Doğrudanmı növbə bayağı verilişlərin efirlərdən yığışdırılması
mərhələsinə çatdı? İnanmaq çətindir. Vəziyyət o qədər acınacaqlıdır ki, o
verilişlərə baxanlar belə, onlardan bu barədə soruşanda deyirlər “yox, biz səviyyəsiz
verilişlərə baxmırıq”.
Nonsesdir: baxırlar, amma baxdıqlarna görə
utanırlar. Sual: bəs niyə baxırlar? Hə, elə bəla da buradan başlayır. Səviyyəsiz
düşüncənin sualıdır. Kütlə psixologiyası bayalıqlığa, yüngüllüyə, məişətə, düşünmək
tələb etməyən informasiyalara meyillidir. Kütlənin zövqünü yüksəltmək əvəzinə
bu gerçəkdən sui-istifadə edərək insanları toplum halında səviyyəsizliyə sürükləmək
mədəniyyətə, mənəviyyata xəyanətdir.
Biz sıradan toplum deyilik, nəhəng xalqıq. Ədəbiyyatı,
filmi, incəsənəti, jurnalistikası, gücü, qüdrəti, qüruru, adəti-ənənəsi olan qürurlu
xalqıq. Bizi şit, tərbiyəsiz verilişlərlə kütləyə çevirərək təqdim etmək, “baxırlar
veririk, baxmasınlar verməyək” cavabı ilə haqlı görünməyə çalışmaq əxlaq çərçivəsindən
çox uzaq davranışdır.
Jurnalistika məhz ona görə var ki, xalqa doğrunu dəqiq
göstərərək, onu azmağa qoymasın. O bayağı verilişlərin hansı doğrunu göstərir? Psixoloji
problemi olan kimsəsiz birini efirə çıxarıb onu ən tərbiyəsiz üsullarla məsxərəyə
qoymaq hansı kriteriyaya uyğundur? Adam doğulandan uşaq evində böyüyüb, heç
kimi yoxdur, 20 manat verib onu efirdə meymun yerinə oynadırlar: gah deyir, “arvadımı
qardaşım qaçırdı”, gah deyir “bardan qız axtarıram”, gah deyir... İnsanı rəzil
duruma salan, tamaşaçını təhqir edən, genefondu dağıdan nə qədər mənfur
davranış tərzi var, efir bütün evlərə virus kimi səpir.
Sizə bu ixtiyarı kim verib? Hər cümləsinin üstündə əsən
Azərbycan jurnalistikasını“Ümid var”, “Adam içində” “Öz aramızda”,
"Sevimli şou", "Ay Zaur", "Vay Zaur", “Həmin
Zaur”, “Zarafatsız şou”, “Hər şey daxil”, “Bizimləsən”, “Elgizlə izlə”, “Səni
axtarıram”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi zibil yığını ilə tanıtdırmaq, tamaşaçının etibarından sui-istifadə edərək
onları aldatmaq məhz birmənalı dələduzluqdur.
Nəhayət dövlət baba işə qarışdı. Görün özlərini nə
günə qoyublar ki, müstəqil televiziyanın müstəqil verirlişləridir, ancaq dövlət
məcbur olub bu rəzaləti dayandırmaq məqsədi ilə ATV, Xəzər, ARB və Space telekanallarının
rəhbərlərini Prezident Administrasiyasına dəvət edib.
Bu barədə rəsmi məlumat olmasa da, yayılan xəbərlər
olayı təsdiqləyir. Utancvericidir: Rəzalət maşınını saxlamağa nə tamaşçının
gücü çatdı, nə aparıcının, nə də efir rəhbərlərinin. Nəhayət xalqın həyacan
siqnalı ən yüksək səviyyədə eşidildi.
İndi əsas sual budur: efirə ədəb-ərkan gələcəkmi?
Yoxsa yenə də həmin aparıcılar köhnə verirlişlərin adlarını dəyişib, bir az da
üz-gözlərinə əl gəzdirib, eyni məzmunda fərqli formatda zühur edəcəklər? Yox,
zamana buraxmaq olmaz. Proses başlayıbsa, xalqın ziyalı düşüncəli kəsimi, sağlam
jurnalistika, həm də inzibatçılıq birgə mübarizə aparıb efiri virus verirlişlərdən
təmizləyənə qədər geri çəkilməsin.
Ölkələri dağılan, paramparça olan xalqların taleylərinə
baxın, onları miskin duruma salan qara qüvvələr hücumlara jurnalistika cəbhəsini
yararaq keçdilər. Əvvəl mədəniyyəti, sonra mənəviyyatı dağıtdılar və xalq yoxa
çıxdı.
Biz bayağı verilişlərin “şizofrenik qəhrəmanları"nın
xalqı deyilik. Biz Şuşaya bayraq sancan cəngavərlərin xalqıyıq. Biz namusu,
qeyrəti, adəti canımızla, qanımızla qoruyan xalqıq, namusu, qeyrəti, adəti it
yerinə hürdürənlər bizdən ola bilməzlər.
Ceyhun Musaoğlu