Tiktok fenomeni Baboşa “Port Baku” yaşayış sahəsindən ev verilməsini, bir çoxları “coşqu”, “həyəcan”la qarşılayıb. Hələ saytların bəziləri bu xəbəri elə paylaşdı ki, belə də olmalıymış kimi, sonra da özlərini “peşəkar” adlandırırlar…
O qədər acınacaqlı vəziyyətdəyik ki… Bu gün sosial şəbəkələrdə söyüşlər, təhqirlər, bir sözlə qeyri-etik davranış sərgiləyənlər daha çox izlənilir. Bizim millətin bəzi nümayəndələrinə bu gün onlar daha maraqlıdır. Anormal xüsusiyyətləri normal kimi təbliğ edənlər, milli-mənəvi, mədəni dəyərlərimizi unutdurmağa, məhv etməyə çalışanlar, yeni nəslin tərbiyəsinə mənfi təsir göstərənlər və onların şüurlarını zəhərləyənlər bu gün gündəmdədir.
Məsələn, bunu da vurğulamaq yerinə düşər ki, televiziya ekranlarında şou proqramın mahiyyətini dərk etməyib, şou adı altında biabırçı veriliş hazırlayanlar özlərini jurnalist hesab edir. Vallah, jurnalistikanı bizə bu şəkildə öyrətməyiblər. O hansı jurnalistikadı ki? Daha sonra insanlara “yardım” etmək məqsədilə yaradılan verilişlərin reytinq xatirinə serial kimi çəkilməsi və özünü reklam etmək istəyənlərin ortaya toplanılması da acı nümunədir. Hələ bəzi ekspertlərin alqış üçün ora gələn insanları acılamasını demirəm. Adamın doğrudan da əti tökülür.
Nəysə, danışdıqca insan danışmaq istəyir. Ortada bir nəticə də yox. Keçək əsas məsələyə,yəqin indi hamı Baboşa həsəd aparır, onun kimi olmaq istəyir. Sübutu da var. Baboşa gül-çiçək, hədiyyə atırlar, “yüksək qiymətləndirirlər”. Hətta, bəzi gənclər "mən Baboş olmaq istəyirəm, ana" deyirlər. Çünki,heç bir əziyyət çəkmədən, Vətən, xalq yolunda heç bir əməyi olmayan insana 1 milyonluq ev hədiyyə olunanda, bizim də bəzi gənclərimiz “Baboş” olmaq istəyəcək…..
Bizim onunla heç bir işimiz yoxdur, elə obrazı yaradan da bizim millətdir. Fikrimizin məğzi budur ki, bu cür sosial media “fenomen”ləri vətənə, xalqa nə töhfə verib, hansı əməyinə görə onları dəyərləndirirlər? O qədər qazilər, igid oğul və qızlar varki, Vətən yolunda canlarından keçiblər. O qədər istedadlı gənclərimiz var ki, tanınmır, sosial problemləri olanlar da kifayət qədərdir. Bəs biz kimlərə qiymət veririk, önə çəkirik? Sadəcə bibarçılıq… Bəs, biz niyə 4 il ali təhsil aldıq ki? Niyə bu qədər faydalı, informativ verilişlər çəkməyə çalışırıq. Yazdığımız hər sözə diqqət edirik ki, səhvən,nəsə birdən etik olmayan hansısa kəlməni yazarıq,söyləyərik. Amma bizdən çox ,Baboşu və onun kimiləri izləyirlər. Bu gün fenomen, öndə olan onlardır. Bəzən ağlamalı halımıza gülürük. Gülməli deyil axı...
Tiktokda o qədər bibarçı canlılar qarşıma çıxır ki. Utanıram, öz-özümə söyləyirəm niyə mən rastlaşmalıyam belə şeylərlə? Və tez ötürürəm həmin xəbəri, onların izləyici sayını bir nəfər də artıran deyiləm ki. Bizə yaraşmaz. Sözsüz ki, hər kəsin öz həyatı şəxsi işidir. Lakin bunu normal kimi təbliğ etmək, ictimailəşdirmək nəyə gərəkdi, hələ də ki, paytaxtda bahalı ev hədiyyə edib insanları min fikirə salmağın səbəbi nədir?Məqsəd gələcək nəsilləri korlamaqdır? Savadı, mədəniyyəti yox etməkdir?
Övladlarımız bu gün Mübarizləri, Poladları nümunə götürməlidir. Onlar kimi vətənpərvər ruhda böyüməlidir. Yalnız müsbət şeylər haqqında fikirləşməli, millətə, bəşəriyyətə töhfə verməyi qarşılarına hədəf qoymalıdır.
Azərbaycanlı ABŞ alimi, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə kimi alimlərimizə fəxr etməliyik. Oxumaq, yaratmaq, cəmiyyətə yararlı ixtiralar ərsəyə gətirmək lazımdır. Biz texnoloji yeniliklərlə bol olan zamanda yaşayırıq, bundan düzgün istifadə edək. Hər şey var da.
XX əsr ədəbiyyatşünaslığında ən fəxr etdiyimiz şəxsiyyətlərdəndir Mirzə Əkbər Sabir. Əsərləri bütün dövrlərdə oxunmalıdır, Sabirin əsərlərindən dərs çıxarmaq lazımdır. Onun bu gün də aktual olan bir şeiri yadıma düşdü, mövzumuza da məncə uyğundur: “Əcnəbilər göydə balonlarla gəzir, biz hələ avtomobil minməyiriz”.
Ürək o qədər doludur ki, bir mövzu timsalında hər məsələyə toxunmaq istəyirsən ki, bəlkə bir nəticəsi ola.
Görünən odur, Babək adlı Baboşa oxşamaq istəyənlər daha çoxdur. Nəinki Azərbaycanın tarix səhnəsinə öz adını qızıl hərflərlə yazdıran, Xürrəmilər hərəkatının başçısı Babəkə. Adam o qədər heyifslənir ki… Dahilərimizin əsərlərini, yaratdıqlarını öyrənə-öyrənə böyümüşük. Amma bu gün mənasız paylaşımları görürük, müzakirə edirik. Söyüş söyənlər, özünü apara bilməyənlər gündəmdə qalmağı, reytinqləri "partlatmağı" bacarırlar. Elə bizim sayəmizdə. Gündə bir yazıçımız haqqında, igidlərimiz haqqında videomaterial hazırlasaq, məlumat versək, heç Baboş qədər izlənməz. Faydalı işləri təbliğ edənlər bu qədər pul qazanmaz, ev hədiyyəsi almaz.
Yenə də hər şeyin yaxşı olması ümidi ilə. Nə olursa olsun oxuyaq, maariflənək və öyrəndiklərimizi təbliğ etməyə davam edək. Bəlkə nə vaxtsa düzələr.
Jurnalist Ekspert Mərkəzi İdarə Heyətinin üzvü
Zərintac Mayisqızı (Missiya.az)