Yüksək hisslərdən yazacaqdım, alçaq hisslərə bürüdülər

Tamaşa bitdikdən sonra teatrdan xoş təəssüratlarla ayrıldım. Yolboyu düşünürdüm ki, evə çatan kimi hisslərimi sözlərə çevirərək vərəqə düzəcəm. Vərəq deyəndə ki, indinin “wordu”. Üslub da seçmişdim, yazım bədii olacaqdı.

Amma hələ birinci mərhələni keçməliydim. İçdiyim suyun boş butulkasını atmağa zibil qutusu axtarırdım. Şəhərin mərkəzindən keçən küçələrdə gözüm dörd olmuşdu. Xeyli getdim, metrostansiyaya çataçatda nəhayət bircə dənə zibil qutusunun üzümə “güldüyünü” gördüm. Butulkadan canımı qurtarıb tamaşa təəssüratlarıma geri döndüm. Təəssüf, bu dəfə də mistik qara qüvvələr şirin düşüncələrə dalmağıma imkan vermədilər.

Metrostansiya eskalotoru sürahisinin sağ hissəsindəki başlanğıc nöqtədən sona qədər uzanan kəsikdə əzilmiş boş plastik butulkanı görəndə baxdığm tamaşa bütünlüklə yadımdan çıxdı. Belə məqamlarda nənəm deyərdi: “Bıy bala, diksindim ki...". Deyəsən, mənim bayaq atdığım butulkadır, zibil qabında ürəyi sıxıldığına görə oradan qaçaraq özünə yeni məkan tapıb.

Sanki eskalator arxaya doğru yönəlmişdi. Gedirdi, gedirdi, bizi aparırdı, aparırdı... Çatmırdı ki, çatmırdı. Əlim o zibili götürməyə uzalı qaldı. Metro girişindən qatarlara doğru uzanan məsafə bitmirdi ki, bitmirdi.  Saqqızı zibil qutusuna atmağa ərinib, partanın altına yapışdıran şagirdləri görmüşdüm, amma zibilin birinin metro tutacağına sıxıldığını görməmişdim. Əməlin sahibi kimdirsə, “qəhrəmandır”, murdar hərəkəti də bacarıb.

Bu da bir ilkdir. İlklər yadda qalan olur. Mənfi nüanslardırsa, unudulmur. Tamaşadan aldığım zövqü unutdurur, özü onun yerində zibil kimi ilişib qalır.

Zibil qutularının bəzi ərazilərdə az olduğunu deyirdim, lakin az olanda ətrafımızın hər köşəsini zibil qutusu zənn edək demirdim. Görünür tullantıların ictimai ərazilərə açıq şəkildə atılması zəmanəmizə uyğundu. Axı gənc nəsil tez-tez “dövr dəyişib, biz zəmanə adamlarıyıq” deyir. Yox, bu mədəniyyətsizlik nəsil söhbətinə oxşamır. Bəlkə o miskin hərəkəti edən ahıl yaşlı bir insandır, bəlkə yeniyetmədir... Yüz faiz uşaq deyil, ora uşağın əli çatmaz. Hər kimdirsə, hər nədirsə zibil hərəkətdir.

Bu barədə yazmağı mənimlə eyni yolu qayıdan təlim yoldaşım məsləhət bilmişdi. Demişdi ki, “tutacaqda sığışıb qalan butulka deyil, bizim ürəklərimizdir”. Bu ifadə vücudumu silkələmişdi.  

Yüksək hisslərdən yazacaqdım, alçaq hisslərə büründüm. İşi tərs gətirəndə babam demiş: “Zibilə dönəsən səni”.


Leyla Səməndər

JEM İdarə Heyətinin üzvü