Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları

PRİNSİP 1: Həqiqətə xidmət, dəqiqlik və obyektivlik

1.1 Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır.

1.2 Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir.

1.3 Yazıda şərhlər elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, faktdan ayıra bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın.

PRİNSİP 2: İnformasiya qaynaqlarına sayğılı yanaşma

2.1 Təşkilatların, partiyaların, cəmiyyətlərin, birliklərin və hər hansı digər maraqlı qrupların rəsmi məlumatları yayılarkən mənbə mütləq göstərilməlidir. Lakin bilgi verən şəxs adının gizli saxlanması şərtini irəli sürürsə, jurnalist və informasiya orqanı bu şərtə mütləq əməl etməlidir. İnformasiya qaynağının gizliliyi qorunmalıdır.

2.2 Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır...

2.3 Jurnalist çalışmalıdır ki, götürdüyü müsahibəni onu verən adamın özü, yaxud da vəkil etdiyi şəxs imzalasın...

2.4 Jurnalistin müstəsna hal kimi digər imkanları mövcud olmadıqda, ictimai əhəmiyyət kəsb edən informasiyanın əldə edilməsi üçün xüsusi avadanlıqlardan (gizli kameralar, gizli mikrofonlar və sair gizli vasitələrdən) və ya üsullardan (“qurama” kimlik və s.) istifadə edə bilər.

2.5 Jurnalist məlumatların və ya təsvirlərin əldə edilməsi məqsədi ilə hədələməyə, güc tətbiqinə və ya təhdidə yol verməməlidir.

PRİNSİP 3: Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı

3.1 Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, bu qəbildən olan bilgiləri qabartmamalıdır.

3.2 Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır.

3.3 Jurnalist vətəndaşların şəxsi həyatına aid faktları, onlar cəmiyyətin maraqlarına toxunmursa, hüquqa zidd deyilsə və ya ictimai əhəmiyyət kəsb etmirsə, özlərinin razılığı olmadan yaya bilməz.

3.4 Jurnalist və kütləvi informasiya vasitəsi buraxdığı səhvi maksimum qısa müddətdə və tam həcmdə aradan qaldırmalıdır.

3.5 Şəxsi xarakter daşıyan məktublar dərc edilərkən icazə alınmalıdır.

3.6 Bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir...

3.7 Jurnalist, cinayətdə şübhəli bilinən şəxsin təqsirsizlik prizumpsiyası hüququna hörmətlə yanaşmalıdır.

3.8 KİV hər hansı vətəndaşın şübhəli şəxs kimi həbs olunması barədə məlumat yaymışsa və sonradan onun təqsirsizliyi sübuta yetmişsə, bu barədə mütləq xəbər verməlidir.

3.9 Jurnalist uşaqların hüquqlarına hörmətlə yanaşmalı, valideyn icazəsi olmadan uşaqlardan müsahibə götürməməlidir...

3.10. Cinayət əməli törətməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülmüşsə, bu mövzuda məhkəmənin obyektivliyinə təsir göstərəcək reportajlar hazırlanmamalı, hazırlanan reportajlarda isə bütün tərəflərin fikirləri əks olunmalıdır. Cinayət əməllərinin qurbanları öz kimliklərinin açıqlanmasına razı olmadıqda jurnalist belə şəxslərin kimliyinə həssaslıqla yanaşmalıdır. Seksual təcavüzlə bağlı hallarda bu qaydaya xüsusi əhəmiyyət verilməlidir. Şahidlər öz kimliklərinin açıqlanmasına razı olmadıqda jurnalist, ictimai əhəmiyyət daşımırsa belə şəxslərin kimliyinə həssaslıqla yanaşmalıdır.

3.11. Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir. Jurnalist zorakılığı təşviq edən, təhrik etməyə səy göstərən və ya belə hallara əl atan şəxslər tərəfindən vasitə kimi istifadə olunmamalı, əksinə, öz reportajlarında belə şəxslərin fəaliyyəti barədə müvafiq məhdudiyyətləri tətbiq etməli və yalnız müvafiq informasiyanın ictimai əhəmiyyət kəsb etməsi şübhə doğurmadıqda bu barədə reportajlar hazırlamalıdır.

3.12. Jurnalist və redaksiya terror hadisəsini şişirdən, terrorçuların məqsədinə xidmət edə biləcək qorxu effekti yaradan, terroru təblig edən və terror hərəkətinə bəraət qazandıran reportajlar verməməlidir.

PRİNSİP 4: Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi

4.1 Jurnalist gender bərabərliyinə hörmət etməli, cinsiyyətçi ifadələrdən uzaq durmalıdır.

4.2 Gender stereotiplərini təbliğ etməməli, azad obraz yaratmalıdır.

4.3 Gender-əsaslı zorakılıq hallarını həssaslıqla işıqlandırmalı, təşviq etməməlidir.

4.4 Media qurumlarında cinsi ayrı-seçkilik olmamalı, bərabər hüquqlar təmin edilməlidir.

PRİNSİP 5: Jurnalistin və media orqanının reputasiyasının qorunması

5.1 Jurnalist şəxsi maraq yaradan hədiyyələr, təkliflər qəbul etməməlidir.

5.2 Obyektivliyə kölgə sala biləcək fəaliyyətlərdən çəkinməlidir.

5.3 Reklam, sponsorluq və redaksiya materiallarını fərqləndirməlidir.

5.4 Redaksiya sirri qanun pozuntusu deyilsə, qorunmalıdır.

5.5 Material rəhbərliklə razılaşdırmadan paylaşılmamalıdır.

5.6 Plagiat qəbuledilməzdir — mənbə mütləq göstərilməlidir.

5.7 Vulqar ifadələrdən çəkinmək, dili qorumaq vacibdir.

5.8 İnformasiya mənbələrinə ödəniş yalnız zəruri hallarda edilməlidir.

5.9 Media arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır.

5.10 İctimaiyyət media sahiblik strukturu barədə məlumatlandırılmalıdır.

5.11 Jurnalist həmkarlarını qərəzli hücuma qarşı dəstəkləməlidir.

Qaydaların pozuntusu yalnız ictimai maraqlara xidmət edirsə əsaslandırıla bilər. “İctimai əhəmiyyət” anlayışı “ictimai maraq”la qarışdırılmamalıdır.

İctimai əhəmiyyət aşağıdakı hallarda yaranır:

  • Sağlamlıq və təhlükəsizliyin qorunması;
  • Ağır cinayətlərdən və sui-istifadədən müdafiə;
  • Yanlış istiqamətləndirilmə riskinin aradan qaldırılması.
Sənəd 15 mart 2003-cü ildə Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul edilib. 2018-ci ildə Avropa Şurası və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə yeni prinsiplər əlavə olunub. 24 sentyabr 2022-ci ildə isə bütün dəyişikliklər VIII Qurultayda təsdiqlənərək qüvvəyə minib.