənbəyə müraciət edirlər, o mənbə də maliyyə sıxıntısı yaşayır. Bizi fiziki şəxsə çeviriblər, halbuki nə boyda işlər görə bilərdik. Hazırda xidmət müaqavilələri ilə işləmək zorundayıq, bu səpkili müqavilələr isə yetərli deyil, donorlar xidmət müqaviləsi ilə işləməyə razılıq vermirlər. Layihələrimizin ölkəmizə çox böyük xeyri var, sadəcə hüquqi boşluq yaşayırıq.

- Dövlətin cavabdeh şəxsləri iddia edir ki, xaricdən gələn qrantlar bəzən vətənin əleyhinə çalışanların əlinə düşür.

- Bu arqumentlə razıyam, sadəcə elə dövlətin də işi ciddi nəzarət etməkdir. Qurunun oduna yaş niyə yansın axı?.. Ətrafı tüstü bürüyəcək, göz-gözü görməyəcək. Qrantın xərclənməsinə nəzarət etmək çox asandır. Vergi var, məhkəmə var, qanunlar var... Məsələlərə sellektiv yanaşmaq mümkündür.

- Vətəndaş cəmiyyəti sektorunda ciddi dəyişikliklərə başlanılıb. Ümidlərimiz işıqlanmaqdadır. Bu dəyişikliklərdə qurunun oduna yaş yanmasın deyə, neyləməliyik?

- Biz səmimi olmalıyıq, açıq danışmalıyıq. Kimlərin işlədiyini, kimlərin yediyini açıq göstərməliyik. Məsələn, İctimai Şuralar niyə buraxılmasın?! Bu qurumar necə formalaşıb? Orada təmsil olunanların hansı söz sahibidir? Halbuki İctimai Şura qurumun fəaliyyətinə nəzarət etməlidir. Hansı Şura təmsil olunduğu qurumun fəaliyyətini açıq tənqid edə bilər. Hacıqabul gölü qurudu. O göldə 105 canlı var idi. Dünyada qırmızı xərçəngin yeganə məkanı Hacıqabul gölü idi. Bu dəhşətli vəziyyəti İctimi Şuranın hansı üzvü nazirə deyib. İctimai Şuralar çətir altında gizlənmək istəyənlərin sığınacaq yerinə çevrilib. Arazın sahili məhv olub, çay yerini dəyişib. Bu faktı qurumun rəhbərinə deyən yoxdur.

- Deyəsən vətəndaş cəmiyyəti sferasındakı o mənzili səliqəyə salmaqdayıq.

- İnanmasan yaşamaq mümkün deyil. Bizi haram yaşamaqdan qaçmalıyıq. Evimizə qonaq gələndə mənzilimiz barədə soruşur, ilk sözümüz bu olur ki, evin bir daşında haramlıq yoxdur.

- Kamyu deyirdi: “Həyat sənin elədiklərindir”.

- Tam doğru. Tikdiyimiz mənzil bizim elədiyimizdir. Ancaq haram yolla tiksək artıq bu bizim yox, şeytanın əməyinin məhsulu olacaq.

- Kafkanın “Qəsr” romanı var, əsər yarımçıq qalıb. Romanın qəhrəmanı “yerölçəndir”. Guya onu “Qəsrdən” dəvət ediblər ki, həmin ərazilərdə yerlərin bölünməsi işində iştirak etsin. Qəhrəman gedir, gedir, gedir... amma çatmır, heç əsər də bitmir. Bizim getdiyimiz yolun da taleyi belə olar birdən...

- Belə ola bilməz. Biz mütləq məzil başına çatacağıq. Kafkanın əsrində cəmi bir “yerölçən” var. Biz isə çoxuq. Əsərimiz bitməyəcək, ardımızca gələnlər var, elə yolumuzu da ona görə hamar və təhlükəsiz etməliyik ki, mənzilə doğru irəliləyənlər  rahat gedib çatsınlar. “Qəm pəncərəsin”də bir epizod var: Cəlil Məmmədquluzadə faytonda tək təhsil almağa gedir və sağa baxıb görür ki, xeyli adam da karvanla ziyarətə doğru gedirlər. Mən ziyarətin əleyhinə deyiləm, ancaq filmdəki fakt cahilliyə işarə idi. Nə yaxşı ki, o yolu keçib bitirdik, hazırda elm bizim üçün əsasdır.

- Deməli, yol üstündəki izi ilə tanınar.

- Əla fikirdir. Yol üstündəki izi ilə tanınır. Biz izimizin itməsinə imkan verməməliyik.

Ceyhun Musaoğlu