Qarabağda yaşayan ermənilərlə təmaslara başlanılması sülh gündəliyinin uğurlu mərhələsidir

Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə rəsmi təmaslara başlanılıb. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilən deputat Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
 
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Xankəndi-Laçın yolunda vətəndaş cəmiyyəti fəallarının keçirdiyi aksiyanın 80-ci günü baş tutan görüş barədə təbii olaraq hələlik geniş məlumat yayılmadığı üçün təmasların yanlış anlaşıla biləcəyi ehtimalı az deyil. 

Yanlışlara isə daha çox sosial şəbəkələrdə yol verilir, ciddi mətbuat rəsmi xəbərə istinad edir və görüş barədə təhrifedici fikirlər tirajlamır. Əslində  Xankəndi-Laçın yolundakı dinc aksiyanın məqsədlərindən biri də Qarabağda silahlı ünsürlərin girovluğunda saxlanan Azərbaycan vətəndaşlarına arxa durmaqdır. Qarabağ Azərbaycandır nidası iki ildən çoxdur geridönüşü ölmayan şəkildə təsdiqlənib. Ortada sülh gündəliyi var. Bu gündəliyə uyğun olaraq, erməni tərəfi ilə bir araya gəlmək onların cəmiyyətimizə inteqrasiyasına nail olmaq, Azərbaycan qanunları ilə yaşamağa sövq etmək  regioanda əbədi sülhə nail olmağın əsas açarlarından biridir. 

Azərbaycan nümayəndələri separatçılarla heç vaxt bir masa arxasında oturmaz. Bununla yanaşı separatçılara da imkan verməz ki, erməni əsilli azərbaycanlıları həmişəlik girovluqda saxlasınlar. 

Onsuz da Cənubi Qafqazda sabitliyin, rifahın yaranacağı qaçılmazıdır. Azərbaycan bu prosesin tez və fəsadsız başa çatmasını istəyir. Bu səbəbdən də Qarabağdakı erməni əhalisinin nüamyəndələri ilə bir araya gəlmək, onların narahatlıqlarını öyrənmək, birgəyaşayış modelini yenidən tətbiq etməyin yollarını tapmaq prioritet sayılmalıdır. 

Müharibə bitib və Azərbaycan Prezidenti də yeni müharibənin başlayacağını istisna edib. Belədə qonşuluq münasibətinin bərpasından başqa yol qalmır. Azərbaycan qalib dövlətdir. Qalibin məğluba əl uzatması təhlükəsiz gələcəyin əsas qarantıdır. 

Trend xəbər verir ki, Azərbaycan Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan və öz vətəndaşlarımız olan erməni sakinlərlə praktiki təmaslara başlanılacağı bildirmişdi. Bu görüş də daxili gündəliyin tərkib hissəsi olan həmin təmasın təzahürüdür. Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə növbəti müzakirələr Bakıda, Gəncədə və yaxud Ağdamda da baş tuta bilər.

Cənubu Qafqazda dayanıqlı sülhün yaradılması prosesi növbəti mərhələyə keçib. 

İşğal faktı sona çatıb, Qarabağda sülhməramlıların müvəqqəti nəzarət etdiyi Azərbaycan ərzilərinin beynəlxalq qanunlar çərçivəsində faktiki idarəçiliyinə nail olunur, azadlığa çıxan yurdlarda tikinti-quruculuq işləri aparılır, Böyük Qayıdış prosesi uğurla aparılır, Zəngəzur dəhlizi tikilməkdədir və…

2020-ci ilin noyabrından iki il üç ay vaxt keçib. Bu müddətdə böyük və xeyirli işlər görüldüyü aydınlığı ilə görünməkdədir. 

Ceyhun Musaoğlu