Aprelin 29-da məşq zamanı məşqçisi Mehman Xəlilovun ehtiyatsız və idman hərəkətlərinə zidd davranışları nəticəsində aldığı xəsarətlərə 7 yaşlı uşağın (ad və soyadı yazmaq olmaz) ölümü ilə bağlı informasiyalar genişlənməkdədir.
Mediaekspert.az saytı bu barədə yazılara Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları prizmasından nəzər salmağa çalışıb. Məlum olub ki, hadisənin işıqlandırılmasında Qaydaların əsas 3 maddəsi pozulub.
Birinci: Uşaq 18 yaşına çatmadığına görə, valideynlərinin icazəsi olmadan onun adını və soyadını olduğu kimi yazmaq doğru deyil və bu "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" PRİNSİPİ-nin 3.6-cı maddəsinin pozuntusudur.
3.6. Bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Bu, yalnız xüsusi məqamlarda və zərərçəkənin ictimai fiqur olduğu hallarda mümkündür. Əgər cinayəti yeniyetmələr və ya uşaqlar (18 yaşı tamam olmamış şəxslər) törədibsə, bu zaman da cinayətkarın adını açıqlamaqdan və şəklini yaymaqdan çəkinmək lazımdır.
İkinci: Uşağın atası məşqçinin evinə hücum edib. Bu hadisəni jurnalistlərin çılpaqlığı ilə işıqlandırması doğru deyil. Bu dəfə həmin PRİNSİPİN 3.11-ci maddəsi pozulub.
3.11. Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir. Jurnalist zorakılığı təşviq edən, təhrik etməyə səy göstərən və ya belə hallara əl atan şəxslər tərəfindən vasitə kimi istifadə olunmamalı, əksinə, öz reportajlarında belə şəxslərin fəaliyyəti barədə müvafiq məhdudiyyətləri tətbiq etməli və yalnız müvafiq informasiyanın ictimai əhəmiyyət kəsb etməsi şübhə doğurmadıqda bu barədə reportajlar hazırlamalıdır.
Üçüncü media ölən uşağın anasının məşqiçi ilə əlaqələrinə işarə edən fikirləri tirajlayır. Ortada fakt, heç bir tərəfin açıqlaması, deyilənlərin ən azı 3 məmnbədən təsdiqi yoxdur. Belədə Jurnalistlərinin Etik Davranış Qaydalarının yenə Prinsip 2-yə aid 2.2-ci və PRİNSİP 3-ə aid 3.3-cü naddələri pozulub.
2.2. Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır.
3.3. Jurnalist vətəndaşların şəxsi həyatına aid faktları, onlar cəmiyyətin maraqlarına toxunmursa, hüquqa zidd deyilsə və ya ictimai əhəmiyyət kəsb etmirsə, özlərinin razılığı olmadan yaya bilməz.