Nazim Hikmət deyirdi: “Dünyanı verəlim uşaqlara”. Hərəmiz bir uşağa dünya versək, kainat saflaşar, durular, əvvəlki olmaz - daha məsum bir dünyanın sakinləri olarlar.
Anada qüdrətə bax, 2, 3, 5, 8, 10 uşağa dünya verir. İzzət ana, 8 övladını amansız illərin sərt həyatına hazırlayan dahi anası. Dünyanı 8 uşağa verən bu ana, 10 milyonluq bir xalqa elə o uşaqların biri vasitəsi ilə əbədi işıqlı dünya verdiyini bildimi görən? Ruhlar həmişə yaşayırlar. Əlbəttə bildi. Görəsən, İzzət ana söylədiyi laylaya nə qatdı? Görəsən, Əlirza ata, min bir əziyyətlə qazandığı çörəyə hansı duanı oxudu ki, 8 övladın 3-ü alim akademik, biri Xalq rəssamı, ikisi elmlər namizədi, biri general sərkərdə oldu?
Və o sərkərdə general gələcək qüdrətə sarı üzən Azərbaycan adlı gəmini fırtınaların içindən keçirdi, elə sulara gətirib çıxardı ki, tufanı da nəsim yeli kimi əsdi, yağmuru da çiçəklərə dönüb başımıza səpələndi.
Övladlarımıza tərbiyə, təhsil, sosial cavabdehlik, xoşbəxt həyat vermək üçün dəridən-qabıqdan çıxırıq. Bəzən alınır, bəzən alınmır.
1923-cü il - 23 aylıq müstəqilliyini iki il öncə itirmiş, Rusiyanın əsarətinə düşmüş məmləkət. Əsarətdə olan ölkənin ən məşəqqətli dövründə “bəzən” ifadəsinin övladların tərbiyəsinə çox-çox az bağlılığı olur. Atalar-analar torpaqdan, daşdan çıxardıqları bir tikə çörəklə gələcəyin ümidlərini yetişdirirlər. Əlirza atanın ailəsində elə övladlar yetişdirdilər ki, onlardan təkcə birinin qüdrəti ilə Azərbaycan ikinci və əbədi müstəqilliyini qazandı. O, qəti təmkinlə “Azərbaycanın müstəqilliyi, əbədidir, dönməzdir, sarsılmazdır!” - dedi.
Əliyevlər ailəsinin sərkərdə oğlunun dövlət qurması, daha sonra nəvəsinin o dövlətin sarsılmazlığını təmin etməsi azərbaycanlıların ürəyində bir nida kimi heykələ dönəcəkdi! O zaman çadraya bürünüb küçələrdən sürətlə keçən qadınların, belində külünc daşıyan kişilərin, cırıq-cındır içində vurnuxan savadsız, işsiz, evsiz-eşiksiz, idarəsiz, ordusuz xalqın bundan xəbəri yox idi. Möhtəşəm tarix yaratmış və yaşatmış xalq imperiya əsarətində gələcəyini qura bilmirdi. Başçıya, liderə ehtiyac var idi. Üstündən 100 il keçdi.
Kainatın öz qanunu var. Şərqdə ilk demokratik Cümhuriyyət qurmağı bacaran xalqın azadlıq istəyi, türk qardaşlarımız demiş, evrenə göndərilmişdi. Cavabını 1993-cü ildə aldıq. İyunun 15-i tariximizə Qurtuluş Günü kimi yazıldı. Qurtulduq.
Ana laylasının sehrinə düşən, qabar tutmuş kişi əllərinin sığalına ovsunlanan 8 uşağın 4-cüsü - Heydər Əlirza oğlu Əliyev məşəqqətlərinə şahid olduğu xalqına elə bir xoşbəxtlik yaşatdı ki, Kvant fizikası özü belə, duruxdu. Kainata nə göndərsən özünə qayıdır - bu, düsturdur. Sadəcə Azərbaycanımın simasında göndərdiyimiz yüz qatı ilə geri dönmüşdü. Sərkərdə Heydər Əliyev elə bir yol xəritəsi hazırlamışdı ki, onun varisi həmin xəritədə Şuşanı qızıl hərflərlə yazdı.
Bu gün Heydər Əliyevin yol xəritəsi par-par parıldayır. 28 il işğalda qalan cənnət yurdlarımızın hərəsi bir günəşə dönüb, xalqın simasına nur saçır.
İstedadlısansa, hər sahədə istedadlısan. 8 uşaqlı ailədə bir oğul böyüyürdü. O uşaq məktəbdə oxuyarkən tamaşalarda yaşatdığı obrazları həyatında yaşamalı oldu. Qaməti, diksiyası, natiqliyi, baxışı onu şahzadə, sərkərdə rollarına daha da yaraşdırırdı.
Tələbə olmaq istəyən Heydər insan fəaliyyətinin məhz yaradıcı sahəsini seçdi. Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinə qəbul oldu.
