İlqar Hüseynli: “İnsanları ədalətdən küsdürümək qəti qadağandır”
Sosial-strateji
Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Jurnalist Ekspert Mərkəzinin qonağı oldu. Söhbət etdik. Oxuduqlarınız mühakimə deyil, gileylənmirik də,
sadəcə işığa hansı yolla getməyin daha doğru olduğunu aydınlaşdırmağa çalışırıq.
Biz elə hey çalışırıq, çalışırıq... Sabaha inanaraq çalışırıq. Müsahibə boyu
danışmağımız da çalışmağımızın nümunəsidir.
- Müsahibəyə
başlamamışdan öncə dediniz ki, sizin daha çox düşündüyünüz məkan yoldur. Təhlükəli
deyilmi? Yolda yolu düşünərlər, deyəsən yoldan başqa hər şeyi düşünürsünüz? Yəqin
düşüncələrinizi hələ rəflərə düzə bilməmisiniz?
- Əslində təhlükəlidir.
İnsan niyə bu qədər düşünməlidir ki, hətta yola çıxanda belə, düşüncəsi onu
rahat buraxmasın. Mən hər şey haqqında düşünmürəm, ölkəm, dövlətim, cəmiyyətim
barədə düşünürəm. Əksinə, biz düşüncələrimizi rəflərə çoxdan düzmüşük, sadəcə o
rəflərdən həmin düşüncə dolu kitabları götürüb vərəqləmək istəmirlər. Yol mənim
üçün müqəddəsdir. Bəzi insanlar dənizdə, meşədə, dağda yaxşı düşünə bilir, mənimki
yoldur. Yola iki yanaşma var: fəlsəfi və fiziki yanaşma. Mən fiziki yolda mənəvi
yolu düşünürəm.
- Fiziki
yol gedib çatır. Bəs mənəvi yol mənzilə gedib çata bilirmi?
- Xeyir, hələ
də yol gedir. Bir dəfə gənclərə sual ünvanladım ki, dünyada ən xoşbəxt hiss nədir?
Cəmi bir nəfər “mənzil başına çatmaq” cavabını verdi.
- Nə yaxşı
cavabdır.
- Çox
yaxşı cavabdır. İnsan həyatı boyu mənzil başına çatmaq üçün yürüyür. Niyə qəzalar
daha çox mənzilinə çataçatda baş verir? Mənzilə çatmağa az qalmış tələsirsən.
Deyirlər, həbsxanada illərlə yatan şəxs azadlığa çıxacağına iki gün qalmış
böyük sarsıntı keçirir, o iki gün iyirmi günə bərabər olur.
- Düşüncələrimizin
də mənzili var.
- Dəqiq.
30 il idi düşüncələrimizin bir mənzili vardı: Qarabağ. Evdə də o barədə
düşünürdük, yolda da, mərasimlərdə də. Beynəlxalq tədbirlərdə ermənilərlə bir
araya gələndə çox sıxılırdıq. Şükür, müqəddəs mənzilimizə yetişdik.
- Daha gedəcəyimiz
mənzil yoxdur?
- Necə
yoxdur?.. Ölkənin və cəmiyyətin çatmalı olduğu zirvələr, dəyərlər var ki, o mənzillər
boş qalıb, sahiblərini gözləyirlər.
- Deməli,
hələ yenə getməliyik...
- Bizim
işimiz, yolumuz heç vaxt bitməyəcək. Biz pul, var-dövlət arxasınca qaçmayan
tamam fərqli düşüncə sahibləriyik.
- Nə istəyirik?
- O qədər
istəyimiz var ki, sıralamaq olmur. Hansı birincidir, hansı sonuncu? Bircə onu dəqiq
bilirəm ki, ziyalının istədiyi işıqdır. Hər yerdə aydınlıq, şəffaflıq, sevgi
olsun deyə, ziyalı ömrünü şam kimi yollarda əridir. Mən ədalət istəyirəm. Mənim
ruhum ədalətdir. Bilirəm ki, Ceyhun Musaoğlunun da ruhu ədalətdir. Ədalət böyük
məhfumdur. Sizin ofisdə güllər var. Gözəl güllərdir, ancaq içərisində birini
solğun gördüm. Diqqətimi o solğun gül ona görə çəkdi ki, içimdə bir ədalət
hissi yarandı. Düşündüm ki...
