ATV-nin ziyanı azaldaraq artırmaq “ixtirası”

ATV-də yayımlanan köhnəlmiş “BizimləSən” və köhnəliklə yenilənmiş “Günaylı gün” verilişlərinə cavabdeh olan şəxslərin işə saldıqları primitiv “Baxşəliyevlər planı”nın nəticəsində dərin təəssüf və təəccüb hissi yaşayan tamaşaçılar efiri həm media, həm də sosial şəbəkələr üzərindən ictimai qınaq hədəfinə çeviriblər.

Öncə xatırladaq: Bir ay öncə Prezident Administrasiyasında bəzi telekanalların rəhbərləri ilə görüş keçirilib və tamaşaçıların narazılığına səbəb olan verilişlərdə müsbət mənada ciddi dəyişikliklər edilməsi tapşırılıb. Görüşlə bağlı yayılan məlumatlarda vurğulanırdı, Administrasiya tövsiyə xarakterli xəbərdarlıq ünvalayıb, qarşı tərəf irad və təkliflərlə razılaşandan sonra müvafiq qərar qəbul olunub.

Bir telekanaldan başqa digərləri qərara uyğun davranış sərgilədilər: bayağılığı ikrah yaradan verilişlərin yayım vaxtları qısaldıldı, məzmunlarında etik çərçivənin ciddi qorunması istiqamətində addımlar atılmaqdadır. O bir telekanalın adı ATV, verilişi “BizimləSən”dir. 

Belə oldu: Aparıcı Zaur bəy məişətin dibinə düşmüş verilişin müddətini 15 gün sonra 1,5 saat azaltdığını elan etdi. 4 saatlıq verilişin vaxtı 2,5 saata qədər endirildi. Müddət necə azaldısa çoxaldı.

ATV-nin azaldaraq artırmaq düsturu: Həmin azalan 1,5 saat müddət “Günaylı gün” verilişinin yaranmasına səbəb oldu. Baxşəliyevlərin qurduqları bayağılıq meydanı genişlənməkdədir: Həftə içi hər gün 15:00-dan 16:30-a, 16:30-dan 19:00-a, şənbə-bazar 10:00-dan  12:00-dək olan müddət ərzində eyni telekanalın eyni efiri, eyni məkan, eyni aparıcılar, eyni qonaqlar, eyni sözlər, eyni jestlər, eyni ifalar…

Administrasiyanın ictimai qınağa əsaslanan tövsiyə xarakterli tapşırığına “Zaurgil” telekanalı rəhbərliyinin tərsinə cavabı o dərəcədə təəccüb və təəssüf yaradıb ki, tamaşaçı Azərbaycan dilinin qrammatik qaydasına uyğun “ATV-də nə baş verir” sualını  düzgün quruluşa malik olmayan “ATV-də baş verir nə? “ATV-də nə verir baş” sualları ilə əvəzləmək məcburiyyətində qalır.

Onlar ATV-nin ziyanı azaldaraq artırmaq “ixtirasına” belə reaksiya verirlər:

- ATV-də bunlardan başqa aparıcı yoxdu…

- Eyni veriliş Zaurla Günaydının təkrarı…

- Bunlar görəsən yatmırlar? Gözumüz yoruldu bunlardan, həftənin 7 günü yox, 8 günü efirdədilər, gözləri doymur…

- Tamaşaçınin gözü mazol oldu, bütün kanal bunlara məxsusdur, bu qədər də olmaz…

- Tezliklə bağlanar…

- Biabırçılıq…

- Zaur deyirdi uşaqlarıma vaxt ayırmaq üçün verilişimin vaxtını qısaltdırdım. İndi lap Gunay da veriliş açır, necə başa düşək görəsən…

- Xeyirli olsun, gözəl qızım…

- Xeyirli, uğurlu olsun…

- Kanal bunlara işləyir ancaq. Axırımız hara gedir. Bir adam on veriliş açib, niyə ölçü gotürmürlər. Vallah olmaz e bu qədər. 1 həftədə 3 veriliş…

- Çox tərbiyəli ailə, uğurlar olsun…

- Zauru bir aparıcı kimi çox sevirəm bəzi nöqsanları çıxmaq şərti ilə. Amma məncə bu qədər çox efirlərdə görünmək gözü yorur. Bir dəfə elə ATV kanalını alsa idi, canı qurtarardı. ATV-də bunlardan çox demək olar ki görünən yoxdu.

Yeni “əməliyyat”a münasibətini bildirənlər çoxdur, linki təqdim edək, müsbət və mənfi rəylərin nisbətinə özünüz baxın.

https://www.youtube.com/watch?v=vIwYljf0imI

Qeyd: “Zaurla Günaydın” verilişinin 30 mart tarixli yayımı. Zaur bəy deyir: “Verilişlərimiz iki idi, indi olacaq üç (adlarını sadalayır...). Müğənni Sevda Yahyayevanın reaksiyası: “7/24…” Zaur bəy müğənninin replikasına gülərək sevinclə qarşılıq verir: 7/24… 7/24…)

Daha bir qeyd: Bədii obrazlardan biri haqqında; O, təkrar yaşadığından neçə yaşı olduğunu unutmuşdu.


Mediaekspert Monitorinq Qrupu