Tələbə ikən müharibənin amansızlığı ilə üzləşən Heydər Əliyev 1994-cü ildə Prezident olaraq işğalçı Ermənistanla atəşkəsə nail oldu. “Kəssə hər kəs tökülən qan izini, qurtaran dahi odur yer üzünü”. Heydər Əliyev qana çalxanan, qardaş qırğını yaşayan, dövlət kimi silinmə təhlükəsi ilə üz-üzə qalan Azərbaycanda sülhə və sabitliyə nail olmaqla böyük Hüseyn Cavidin dahi kimi təqdim etdiyi obrazı tamamlamış oldu.
41-ci ildə ilk ali təhsilini yarımçıq qoymaq məcburiyyəti yaşayan fenomen şəxsiyyət 26 ildən sonra general oldu. Taleyini özü yazan insanlar silsiləsində ucalardan ucada dayanmaq bu olsun gərək!
1969-cu ilin 14 iyulunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etdi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi.
SSRİ - dünyanın bir nömrəli nəhəng ittifaq dövləti. Bu ittifaqın əsas rəhbərlərindən biri də Heydər Əliyev! O ölkədə yaşayan 131 millətin içində bu qədər yüksək idarəçilik ucalığına yüksəlmək dahi insanın hansı səviyyədə möhtəşəm olduğunun görsənişidir.
Onun həyat kredosu Azərbaycanın bütün sahələrdə yüksəlişi idi. Heydər Əliyev dühası sovet Azərbaycanında yüzlərlə mübarək işlərə imza atır. Elmin, mədəniyyətin, təsərrüfatın bütün sahələri o dövrdə bitkin forma alır. O dövrdə ölkədə ümumi şifahi, ədəbi, elmi, rəsmi... dil öz zənginliyini əldə edir. O dövrdə Azərbaycanda artıq yetkin sosial təfəkkür formalaşır.
Türk ölkələrinə bu xoşbəxtliyi yaşamağa imkan vermək istəməyən imperiyanın məkrli xislətinə yox deyən Heydər Əliyev 1987-ci ilin oktyabrında Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi. Bu cəsarətə sahib olmağın özü də dahilikdir. SSRİ-nin faktiki 4-cü vəzifəsinə sahib olasan və özünün, xalqının ləyaqətini daha uca tutasan, kabinetin qapısını imperiyanın sifətinə çırpasan. Xalqına görə, ölkənə görə, vətənin kölə olmamasına görə ən yüksək karyeradan belə imtina edəsən.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını da tərk etdi.
Sonrası yaşadığımız şanlı tarixdir. 1990-cı ildə Bakıya, ardından Naxçıvana qayıdan Heydər Əliyevin imperiyanın caynağından qurtulması isə bax həmin İzzət ananın laylasında oxuduğu, bax həmin fəhlə Əlirza atanın saf niyyətlə kainata ünvanladığı diləklərin nəticəsi idi. Bütün varlığı ilə sevdiyi Xalqı da o diləklərlə dolu enerjisi ilə Liderin sağ-salamat dönməsinə dua edirdi.
Heydər Əliyev gəlişi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini oldu, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçildi.
Başını və başçısını itirmiş Azərbaycan Heydər Əliyevi Azərbaycana çağırmaqla “xalqın gözü tərəzidir” inamını o dərəcədə təsdiqləmiş oldu ki, bu kəlməni işlədən qədim ataların da ruhları sevindi.
O, daxili çəkişmələrdə qana çalxanan Azərbaycanı 1993-cü ilin 15 iyun nidası ilə xilas etdi. Ailənin 4-cü övladı bütün millətin 1-ci şəxsi oldu. Hər kəs Heydər Əliyevi özünün doğması, əzizi, ailə üzvü bildi. Bir çağırışla gecə saat 3-də Azadlıq meydanına toplaşan xalq sonsuz sevgisi ilə Heydər Əliyevin dayağı oldu. Parlamentdə tək-tənha “Məni ancaq fiziki məhv edə bilərsiniz, amma fikrimdən, əqidəmdən döndərə bilməzsiniz” deyəndə də xalqa arxalandı. SSRİ-yə yumruq göstərdiyinə görə, qapalı şəraitdə saxlanılmağa məcbur ediləndə də, onu Azərbaycandan doğacaq Günəş enerjiyə bürüdü. Naxçıvanda olarkən çəkdiyi əziyyətlərə də xalqın simasına qonacaq fərəhli gülüşü təsəvvüründə canlandıraraq ovundu.
30-cu illərdə Əlirza kişinin kasıb komasının taxta qapısından çıxan yeniyetmə Azərbaycana elə bir qapı tikdi ki, dost üzünə həmişə açıq, düşmən üzünə qapalı oldu.
Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də Milli Məclisin qərarı ilə ölkənin Prezidentinin səlahiyyətlərini icra etməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi onu ölkənin Prezidenti seçdi, onun rəhbərliyə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində ciddi dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.
