25 mart tarixində əksər media orqanlarında, xüsusən saytlarda
bir gəncin döyülməsi hadisəsini əks etdirən xəbər yayılıb.
Xəbərdə Azərbaycan Jurnalistlərinin Etik Davranış
Qaydaları ilə uyğun gəlməyən məqamlar diqqəti çəkir. Məlumata zorakılıq qurbanı olan şəxsin döyüldüyünü
göstərən foto əlavə edilib. Qurbanın gözünün altındakı zərbə izləri kölgə
effekti ilə verilsə də onun siması tam aydın görünür.
Bu yanaşma Azərbaycan Jurnalistlərinin Etik Davranış
Qaydalarında təsbit olunan 3.6.-cı maddənin pozuntusudur. Həmin şərtdə deyilir:
“Bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş
şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir.
Bu, yalnız xüsusi məqamlarda və zərərçəkənin ictimai fiqur olduğu hallarda
mümkündür”.
1.Döyüldüyü iddia edilən şəxsin belə halda fotosunun yayılmasına
icazə verib-vermədiyi bilinmir. Məlumatda bu barədə heç nə yazılmayıb. Məntiqlə
düşünəndə kiminsə fiziki şəkildə əzilmiş görkəminin ictimailəşməsinə razılıq
verəcəyi ehtimalı çox azdır.
2. Şəxsin adı da açıqlanır, bu da yolverilməzdir.
3. Zərəçəkən ictimai fiqur deyil.
P.S. Təbii ki, qaydalar birmənalı olur. Sosial şəbəkələrin
ənənəvi medianı küncə sıxışdırdığı dönəmdə qaydaları başqalarının azadlığına
toxunmadan pozmaq bəlkə də keçərli sayılar. Əslində məhz bu səpkili məlumatda zərərçəkənin
fotosu ümumiyyətlə verilməsə qaydalara hörmət etmiş olarıq. Verilirsə, heç
olmasa üz-gözünü, onu tanıtdıra biləcək əzaları, işarələri gizlətsək yaxşıdır,
medianın səliqəsinə, nüfuzuna xələl gəlməsin deyə.
Mediaekspert Monitorinq Qrupu