Əməkdar
mədəniyyət işçisi, rejissor Oqtay Əliyevin faciəvi şəkildə həlak olması hadisəsinə
dair mediada və sosial şəbəkələrdə yayılan məlumatlarda jurnalistikanın etik
davranış qaydalarının və prinsiplərinin ciddi pozuntusu halları yaşanır.
Bir
videoya diqqət çəkək. Mərhumun həyat yoldaşı, əməkdar artist
Dilarə Əliyevanın olduqca ağır hadisədən afekt
vəziyyətə düşdüyü açıq görünür (qəza zamanı o da avtomobildə olub). Dilarə xanım bir neçə nəfərin köməyi ilə çətinlik
çəkərək addımlayır və həyat yoldaşının adını səsləndirərək bir növ ağı deyir.
Qarşıda xeyli sayda adam telefonla çəkiliş aparır, görüntünü canlı
yayımlayırlar.
İndi
qaydalara diqqət çəkək: Azərbaycan Jurnalistlərinin Etik
Davranış Qaydaları “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı”
PRİNSİPinin 3.3-cü maddəsində göstərilir:
- Jurnalist vətəndaşların şəxsi həyatına aid faktları,
onlar cəmiyyətin maraqlarına toxunmursa, hüquqa zidd deyilsə və ya ictimai əhəmiyyət
kəsb etmirsə, özlərinin razılığı olmadan yaya bilməz.
- Danılmaz məntiqi faktdır ki, çəkiliş edənlərdən heç
biri həmin situasiyada Dilarə xanıma yaxınlaşıb “olar Sizin indiki halınızı lentə alaq” müraciəti ünvanlamayıblar.
Xüsusi
qeyd: Oxucuda,
tamaşaçıda, dinləyicidə ikrah yaradan hər hansı ifadə, mətn, görüntü, səs,
yaxud bu sıradan olan nəsnələrin ictimailəşdirilməsi mədəni davranış pozuntusu
kimi dəyərləndirilir.
Jurnalist Ekspert Mərkəzi