Məsuliyyətli, işgüzar, ağıllı, peşəkar və hörmətli həmkarımız

Hə… Pərviz Sadayoğlu! Adətən jurnalistlərin doğum günlərində Mediaekspert.az saytının “Onların günü” pəncərəsinə düzülən söz ləçəkli gül-çiçəkləri həmkarlarımıza Jurnalist Ekspert Mərkəzi adından ünvanlayırıq. 

Bu dəfə ənənəni pozmalı oldum. Pərvizin doğum günüdür axı. O, mənim əlimi çiyninə qoyduğum, jurnalistikada dayağnda durduğum, dayağım olan Sadayoğludur. Birlikdə keçirdiyimiz ağır günləri tarixin vərəqləri də çətinliklə çevirir, bəzən heç gücü də çatmır. Kitabımızı nə vaxt açırıq, həmin səhifələr üzümüzə baxır. 

Yox, kədərlənmirik, təəssüflənmirik, əksinə, sevinirik, qürrələnirik, büdrəməmişik, yolumuzu peşəkarcasına addımlamışıq. Pərviz həm də  öyrənməyin nümunəsi olmaqla fərqlənib. Davranışı və yaradıcılığı həmahəng olub.

Bu ahənglik Pərvizin həyatına elə səliqəli nizam verib ki, həmkarım peşə pillələrində ancaq irəliləyib. 

Pərviz Sadayoğlunu var olma günü ilə bağlı təbrik etməklə yanaşı "Yeni Azərbaycan" qəzetinin kollektivinə də təbrik ünvanlamaq məntiqli olardı.

Pərviz o qəzetin əməkdaşıdır. Məsuliyyətli, işgüzar, ağıllı, peşəkar və hörmətli əməkdaşı. Məhz belə yaşamaq daim nəsibin olsun, Pərviz Sadayoğlu!

Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri