Jurnalist Ekspert Mərkəzi Azərbaycan Respublikasının
Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan
jurnalistikasının 149 illik yoluna elmi-nəzəri və təcrübi baxış” layihəsinin icrasına
başlayır.
3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində
peşənin tarixi aspektlərini özündə birləşdrən sənədli-bədii filmin ssenarisindən
ibarət “Fövqündə” adlı kitab nəşr ediləcək.
Kitaba
seçilən ad jurnalistikanın mahiyyətinə uyğundur. Jurnalist hadisələrin fövqündə
dayananda yaşananları aydın görə və peşəkarlıqla göstərə bilir.
Layihənin ikinci mərhələsində Naxçıvan Dövlət
Universitetində juranlistikanın 149 illik tarixinə həsr olunan konfrans keçiriləcək.
Naxçıvan Muxtar
Respublika ictimaiyyəti nümayəndələrinin – yerli elm adamlarının, müəllimlərin,
jurnalistlərin, vətəndaş cəmiyyəti institutu təmsilçilərinin, o cümlədən tələbələrin
iştirakı ilə keçiriləcək konfransda “Azərbaycan
jurnalistikasının hazırlıq dövrü” – (1875-ci ilə qədərki dövr); “Azərbaycan milli mətbuatının, jurnalistika
sisteminin yaranması və formalaşması dövrü” – (1875-1917-ci illər); “AXC dövrünün mətbuatı” –
(1918-1920-ci illər); “Sovet dövrü Azərbaycan
jurnalistikası” – (1920-1991-ci illər); “Müasir Azərbaycan
jurnalistikası” – (1991-ci ildən başlayan və davam edən dövr), “Sosial
şəbəkələrin peşəkar mediaya mənfi və müsbət təsirləri” mövzularında
mühazirələr deyiləcək.
3 nəfəri Bakını, 3 nəfəri Naxçıvanı təmsil edəcək mühazirəçilər
filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri Asif Rüstəmli, tarix üzrə
fəlsəfə doktoru, əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, BDU, Milli mətbuat tarixi
kafedrasının müəllimi Samir Xalidoğlu,
filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov,
filologiya üzrə fəlsəfə doktoru Şəhla
Şirəliyeva, NDU, Media və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva olacaq.
Layihə çərçivəsində nəşr olunan “Fövqündə” ssenari
kitabı konfrans iştirakçılarına hədiyyə veriləcək.
“Azərbaycan jurnalistikasının 149 illik yoluna elmi-nəzəri və təcrübi baxış” layihəsinin məqsədi Azərbaycan jurnalistikasının vizual mənzərəsinin yaradılması istiqamətində film sənayesinə dəstək göstərmək, medianın dövlət maraqlarını əsas tutaraq yeni dünya standartlarına uyğun inkişafına təkan olmaq, təmsil olunduqları peşəyə bağlılığın möhkəmləndirilməsinin vacibliyi ilə bağlı gənc jurnalistlərə mesaj vermək, onları daha peşəkar fəaliyyətə həvəsləndirməkdir.
Kitabın bir qismi Bakıda və Naxçıvanda fəaliyyət göstərən redaksiyalara, tələbələrə hədiyyə veriləcək.