-
Düşündünüz ki, Ceyhun o gülə qarşı ədalətsizlik edib, eləmi?
- Belə demək
istəməzdim, ancaq nəsə başqa güllərə münasibətdə o saçaqlı gülə qarşı mizan
pozulub.
- Azərbaycana
qarşı da ədalətsizlik bütün dövrlərdə əndazəni aşır.
- Bu gün səhər
xarici telekanalların birində baxdım ki, Avropa Parlamentinin altı deputatı Azərbaycana
qarşı sankisya tələb edir, ölkəmizə aqressiya göstərir. Yolda fikirləşirəm ki,
harada səhv etmişik? Axı haqq bizik? Krılovun
“Qurd və quzu” əsərini kodeks hesab edirəm. Quzu özünü quzu kimi aparırdı,
günahsız idi, amma qazi quzunun kəsilməsi əmrini verir. Qarabağ mövzusunda
bizim dövlətin zərrə də günahı yoxdur. Belədirsə, Avropa üzərimizə hansı
boşluqdan həmlə edir? Görünən budur ki, cəmiyyətimzdəki proseslərə bir qədər fərqli
yön verməliyik. Avropa da dəyərdən danışır, Asiya da. Rusiyanın da öz dəyəri
var, Almaniyanın da. Əslində bu dəyərləri həmin qitələr və dövlətlər özləri
qonadrıb. Bəşəri dəyər vahid olmalıdır və bir sözdə birləşməlidir. O sözün adı
“ədalət”dir. Azərbaycan həm daxilində, həm də xaricində bütün davranış
üsullarını ədalət çərçivəsinə sığışdırmalıdır. Qalib dövlətin daxilində ədalət
meyarı o dərəcədə pozulmaz olmalıdır ki, qalib xalqın adına yaraşsın.
- “Mənim
azadlığım sənin azadlığın bitən yerdə dayanır”. Ədaləti bu düstur üzərində qura
bilərik?
- Məhz bu
düstur üzərində qurmalıyıq. Yaratdığımız dəyərin dəyərsizləşməsinə imkan verə
bilmərik. Yaxın Şərqin Qərb tərəfindən işğalı o ölkələrin xalqlarının
ucbatından baş verdi. Xalqları dəyərlərdən məhrum edərək ölkələrini taladılar,
hələ də özlərinə gələ bilmirlər. İnsanları ədalətdən küsdürümək qəti
qadağandır. İnsanların son ümid yeri məhkəmədir, çox təəssüf məhkəmlər ədaləti
pozmaqla məşğuldur. Korrupsiya halları vətəndaşları əməllicə əldən salıb. Axı
biz dəyərli xalqıq. Kəndəki ana sonuncu çörəyini də bişirib əsgərə verirdi.
- Necə
olurdu, müharibə zamanı ölümə gedirdik, buna baxmayaraq içimizdə sevgi hissi
daha da pardaxlanırdı. Hazırda dinc şəraitdəyik, oluma doğru gedirik,
insanların bir-birinə olan nifrəti cücərməyə başlayıb, dəhşətli kriminal hadisələri
göstərmək yetərlidir.
- Qarabağ
uğrunda savaşda biz mənzilimizə doğru gedirdik. O mənzilə sahiblənmək, yenidən
qapısını açmaq hissi ölümü ölümsüzləşdirmişdi.
- Axı
bayaq dedik, gedəcəyimiz mənzillər çoxdur?
- Bəli, çoxdur.
Biz qürbətdə olanda Vətən üçün darıxırıq. Geri dönəcəyimiz gün o qədər həyacanlı
və xoşbəxt oluruq ki... Ayağımızı Vətən torpağına qoyan kimi, o sevgimiz sanki
gizlənir. Tıxaclar, məmur qapılarında növbələr, sosial problemlər, təhsil əngəli,
palçıq yollar, çirkab suların axıdılması üçün qurulmayan drenaj sistemləri, bələdiyyə
bacarıqsızlığı, icra başçısı səriştəsizliyi, daha neçə-neçə çatışmazlıqlar
içimizdəki fərəhi yoxa çıxrır. Belə olmalı deyil axı. O qədər dəyərli kadrlar
var, onlara meydan vermək lazımdır. Elə bir düzən yaratmalıyıq ki, yetişdiymiz
mənzildə yaşamaq üçün vacib komponentlər olsun, rahatlıq olsun.