Heydər Əliyev idarəçilikdə kadr resurslarından səmərəli şəkildə istifadə edərək çox güclü siyasi hakimiyyət qurdu. Ölkədəki digər siyasi güclər onunla rəqabət apara bilmədi.
1994-cü il sentyabrın 20-də neft yataqlarının birgə işlənməsi və hasil olunması üçün dünyanın 11 ən iri neft şirkəti ilə “Əsrin Müqaviləsi”ni imzaladı. Bununla da həm dövlətin xarici siyasi dayaqlarını, həm də dövlətin zəngin büdcəsini təmin etmiş oldu.
Heydər Əliyevin prezidentliyi zamanında ordu quruculuğunda ciddi yüksəliş başladı. Qonşu təcavüzünün qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi. O, gələcəkdə müzəffər ordu qurub qarşı tərəf üzərində “Dəmir yumruq” zəfərinin qazanılması üçün 1994-cü ilin mayında ilk mərhələ kimi atəşkəsə nail oldu.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edildi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Dünya Azərbaycanlılarının Diaspor təşkilatının yaradılması, mediada senzuranın ləğv edilməsi, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bir sözlə, O, dövlətin bütün atributlarını, təsisatlarını qurmaqla Azərbaycan adlı yeni, modern ölkənin memarı oldu.
Heydər Əliyev SSRİ dövründə 33, müstəqilik dövründə 87 mükafata layiq görülüb. Sonra özü ən ali mükafata çevrildi: "Heydər Əliyev" ordeni Azərbaycan xalqının Ümummilli lideri, Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini dəyərləndirərək və onun xatirəsini əbədiləşdirmək məqsədi ilə təsis edildi.
Ancaq ona ən böyük mükafat xalqın əbədi sevgisidir. Bu nəhəng insana verilən layiq qiymətin çəkisi elə Azərbaycan dünyası qədərdir. Ulu öndər, Ümummilli lider adına layiq görülən insan əbədiyaşardır demək. O, həmişə bizim dünyamızdadır. Heydər Əliyev həm də Prezident İlham Əliyevin simasında yaşayır.
“Biz o yurdlara qayıdacağıq, mütləq qayıdacağıq” - dahi insan belə demişdi. Qayıtdıq. Ali Baş Komandan bizi Şuşaya qaytardı. Ölkə tarixində son 200 ildə yaşanmayan hadisə baş verdi. Azərbaycan xalqının 28 illik yurd həsrətinə son qoyuldu.
İzzət ana, Əlirza ata, oğlunuzun yolunu gedən nəvəniz xilaskarlıq missiyasını davam etdirdi. Valideyn enerjisinin, əxlaqının, sevgisinin gücü ənginliklər qədərmiş. Siz bizə elə oğul bəxş etdiniz ki, ona ötürdüyünüz xalq sevgisi tükənmədi, itmədi, bir şəkildən başqa şəklə keçdi. Azərbaycanı bir xalqdan başqa xalqa çevirdi - güclü xalqa, azad xalqa, müzəffər xoşbəxt xalqa!
Bütün bu dəyərlərinə görə Ulu öndər barədə iri həcmli simfonik əsər yazılıb, məşhur və həvəskar bəstəkarlar mahnılar həsr ediblər, filmlər çəkilib, bir çox məşhur insan memuar yazıb. Ulu öndərə ayrı-ayrı nəsr və poema janrında müxtəlif əsərlər həsr olunub.
Sadaladıqca çoxalır, yazdıqca bitməz. Heydər Əliyev haqqında qalaq-qalaq kitabların yaranması da bu amilin təsirindəndir. Dünya var olduqca Ulu öndər haqqında yazılacaq, danışılacaq.
O, yenidən ölkəyə dönəndə 11 yaşım var idi. Dünyanın gəlişindən-gedişindən, siyasətdən xəbərsiz bir məktəbli. Hamı Əliyev haqqında danışırdı. Biz məktəblilərin qəlbində səmimi sevgi vardı - Heydər baba sevgisi. O vaxt inanırdım ki, Qarabağı məhz Heydər baba alacaq.
Bu gün Qarabağ bizimdir. İnamım doğrulub. Heydər Əliyevin vəsiyyəti ilə onun varisi bizi inamın xoşbəxt nəticəsinə çatdırdı. Özü müzəffər Ali Baş Komandan, bizi isə qalib xalq kimi tarixə yazdı. İndi bütün dünya Azərbaycanın qüdrətindən danışır. Bu qüdrətin mayası Heydər Əliyevdir!
İzzət ana, Əlirza ata, ruhunuza hansı duaları oxuyaq ki, yetirdiyiniz sərkərdənin simasında xalqımıza bəxş etdiyiniz xoşbəxtliyin qarşısında bir misqal çəkisi olsun? Ruhunuz qarşısında baş əyirik!
Şamil Şahbazov
Jurnalist Ekspert Mərkəzi İdarə Heyətinin üzvü
(525-ci qəzet)