Azərbaycan Prezidenti yeni dövrün xəritəsini çəkdi

Jurnalist Ekspert Mərkəzi fevralın 14-də keçirilən andiçmə mərasimində Prezident İlham Əliyevin söylədiyi nitqdən çıxarışları təqdim edir:
- Bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm.
- Nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır.
- Biz şəhidlərimizin və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq. 
- Bütün dünyaya sübut etmişik ki, böyük xalqıq.
- Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu.
- Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq.
- Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi.
- Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz.
- Ölkəmiz çox güclü hərbi sənaye kompleksi yaradlb, ikinci mərhələ daha genişmiqyaslı olacaq.
- Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq.
- Milli birlik daimi olmalıdır.
- Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar.
- Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır.
- Həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda, heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz.
- Bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq.
- Azərbaycan xalqı böyük xalqdır.
- Plan azad edilmiş torpaqlarda, ilin sonuna qədər 5 şəhərdə və 15 kənddə 20 min keçmiş köçkünün yerləşdirilməsidir.
- Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək.
- Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq.
- Şəhid ailələrinin və müharibə əlillərinin evlərlə 100 faiz təmin edilməsi prosesi sürətlə gedir.
- Hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır.
- Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. 
- Yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq.
- Azərbaycan intellektual məhsulun ixracatçısına çevrilibdir,  “ASAN xidmət” artıq başqa ölkələrdə tətbiq olunur. 
- Ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik.
- Bütün şəhərlərdə, bütün kəndlərdə insanlar təmiz içməli su ilə təmin olunmalıdırlar. 
Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaqdır. 
- Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq.
- Vaxtilə bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda neft yoxdu.
- Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir.
Çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır.
- Heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk.
İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir.
- 2004-cü ildə Azərbaycana xaricdən bir milyon qonaq gəlmişdirsə, bu il gələcək qonaqların sayı üç milyona çatacaqdır.
- Heç kimdən heç nə xahiş etməmişəm.
- Dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir.
- 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz.
- Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır.
- Siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox.
slam Əməkdaşlıq Təşkilatında təşəbbüslərimizin qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır.
- Əlimizdən gələni edəcəyik ki, Qoşulmama Hərəkatı bir təsisat kimi daha da güclənsin.
- Yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq.
Dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq.
- Dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq.
- Neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar.
- Bizə qarşı atılan addımlara adekvat addım atacağıq.
- Bizə qarşı məkrli planlar hazırlayanlar əminəm ki, peşman olacaqlar.
- Cavabımız amansız olacaq, sarsıdıcı olacaq.
- Bizdən xahiş edənlərin sayı artır.
- Ehtiyacı olanlara kömək etməyə həmişə hazırıq.
- Beynəlxalq ictimaiyyət bizim tərəfimizdədir.
- Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir.
- Bizə vasitəçi lazım deyil, öz məsələmizi həll etmişik.
- Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. 
- Sülh müqaviləsi imzalanmasa, Azərbyacan üçün heç nə dəyişməyəcək.
- Yerindən duran bu məsələni həll etmək istəyir, gedin öz işinizlə məşğul olun.
- Taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik.
- Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. 
- Bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik.

Mediaekspert.az