- Daha deməyək:
“Sevgimiz elə bu qədərmiş...”
- Sevginin
qədəri olmur, o ya var, ya yoxdur. Sadəcə sevginin qarşılığı olmayanda insan
bezir, küsür, mənəvi əzab yaşayır.
- Səhər gəzirdim,
yaşımı düşündüm və ani olaraq bundan sonrakı ömrümü dincəlməyə həsr etmək qənaəti
yarandı. Düşündüm ki, gedəsən Türkiyədə sadəcə yaşayasan. Təsəvvürümdə “Əlvida
Vətən. Bağışla, mən potensialımın heç 20 faizini sənə həsr edə bilmədim, o şəraiti
yaratmadılar” dedim və gözlərim doldu. Hələ heç yerə getmədən vətənsizlik mənə
ani olaraq zülm etməyə başladı. Biz Vətənsiz dözə bilmərik, nə yazıq ki, Vətən
bizsiz dözür. Yüzlərlə beyin axını olub, sanki Vətənin heç vecinə deyil.
- Vecinədir.
Ölkədə ciddi kadr çatışmazlığı var. Doymuş məhlullar gedir, onları əvəz edənlərin
də fəaliyyətərində nöqsanlar anındaca gözə dəyir. Şərt o deyil ki, sən onlarla
ixtisas sahibi olasan, müxtəlif xarici dillər biləsən. Şərt odur ki, xalqını,
dövlətini, insanını sevəsən? Fərhad sevginin gücü ilə dağı parçaladı. Fərhad
daş yonan deyildi ki, sadəcə sevirdi. Məmur sevgi dolu birisi olmaldır,
cavabdehlik daşıdığı ərazidəki bütün canlıları, insanı, heyvanı, ağacı, otu
ruhu ilə sevməlidir.
- Həmişə
deyirəm ki, məmurları ləyaqətinə görə seçmək lazımdır, daha “ləyaqət-ləyaqət”
deyib ortalığa düşdüyünə görə yox.
- Yaxşı məqama
toxundunuz. “Ləyaqət” deyib ortalığa düşən biri var idi, bu adda roman da yazmışdı, özü ləyaqətsizliklə
tarixə düşdü. Doğru deyirsiz, vəzifə sahibində ləyaqət olmadısa, o dövlətin
dayaqlarını dağıtmaqla məşğul olacaq. İki cür insan var: özünə xidmət edən və
başqasına xidmət edən. Başqasına xidmət etmək üçün yaşayan insan seçilmiş
saylılır, əgər o deputatlığa namizədliyini irəli sürürsə, ərazidəki əhali
sevinir. -
- Nəticədə
nə olur? Özünə xidmət edən Oktay Əsədov deputat olur.
- Beləliklə
də sakinlərin inamı qırılır. İnamsızlığın ikinci adı sevgisizlikdir. Adını çəkdiyin
insana oxşayanların sayı çoxdur, lap çoxdur. Onlar sevgisizlik toxumu səpirlər.
Cəmiyyətdə hökm sürən nifətin də kökündə bu amil durur. Potensial enerji kinetik enerjini əvəzləməldir.
Başqasına xidmət etmək istəyən şəxsin enerjisi içində yanır, əvəzlənmir. Bizə
klinikalar, binalar, restoranlar lazım deyil. Missiyamız mənəvi dəyər
yaratmaqdır. Bunun üçün meydan olmaldır. Təəssüf əlimizdəki meydanı da
bağlayıblar. 2014-cü idən xarici donorların fəaliyyəti demək olar dondurulub. Vətəndaş
cəmiyyəti institutunun təmsilçiləri ideyalarını gerçəkləşdirmək üçün cəmi bir mənbəyə
müraciət edirlər, o mənbə də maliyyə sıxıntısı yaşayır. Bizi fiziki şəxsə
çeviriblər, halbuki nə boyda işlər görə bilərdik. Hazırda xidmət müaqavilələri
ilə işləmək zorundayıq, bu səpkili müqavilələr isə yetərli deyil, donorlar xidmət
müqaviləsi ilə işləməyə razılıq vermirlər. Layihələrimizin ölkəmizə çox böyük
xeyri var, sadəcə hüquqi boşluq yaşayırıq.
