Başlığa İrandakı azərbaycanlıları etnik kimi təqdim edən ifadə çıxarmaq yanlışdır

Azərbaycan mətbuatında “EU Today”də dərc olunan məqaləyə istinadən yazı yayılıb. Yazıda  azərbacanlıların 2006-cı ildə İranda baş vermiş etiraz aksiyalarının qurbanları olan soydaşlarının xatirəsini ehtiramla anaraq, “Xatirə və kədər günü” elan etdiklərindən söz açılır. 

Məqalədə "etnik azərbaycanlılar" ifadəsi işlənir. Ardından İranda yaşayan digər xalqların (onlar da etnik kimi təqdim olunurlar) hakimiyyət tərəfindən hüquqlarının pozulmasından söz açılır və həmin insanların apardıqları azadlıq mücadiləsinin bəzi məqamları vurğulanır. 

Tərcümə xarakterli yazıda Mediaekspert.az saytının diqqətini bir məqam çəkdi. Məqalənin ölkə saytlarında yayılan mətnində başlığa "Etnik azərbaycanlılar" ifadəsi çıxarılıb. 

Əlbəttə Jurnalistlərin Etik Davranışı Qaydalarına görə burada heç bir yanlışlıq yoxdur. Məqalədə "etnik" ifadəsi işlənib və sərlöhvə də bu sözə nəzərən hazırlanıb. Başlıqla mətnin uyğunsuzluğundan söhbət gedə bilməz. 

Sadəcə bir incə məqam var. İran rejimi onun ərazisində yaşayan azərbaycanlıların sayını həmişə azaltmaq istəyir. Əslindəsə bu ölkədə yaşayan azərbaycanlılar fars millətindən sayca çoxdurlar ki, az deyillər. Bu tarixin nə qədər dəqiq olduğu başqa söhbətin mövzusudur. Məsələ işin mənəvi tərəfindədir. Sərlöhfəyə sadəcə "azərbaycanlılar", ifadəsini çıxarmaq olardı "etnik" sözündən istifadə edilməzdi. "Etnik"i xarici media yazıb. Onu başqasının sözü kimi dırnaq içərisində təqdim etmək də mümkün idi. 

İranda etniklər kürdlər, ermənilər ola bilər, azərbaycanlılarsa çoxluqdadır, bu gerçəyi daha yaxşı Azərbaycan bilir və soydaşlarımıza qarşı fars rejiminin çəkdirdiyi zülmlərdən də xəbərimiz var.
 
Bir haşiyə çıxaq: Azərbaycanda müxtəlif xalqalar yaşayır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tövsiyəsi ilə onlar barədə "azsaylı", "etnik" ifadələrini işlətməkdən çəkinirik, eləcə "Azərbaycanda yaşayan digər xalqlar" yazırıq. 

Bütün ölkələrin jurnalistikasının söykəndiyi bir tərəf var, o da dövlət. Azərbaycanlı İranda etnik olsa belə, bizim media bu faktı qabartmaqdan imtina etməklə daha çox xeyir vermiş olar. 

Mediaekspert.az