"Qarabağ"ın "Braqa"nı həm də ev oyununda məğlub edərək Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlməsinə nə qədər sevindimsə, möhtəşəm futbol oyununa gözəlim Azərbaycanın özəlim mediasındakı xəbər janrından çıxa bilməyən münasibətini görüb, bir o qədər kədərləndim.
Oyunun
müxtəlif janrlar çərçivəsində təqdimatını, fərqli aspektlərdən şərh olunmasını Türkiyə
mətbuatından izlədik. Mənə aid hadisənin ilkin, mötəbər, dolğun mənbəsi qadaşım
oldu. Niyə? Danışa bilmirəm, yazmağı bacarmıram, görmürəm, düşünmürəm, sevmirəm,
qürrələnmirəm, komandamın daha yaxşı oynamasını istəmirəm, oxucunu, tamaşaçını
qeyri-peşəkar qənaəti ilə üz-üzə qoyduğumun fərqinə varmıram? Yox, danışımağı,
yazmağı, görməyi, düşünməyi, sevməyi, qürrələnməyi çox yaxşı bacarıram,
komandamın səhvlərə az yol verməsini həmişə arzulayıram. Bəs niyə jurnalist
funksiyamın zəngin çalarlarından həvəslə yararlanaraq, ictimaiyyətə təmtəraqlı
yazı hədiyyə etmirəm?
Heç bilirsiz, Adil Qaçayoğlu sağ olsaydı, “Qarabağ” - “Braqa” oyununa baxmayanlar baxanlardan dəqiq görərdilər, o çarpışmanı ən incə çalarları ilə duyardılar. Heş bilirsiz, filankəs “Qarabağ” klubunun əksər hallarda və məhz həmin oyunda başı ilə yox, ürəyi ilə oynadığının səbəblərini necə dəqiqliyi ilə göstərərdi.
Biz
neynirik? Oyunun səhəri çıxan qəzetlərdən deyəsən cəmi iksində nəticələr barədə
quru xəbər dərc olundu, başqa yazılı mətbuat orqanlarının yönəldiciləri çox
güman düşünüblər ki, artıq gecdir, saytlar, sosial şəbəkələr yüzlərlə xəbər
yayıb, kimdi oyun barədə məlumatı qəzetdən oxuyan… Deməli, neyləməliydik, “Qarabağ” - “Braqa oyununa xəbər gözü ilə
deyil, sirrli-sehrli jurnalistkanın onlarla başqa janrları prizmasından
baxmalıydıq.
Tamaşaçının,
oxucunun xeyli sualı var, media həm sual verəndir, həm də ictimaiyyətin
suallarını cavablandırandır. Bir incə məqamla: nə sual ünvanlayanda, nə cavab
verəndə özü görünməsə yaxşıdır. Peşəkar meyarlara əsaslanan cəmiyyəti yalnız bu
məntiqlə qurmaq mümkündür. Bizsə görün nəylə məşğuluq.
İctimaiyyət
soruşur:
-“Qarabağ”
niyə çöldə rahat, evdə zülmlə qələbə qazandı?
-
Oyunçularımız adətən rəqibin ayağına arxadan zərbə endirirlər, səbəb nədir?
-
Azərbaycan futbolunda oyunçunun topu özündə çox saxlamaq istəyi, mərkəzdə rəqibin
3-4, bəzən 5 oyunçusunun toruna düşüb, ayağında top çabalaması nədən
qaynaqlanır?
-
“Qarabağ” - “Braqa oyununun şərhçisi hakimi, el dilində desək,
“yıxıb-sürüyürdü”. Hələ də anlamaq olmur ki, idman jurnalistikasının “referi”
deyib çağırdığı şəxsin səhvi, günahı nəymiş.
-
Qurban Qurbanovu həmkarlarından nəticəli bacarığı ilə yanaşı təmkini də fərlqləndirir?
Necə oldu ki, təmkinli məşqçi sari kart aldı, köməkçisinə qırmızı göstərildi?
-
Azərbaycan komandalarındakı oyunçular uzağı 60 dəqiqədən sonra hiss ediləcək səviyyədə
yorğun görünürlər. Görəsən niyə?
-
Adətən belə olur, “Qarabağ” mötəbər yarışlarda ən çoxu iki mərhələ keçir, növbətisində
top daşa çevrilir. Xatırladaq: qarşımıza 1/8-də “Bayer” səddi çəkildi.
Barıtımız yenədəmi bir atımlıq, lap iki atımlıq olacaq? Yarı-yolda
qırılmağımızın minlərlə səbəbi var, sadəcə “Qarabağ”ın sonuncu oyunu çərçivəsində
bu səbəblərə stereometrik çalarlardan baxmaq olmazdımı?
Suallar
çoxdur, yazı yoxdur. Yazmağa mövzu var, bəs nəyimiz yoxdur?
Əziz
dostlar, “media sahəsində təcrübi vəziyyət ağırdır” deyəndə bax bu kimi miskin
mənzərələri öncədən görüb deyirdik… Hər şey var, qanun, qayda, ənənə,
redaksiya, kompyüter, pul, motivasiya, sahəyə məhsul dövlət qurumu, ictimai təşkilatlar,
hər şey… Eləmi?! Bəs yazı hanı?
Primitiv
misalı xatırlatmağa məcburam: Hər şey var, heç nə yoxdur! Yaşasın sosial şəbəkələr,
yaşamasın klassik mətbuat!
Ceyhun
Musaoğlu