- Dövlətin
cavabdeh şəxsləri iddia edir ki, xaricdən gələn qrantlar bəzən vətənin əleyhinə
çalışanların əlinə düşür.
- Bu
arqumentlə razıyam, sadəcə elə dövlətin də işi ciddi nəzarət etməkdir. Qurunun
oduna yaş niyə yansın axı?.. Ətrafı tüstü bürüyəcək, göz-gözü görməyəcək. Qrantın
xərclənməsinə nəzarət etmək çox asandır. Vergi var, məhkəmə var, qanunlar
var... Məsələlərə sellektiv yanaşmaq mümkündür.
- Vətəndaş
cəmiyyəti sektorunda ciddi dəyişikliklərə başlanılıb. Ümidlərimiz işıqlanmaqdadır.
Bu dəyişikliklərdə qurunun oduna yaş yanmasın deyə, neyləməliyik?
- Biz səmimi
olmalıyıq, açıq danışmalıyıq. Kimlərin işlədiyini, kimlərin yediyini açıq göstərməliyik.
Məsələn, İctimai Şuralar niyə buraxılmasın?! Bu qurumar necə formalaşıb? Orada
təmsil olunanların hansı söz sahibidir? Halbuki İctimai Şura qurumun fəaliyyətinə
nəzarət etməlidir. Hansı Şura təmsil olunduğu qurumun fəaliyyətini açıq tənqid
edə bilər. Hacıqabul gölü qurudu. O göldə 105 canlı var idi. Dünyada qırmızı xərçəngin
yeganə məkanı Hacıqabul gölü idi. Bu dəhşətli vəziyyəti İctimi Şuranın hansı
üzvü nazirə deyib. İctimai Şuralar çətir altında gizlənmək istəyənlərin
sığınacaq yerinə çevrilib. Arazın sahili məhv olub, çay yerini dəyişib. Bu
faktı qurumun rəhbərinə deyən yoxdur.
- Deyəsən
vətəndaş cəmiyyəti sferasındakı o mənzili səliqəyə salmaqdayıq.
-
İnanmasan yaşamaq mümkün deyil. Bizi haram yaşamaqdan qaçmalıyıq. Evimizə qonaq
gələndə mənzilimiz barədə soruşur, ilk sözümüz bu olur ki, evin bir daşında
haramlıq yoxdur.
- Kamyu
deyirdi: “Həyat sənin elədiklərindir”.
- Tam
doğru. Tikdiyimiz mənzil bizim elədiyimizdir. Ancaq haram yolla tiksək artıq bu
bizim yox, şeytanın əməyinin məhsulu olacaq.
- Kafkanın
“Qəsr” romanı var, əsər yarımçıq qalıb. Romanın qəhrəmanı “yerölçəndir”. Guya
onu “Qəsrdən” dəvət ediblər ki, həmin ərazilərdə yerlərin bölünməsi işində
iştirak etsin. Qəhrəman gedir, gedir, gedir... amma çatmır, heç əsər də bitmir.
Bizim getdiyimiz yolun da taleyi belə olar birdən...
- Belə ola
bilməz. Biz mütləq məzil başına çatacağıq. Kafkanın əsrində cəmi bir “yerölçən”
var. Biz isə çoxuq. Əsərimiz bitməyəcək, ardımızca gələnlər var, elə yolumuzu
da ona görə hamar və təhlükəsiz etməliyik ki, mənzilə doğru irəliləyənlər rahat gedib çatsınlar. “Qəm pəncərəsin”də bir
epizod var: Cəlil Məmmədquluzadə faytonda tək təhsil almağa gedir və sağa baxıb
görür ki, xeyli adam da karvanla ziyarətə doğru gedirlər. Mən ziyarətin əleyhinə
deyiləm, ancaq filmdəki fakt cahilliyə işarə idi. Nə yaxşı ki, o yolu keçib
bitirdik, hazırda elm bizim üçün əsasdır.
- Deməli,
yol üstündəki izi ilə tanınar.
- Əla
fikirdir. Yol üstündəki izi ilə tanınır. Biz izimizin itməsinə imkan verməməliyik.
Ceyhun Musaoğlu