Dünyanın hər yerini gəz, yüzlərlə kollektivdə işlə, özünə minlərlə dost, yoldaş tap yenə məhləndə, uşaqlığın, yeniyetməliyin keçən küçəndə, bacanda xoşbəxtsən. Onların məsxərələri, zarafatları, mübahisələri sənin mənəvi qidandır.
50 illik dostlarım var, onlar mənimlə ərklə danışmaq kimi mübarək səlahiyyətə malikdirlər. Kəndimi adamlarına görə sevənlərdənəm.
Mehdiabad kənd deyil, əvvəl sovxoz olub, indi qəsəbədir. Bizim məhlə sevgimiz Mehdiabadı lap elə Bakı kəndinə çevirdi. Ətrafımızdakı yurdların demək olar hər biri qədim Bakı kəndi sayılır. Alayı düşüncə tərzi olur bizim tərəflərin adamlarının. Məhlə dilində "ponyatka" deyirlər.
Kəndimi, məhləmi, dostlarımı fərqləndiən cəhət həmin o fərqli "ponyatka"dır. Biz məhləmizin namını heç nəyə qurban vermirik.
Şəhidlərimiz də var, qazilərimiz də, qəhrəmanlarımız da və xeylidirlər.
Biz fotodakı 3 yaşlı uşağın cizgilərinə baxıb, onun kimin nəvəsi olduğunu müəyyənləşdirmək bacarığına sahib olan sevgi dolu adamlarıq.
Biz dirilərimizin ölülərinin qəbir yerlərini dəqiq bilən və onları doğmalarından xəbərsiz mütəmadi ziyarət edən hörmət dolu adamlarıq.
Biz toyuna getdiyimiz gənc dostumuzun indi nəticəsinin toyuna sevinclə gedən ülfət dolu adamlarıq.
Biz 35 ildən sonra da sinif rəhbərimizi görəndə köynəyin sonuncu düyməsini bağlamağa cəhd göstərən diqqət dolu adamlarıq.
Biz küləkli havada qarşımızda gedən yubkalı xanımlar başıaşağı sürətlə ötüb keçməyə çalışan və ötüb keçən mərifət dolu adamlarıq.
Biz məhləuşaqlarıyıq. Rahatlığımızın yeganə və əbədi məkanı olan məhlənin uşağı olmağı bacarmaq və bir ömür boyu beləcə uşaq qalmaq BÖYÜKLÜKDÜR.
Ceyhun Musaoğlu