Murdar hadisəni yaradan prosesə hələ müasir terminli
ad da qoymuşuq. Bu adla vəhşiliyə, zorakılığa don geyindirmiş oluruq, murdarlığı təmtəraqla təqdim edirik. Hər
şeyi öz adıyla çağırmırıq deyə, çirkinliyi gözəllik, gözəlliyi çirkinlik
bilirik.
Heyvanlığa "bulink" adı qoymaqla heyvanlığı
adamlıq səviyyəsinə qaldırmış oluruq. Məktəbli qızların sinif yoldaşları olan
başqa qıza qarşı dəhşət saçan zorakılığı bulink-mulink-qulink deyil, məhz tərbiyəsizlikdir.
Tərbiyəsizliyin tərifi var, zorakılıq, vəhşilik, heyvanlıq və bu kimi
davranışlar tərbiyəsizliyin bəhrəsidir. Tərbiyəsə öncə gendən gəlir, sonra ailə
tərbiyəsindən, məktəb tədrisindən, mühit təsirindən.
Dünən yayılan o murdar kontentli videodakı "pəncəli
aslan", xəstə Əhmədin qız variantıdır. Məktəbli yoldaşına tərbiyəsizliyin ən
rəzil səviyyəsində vəhşilik edən qız uşağı elə Əhməd kimi ailəsinə - atasına,
anasına, bacısına, qardaşına, birinci dərəcəli bütün qohumlarına qarşı qətliam
törətmiş oldu. Əgər o "əhmədə"nin valideynləri mənimlə razı deyillərsə,
çıxıb bütün ölkədən, qızlarının hoqqasının psixoloji təsirinə düşən hər kəsdən,
videonu yayanlardan, videoya baxanlardan, videoya baxmaqdan imtina edənlərdən,
cəmiyyətdən, dövlətdən üzr istəsinlər. Yox, zorakılığa məruz qalan o məsum
qızdan üzr istəmək lazım deyil. Sizin və o vəhşi əməlli qızınızın məsum məktəbli
qızla hər hansı formada ünsiyyəti əbədi qadağan olunmağa məhkumdur. Siz
zorakılığa məruz qoyduğunuz qıza vurduğunuz hər mənada son dərəcə ağır zərbələrə
görə cinayət məsuliyyəti daşıyırsınız. Sizinlə polis, məhkəmə, ictimai qınaq
danışsın, siz o məsum qızla kəlmə kəsəcək hüquqa, haqqa malik deyilsiniz, o
vaxta qədər ki, "pəncəli aslan"ınız cəzalanmayıb, siz – valideynləri
və cəmiyyətin töhmətini almayıb.
Bəli cənab dövlət, vəhşiliyə məruz qalan qız mənim
qızımdır. Bəli həşəmətli ictimaiyyət, zorakılıq törədən də mənim qızımdır.
Onlar iki bacıdır. Yox, mən mala çəkən valideynlərdən deyiləm. Məktəbli yaşında
tükürpədən vəhşiliyə imza atmış qızımın cəzalandırılmasını tələb edirəm. Belə övladı
cəmiyyətə layiqli övlad kimi sırıya bilmərəm. Övladımız bizim deyil, vətənindir,
dövlətindir. Bizim igidlərimiz təkcə
Qarabağ uğrunda şəhid olmayıblar, yalnız torpaq uğrunda vuruşmayıblar, onlar bu
elin, obanın, min illərin yadigarı olan dövlətin, hər bir evin, ailənin uğrunda
canlarından keçiblər. Şəhid valideynləri vətənin sağlamlığı üçün canlarını
qurban verən övladları ilə ona görə fəxr edirlər ki, yararlı vətəndaş böyüdüblər, gərəkli insan
yetişdiriblər. Övladım bu qanunauyğunluğa, mələk məntiqli bu düzənə xələl gətirəcəksə,
cəzası ağır olacaq və mən valideyn kimi
vicdanımın ləkəli qalmaması naminə bu cəzanı bütün varlığımla qəbul edəcəm.
Murdar hadisəni göstərən videonu çəkənlər də eyni cəzanı
alsın. Yayanlara deyiləcək söz yoxdur. Onların cəzasını vicdanları versin.
Bir daha anlayaq: sənin, mənim övladım, ailəm deyilən
anlam yoxdur. Bir ailə var - dövlət, bir övlad var - azərbaycanlı. Bu dövlətin,
bu övladın xətrinə zərrə qədər kim dəydisə, onu bağışlamaq böyük günahdır.
Cənab polis, cənab məhkəmə, cənab ictimaiyyət. Elə cəza
üsulu seçin ki, bütün ölkəyə nümunə olsun, azğın davranış tərzinin genişlənməsi cəmiyyəti mağaraya çevirməkdədir.
Bizi pərçimləndiyimiz mağara taleyindən qurtarın.
Ceyhun
Musaoğlu