Xeyr. İşıqforun qırmızı işığından keçməsi avtomonilə hansı dərəcədə qadağandırsa, jurnalistlərin peşə davranış qaydalarını pozması o dərəcədə yolverilməzdir.
Əvvəl adı "... etik davranış qaydaları" olub. Sözün dəyişməsi mahiyyətin dəyişməsi deyil. Peşəkarlığa zidd addım məhz sənətdə etik pozuntudur.
Efirdə bir reportaj gördüm. Mənimlə eyni anda süjetə baxan 8-ci sinif şagirdi belə reportajın çılpaqlığını görmək istəmədiyi üçün otağı tərk etdi.
Azyaşlı belə, kobud jurnalistika yanlışlığına dözmədi.
Reportajda bir neçə sakin filan problemdən şikayətçidir. Arxa fonda texnika, əməkdaşlar məhz həmin problemi yaradan səbəbləri aradan qaldırmaqla məşğuldurlar - sözün əsl mənasında qızğın iş gedir.
Bir neçə sakin mikrafon vasitəsilə gileyini bildirir, həmkarımız da həmin sakinlərin sözlərindən çıxış edərək qurumun faliyyətini tənqid edir. Qurum isə arxada problemi həll etməklə məşğuldur. Reportajda bu barədə bir kəlmə də deyilmir((.
Öncə qurumun mətbuat xidmətinə də müraciət olunub. Sakinlərə istinadən deyilib ki, ərazidə 1 aydır filan problem var. Qarşı tərəf 1 ay müddətin xeyli dərəcədə şişirdildiyini izah edib və vurğulayıb ki, belə hadisələr qurumun xüsusən maliyyə resursuna ziyandır deyə vəziyyətin 1 gün davam etməsinə belə, göz yummazlar. Ardından iş görüldüyünü, bitəndən sonra ərazinin əvvəlki görkəminə qaytarılacağı da reportaj hazırlamaq istəyən gəncin diqqətinə çatdırılır. Efirdəsə yalnız şikayət səsləndirilir. Belədə jurnalistikanın peşə davranış qaydalarının bir prinsipinin 3 maddəsi pozulmuş olur.
PRİNSİP 1: Həqiqətə xidmət, dəqiqlik və obyektivlik
1.1 Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır.
1.2 Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir.
1.3 Yazıda şərhlər elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, faktdan ayıra bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın.
Jurnalistikanın müqəddəsliyini qoruyaq.
JEM Monitorinq Mərkəzi