Azərbaycan Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı çərçivəsidə qeyri-rəsmi beştərəfli görüşdə əsas sima kimi iştirak edib. Görüş mayin 31-də olub. Bir gün öncə Moldovanın Kişineu şəhərinə səfər edən Azərbaycanın dövlət başçısı öncə Moldova Prezidenti Maya Sandu ilə görüşüb.
Maya Sandu “Avropa siyasi birliyi”nin Moldovada
keçirilən Zirvə toplantısı çərçivəsində İlham Əliyevin Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanın baş nazirinin,
Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək beştərəfli görüşünü
müsbət addım kimi qiymətləndirib.
Azərbaycan Prezidenti həmin gün Moldovanın Baş naziri Dorin Reçan ilə görüşüb.
İyunun
1-i Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə
toplantısının açılış mərasimi öz işinə başlayıb. Prezidenti İlham Əliyevin
iştirak etdiyi tədbir paytaxtdan 35 kilometr məsafədə yerləşən Bulboaka kəndində
keçirilib. Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət
başçıları təmsil olunublar.
Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi,
enerji təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi
mövzularında müzakirələr aparırlar.
Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Zirvə
toplantısının enerji təhlükəsizliyi məsələsinə həsr edilmiş “dəyirmi masa”sında
da iştirak edib.
Ardından
beştərəfli görüş gerçəkləşib. Nəticələr barədə isə ənənəvi olaraq ümumi məlumat
yayılıb. Məlumatdan belə aydın olur ki, Azərbaycan sülh sazişinin
imzalanması istiqamətindəki bütün mərhələləri planlı, ölçülü və
biçili şəkildə keçir.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel qeyri-rəsmi
görüşün yekunlarına dair mətbuata açıqlama verib. Açıqlamada görüşün çox yaxşı keçdiyi vurğulanıb və qeyd
olunub ki, Brüsseldə müzakirə olunan məsələlər ətrafında – əlaqələndirmə, təhlükəsizlik,
sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanı yaranıb.
“Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək
növbəti toplantıya çox yaxşı hazırlıq oldu. Bu o deməkdir ki, biz çox gərgin
çalışırıq. Biz münasibətlərin normallaşdırılması istiqamətində bütün müsbət səyləri
dəstəkləmək niyyətindəyik” – cənab Mişel açıqlamasında bildirib. Avropa
İttifaqı Şurasının Prezidenti “Avropa
siyasi birliyi”nin İspaniyada keçiriləcək növbəti tədbiri çərçivəsində liderləri
yenidən eyni tərkibli görüşə dəvət etmək niyyətində olduqlarını diqqətə
çatdırıb: “Münasibətlərin normallaşdırılması istiqamətində daha çox irəliləyişə
çatmağa yardım göstərmək üçün əlimizdən
gələni edəcəyik”.
Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icmasının üzvləri ilə görüşündə tərəflərin 1975-ci il xəritələrinin Ermənistanla Azərbaycan arasında gələcək demarkasiya işlərinin əsası kimi qəbul olunmasına etiraz etmədiklərini deyib. Paşinyan bildirib ki, bu, 86 600 kvadratkilometr ərazi bütövlüyünün təsdiqi istiqamətində növbəti addım deməkdir.
O, tərəflərin kommunikasiyaları açmağa və 9 noyabr
2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini həyata keçirməyə hazır olduqlarını
da söyləyib.
Bu kimi detallar onu deməyə əsas verir ki, beştərəfli
qeyri-rəsmi görüş pozitivliyi ilə seçilib.
İyulun 21-də Brüsseldə gerçəkləşəcək üçtərəfli görüşə
qədərki dövr ərzində XİN başçıları Vaşinqtonda növbəti dəfə görüşərək, sülh
müqaviləsi ilə bağlı danşıqlar aparacaqlar. Belə görünür ki, üçtərəfli format sülh sazişinin
imzalanması istiqamətndə aparılan proseslərdə əsas formatdır.
Mişelin vasitəsilə aparılan danışıqlar koordinasiya
xarakterlidir. O cümlədən Fransa və Almaniyanın iştirakı qeyri formal xarakter
daşıyıb. “Avropa siyasi birliyi”nin Zirvə toplantısına qatılan Şarl Mişel və
Olaf Şoltsun Şarl Mişelin dəstəyi ilə üçtərəfli
formatda aparılan danışıqlarda iştirakı mühit baxımından təbiidir.
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də
Laçında Qarabağ separatçılarının gələcək durumu ilə bağlı söylədiyi fikirlər Cənubi
Qafqazda sülhün yaradılması və davamlı olmasına böyük təkandır. Pezident bəyan
edib ki, qondarma respublikanın təmsilçiləri istefa verdikləri və Azərbaycan
qanunlarını tanıdıqları təqdirdə onların amnistiyasına baxıla bilər.
Bu bəyanatdan öncə Nikol Paşinyan "Dağlıq
Qarabağı Azərbaycanın tərkib hissəsi kimi" tanıya biləcəyini açıqlamışdı.
Mayın 30-da ABŞ Dövlət Departamenti Əliyev və
Paşinyanın son açıqlamalarını təqdir edən bəyanat yayıb.
Artıq erməni politoloqlar, Azərbaycan Prezidentinin nə
deyirsə onu gerçəkləşdiriyini əsas götürərək, erməni separatçılarına silahı yerə
qoymağı tövsiyə edirlər.
Məntiqi gedişatdan aydın görünür ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı günə az qalıb. Yetər ki, erməni cəmiyyəti və hakimiyyəti Qarabağdakı qanunsuz silahlı ünsürlərə həyatı bu və ya digər şəkildə açıq, obyektiv başa salsınlar. Biri var, Qarabağdakı ermənilər quldurluq etdiyinə görə axır-əvvəl tutulsunlar, Azərbaycan qanunları ilə cəzalansınlar, biri də var, səhv yolda olduqlarını anlayıb, ziyanın yarısından geri dönsünlər, beləliklə regionda sabitlik və inkişafa daha tez nail olunsun, nəhayət ermənilər də yaratdıqları mifdən qurtularaq inkişafda olan digər xalqlar kimi rahat yaşasınlar.
Zəruri qeyd: Mif sözünün mənasını və etimalogiyasını da xatırlatmaq yerinə düşər. Mif şifahi xalq ədəbiyyatının ən qədim janrlarından biridir. Bu janrı ibtidai insanların ibtidai təsəvvür və anlayışları yaradıb. Nəhayət ermənilərə ibtidai insan düşüncəsindən uzaqlaşmaq imkanı açılıb.
Həm Avropa İttifaqı daxilində, həm də
ondan kənarda kiçik və böyük ölkələri müzakirələr zamanı bərabər səslə təmin edən
nadir və misilsiz platforma olan “Avropa siyasi birliyi”nin məqsədi ümumi maraq
doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək,
Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
“Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı
Moldovanın tarixində ən böyük beynəlxalq tədbirdir.
“Avropa siyasi
birliyi”nin birinci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının
paytaxtı Praqada keçirilib.
Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri