Jurnalist Ekspert Mərkəzi Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
yardımı ilə icra etdiyi layihənin beşinci verilişini hazırlayıb. Verilişlər
Missiya TV internet kanalının studiyasında çəkilərək yayımlanır.
“Şəhid ailələri və qazilərin ən
etibarlı dayağı həmişə dövlətdir” adlanan layihə çərçivəsində beşinci verilişin
qonağı Vətən müharibəsinin qəhrəman döyüşçüsü – "Vətən uğrunda",
"Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına
görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə"
medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunan XTQ-nin
giziri Şəhid Kərim Əliyevin atası - birinci Qarabağ müharibəsi qazisi Məhəmməd
Əliyevdir.
İyulun 1-dən başlayaraq Missiya TV-də
3 ay müddətində 8-dəfə yayımlanacaq verilişlərin aparıcısı layihənin rəhbəri,
JEM sədri Ceyhun Musaoğludur.
Layihənin məqsədi şəhid ailələri və
qazilərin hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn
dəstək xarakterli fəaliyyət barəsində ətraflı məlumat vermək, çatışmazlıqları şəffaf
şəkildə göstərməkdir.
Verilişlərdə şəhid ailələrinin nümayəndələri
və qazilər qonaq qismində iştirak edirlər.
Son iki verilişin qonaqları isə rayon
icra hakimiyyətlərinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin
təşkili şöbələrinin rəhbərləri olacaq.
Xatırladaq ki, Jurnalist Ekspert Mərkəzi
2022-ci il kiçik qrant müsabiqəsində “Şəhid ailələri və qazilərin ən
etibarlı dayağı dövlətdir” layihəsi həyata keçirmişdi. Layihə çərçivəsində
imtiyazlı təbəqənin təmsilçiləri olan ictimaiyyət nümayəndələri və bu sahəyə
cavabdeh olan dövlət orqanlarının rəsmiləri, xeyriyyəçi iş adamları hazırlanan
verilişlərin qonaqları olmuşdular. “Şəhid ailələri və qazilərin ən
etibarlı dayağı həmişə dövlətdir” layihəsi 2022-ci ildə gerçəkləşən layihənin
davamı hesab oluna bilər.
Bəsirə Həsənzadə