Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
yardımı ilə Jurnalist Ekspert Mərkəzinin (JEM) icra etdiyi “Şəhid ailələri və
qazilərin ən etibarlı dayağı həmişə dövlətdir” layihəsi yekunlaşıb.
Bu barədə JEM-in yaydığı məlumatda bildirilir
ki, layihə çərçivısində Missiya TV internet kanalının studiyasında çəkilərək jurnalist
Ceyhun Musaoğlunun aparıcılığı ilə təqdim olunan səkkiz verilişdə şəhid ailələri
üzvləri və qazilər qonaq qismində iştirak ediblər.
Verilişlərin qonaqları "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə ilə təltif
olunan şəhidimiz Alı Həsənlinin atası Nofəl Həsənli, Azərbaycan Qazilərinin
Sosil Durumunun və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, keçmiş hərbi
hissə komandiri, qazi Xudu Xudiyev, "Vətən uğrunda", "İgidliyə
görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif
olunan şəhidimiz gizir Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlı, “Xocavəndin
azad olunması uğrunda” medalına layiq görülən müharibə əlili Teymur Kərimli, "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin
azad olunmasına görə", "Füzulinin azad olunmasına görə",
"İgidliyə görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə
təltif olunan XTQ-nin giziri şəhid Kərim Əliyevin atası - birinci Qarabağ
müharibəsi qazisi Məhəmməd Əliyev, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan
baş leytenant, qazi jurnalist Anar Miriyev, Nizami Rayon İcra Hakimiyyətinin Şəhid
ailələri və müharibə iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda
olan polkovnik-leytenant, qazi Taleh Əliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin
Şəhid ailələri və müharibə iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri,
ehtiyatda olan polkovnik-leytenant, qazi Elmar Hüseynov olub.
Qonaqlar dövlətin bu təbəqənin təmsilçilərinə
göstərdiyi diqqət və qayğıdan söz açıblar, görülən işlərdən razılıqlarını ifadə
ediblər. Bununla yanaşı, onlar mənəvi xarakterli çatışmazlıqları da dilə gətirib,
bu kimi halların genişlənməsinin qarşısını almaq məqsədilə təkliflərini söyləyiblər.
Layihə icarçıları şəhid ailələri və
qazilərin səsləndirdiyi təklifləri təsnifatlandırıb:
-
Şəhid ailələrinin narazılığını madiyyatla əsalandırmaq yanlış qənaətdir, bu
tendensiyanın ictimaiyyətdə vüsət almasına rəvac verilməsin;
-
Gələcək nəsillərin milli vətənpərvər ruhda yaşamasına təkan olan effektli əməli
fəaliyyət zəifdir: qəhrəman övladları barədə daha çox bədii filmlər çəkilsin, əsərlər,
xüsusən romanlar yazılsın;
-
Övladları şəhidlik zirvəsinə ucalan xüsusən tək qalmış valideynlərlə mütəmadi
ünsiyyət qurulması məqsədilə QHT-lərin könüllülük əsasında təşəbbüs göstərməsinə,
yerli məmurların belə təşəbbüsləri dəstəkləməsinə ehtiyac var;
-
İşlə təmin olunmaq istəyən müharibə iştirakçılarına maarifləndirici və təşviqedici
yöndən istiqmət vermək üsulları modernləşsin. Bu mənada respublika üzrə vakant
iş yerlərinin vahid platforma üzərindən təqdimatını qurmaq məqsədəuyğundur. Belədə
qazi, yaxud şəhid ailəsi nümayəndəsi məlumatı ümumiləşdirilmiş mənbədən alar,
iş yerləri axtarıb tapmaq asanlaşar;
-
Şəhid ailələrinin nümayəndələri və qazilər onlara aid qanunlar, imtiyazlar,
hüquqlar, dövlətin gördüyü işlər barədə dolğun, dəqiq, sadə şəkildə məlumat ala
bilmirlər. Məlumatsızlıq, yaxud yanlış məlumat imtiyazlı təbəqəni çaşqın duruma
salır. İcra hakimiyyətlərindəki müvafiq şöbələr məlumatlandırma və maarifləndirmə
işini təkminləşdirsin;
-
Ümumrespublika üzrə hüquqi maarifləndirmə prosesi dağınıq şəkildədir, pərakəndəlik
sistematik yanaşmanın qurulmasına imkan vermir;
- Hər hansı peşəyə yiyələnməyən qazinin iş tələbinə
müsbət cavab vermək çətindir;
-
Şəhid ailələri nümayəndələrinin və qazilərin cəmiyyətdəki nüfuzundan, yüksək
imtiyazlarından sui-istifadə edən dəllal düşüncəli, merkantil xarakterli adamların bəhrələnmə cəhdləri artıb və bu
kimi hallar fəsadlar törədir.
JEM-in yaydığı məlumatda vurğulanır
ki, layihənin yükun nəticəsi olaraq, bu təkliflər müvafiq qurumlara,
ixtisaslaşmış qeyri-hökümət təşkilatlarına ünvanlanacaq.
Layihənin məqsədi şəhid ailələri və qazilərin hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn dəstək xarakterli fəaliyyət barəsində ətraflı məlumat vermək, çatışmazlıqları şəffaf şəkildə göstərməkdir.
Bəsirə Həsənzadə