Xocalı itkinlərindən şəxsiyyəti müəyyən edilmiş soyqırımı qurbanları bu gün Xocalıda dəfn olunub
Şəxsiyyəti müəyyən edilmiş Xocalı soyqırımı itkinlərindən 7 nəfərin qalıqları bu gün doğma Xocalıda torpağa tapşırılıb. Onlar aşağıdakı şəxslərdir:
1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933;
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933;
3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974;
4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;
5. Cavadov Əli Müsül oğlu - 15.06.1954;
6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955;
7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.
QHT Agentliyi Mətbuat xidmətinin yaydığı məlumata görə, Xocalıda şəhidlərin dəfn mərasimində dövlət qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, o cümlədən bir sıra QHT rəhbərləri də iştirak edib. Dəfn mərasimindən sonra ərazidə soyqırımı qurbanlarının anım tədbiri keçirilib. Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Xocalı şəhidlərinin qisasını aldığını, ədaləti təmin etdiyini, müharibə cinayətkarlarının artıq Azərbaycan məhkəmələri qarşısına çıxarılmasına başlandığını vurğulayıb.
Xocalı şəhidlərinin ailə üzvləri Xocalıda yaxınlarının qalıqlarının tapılaraq dəfn edilməsini tarixi hadisə, böyük təskinlik adlandırıblar, onlar məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bütün bunlara nail olunduğunu bildiriblər. Mərasimdə çıxış edən “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri, itkin qardaşının taleyindən hələ də xəbərsiz olan Könül Behbudova qeyd edib ki, bu gün Xocalıda keçirilən dəfn mərasiminin böyük rəmzi mənası var, bu, Azərbaycan dövlətinin hər bir itkinin taleyinə aydınlıq gətirilməsi əzmini və iradəsini nümayiş etdirir.
O, illərlə gözləri yollarda qalan minlərlə itkin ailələrinin bu gün heç vaxt olmayan qədər ümidli olduğunu, Azərbaycan QHT-lərinin də dövlət qurumları ilə yanaşı, itkinlərin, əsir və girovların taleyinə aydınlıq gətirilməsi, Ermənistanın soyqırımı cinayətlərinin ifşası üçün fəal iş apardığını bildirib.