Jurnalistin köksündə ürək əvəzinə mina döyünür, beynində sönməyən vulkan qaynayır. Jurnalistsənsə rahat yaşaya bilməyəcəksən: cəmiyyəti, vətəni, dövləti, ən nəhayət həqiqəti varlığından uca bilənlərin ruhu cismlərinə heç vaxt sığmır, sığmayıb, sığmayacaq da. Jurnalist alın yazısını özü yazır.
Dünyanın hər yerində jurnalistlərin alnında belə yazılıb: "Hər söz, hər nöqtə üçün narahat olacağam deyə, az yaşayacam". Həqiqəti həqiqi tərzdə göstərmək borcu jurnalistin hər gününü mənəvi narahatlığa düçar edir.
Jurnalistsənsə özünü yox, imzanı qoruyacaqsan, səhhətini yox, fəaliyyətini müalicə edəcəksən.
Jurnalist yaşamaq üçün deyil, yaşatmaq üçündür.
Şəhidliyi seçənlərin amalı budur: "Təki Vətən yaşasın", jurnalistin tapındığı ideyasa bu: "Təki cəmiyyət sağlam yaşasın".
Biz sənətimizi könüllü seçmişik, könlümüzcədir.
Ceyhun Musaoğlu