Bu, bir ailənin deyil, cəmiyyətimizin faciəsidir. 25 yaşlı Azərbaycan gəncinin manyaklaşması göstərir ki, sosial orqanizm hesab olunan cəmiyyətin ciddi qüsurları var və əgər zəruri tədbirlər görülməzsə, dəlinin birinə ortalıqda dolaşmaq lüksu yaradan məmurlar, rüşvət müqabilində şagirdlərin təhsildən yayınmasına şərait yaradan məktəb direktorları, əlində ruhi xəstə sənədi olanlara, anaşa çəkməkdən, ağ iyləməkdən beyni quruyanlara taksi fəaliyyətilə məşğul olmaq imkanı verən sahibkarlar, amansızlıqla törədilmiş qətlin videosunu izləyici toplamaq həvəsi ilə yayanlar sərt şəkildə cəzalandırılmasa, cəmiyyətimizin xəstəliyi xroniki hal alacaq.
Kriminal xəbərlərinin ardı-arası kəsilmir. Məktəbli həmyaşıdını bıçaqladı, yeniyetmə intihar etdi, oğul atasını öldürdü, kürəkən qayınanasının başını kəsdi və sairə kimi dəhşətli hadisələr Azərbaycanda adi hal alıb. Bunun qarşısını almaq lazımdır. Televiziya verilişləri, müzakirə olunan mövzular üzərində ciddi nəzarət olmalı, kriminal həyatı, bu aləmin təmsilçilərini təbliğ edən materialların tirajlanması qadağan olunmalı və s və i. Ən əsası isə məktəblərlə bağlı hansısa addımlar atılmalıdır. Yəni nələrsə olmalıdır, oturub növbəti dəhşətli hadisələri gözləməməliyik. Əmin olun, belə davam edərsə, ölkədə hamı bir-birini qıracaq.
Baş verənlərdən çox narahatam, konkret çıxış yolu görə bilməməyim bu narahatlığı daha da artırır. Bəs siz çıxış yolunu nədə görürsüz? Cəmiyyətimizi necə xilas edək? Məsuliyyətini dərk edən hər bir vətəndaş, övladının gələcəyini düşünən hər bir valideyn xəstələnmiş cəmiyyəti xilas etməyin yollarını aramalıdır. Bir baxın, səhərimizi qanla açırıq, günümüzü qətl, intihar xəbərləri ilə başa vururuq. Yəni, hamımız qan içindəyik və bu qan bizi yaxşı yerə aparmır...
Nicat Dağlar
Jurnalist Ekspert Mərkəzinin sədr müavini