Sizdən sonra yerdə yersiz qalanların xətrinə gərək belə ölməzdiz, oğul Samir, ata Elxan

 

Ölkənin itkisi sayılan böyük sənətkar, unudulmaz insan Elxan Qasımovun oğlu, istedadlı, cəsarətli, dəyərli Samir Qasımovla dostluq edirdik. Yeni tanış olmuşduq. O, Əfqanısatanda azərbaycanlı sülhməramlıların komandir heyətində qulluq etmişdi, həm də televiziya adamı idi, rejissorluq peşəsini əla bacarırdı.


Biz 2005-ci il parlament seçkisi ərəfəsində tanış olmuşduq, tez bir zamanda isnişmişdik. Onda Fazil bəyin başqanı olduğu Böyük Quruluş Partiyası yeni yaranırdı. Çoxu Böyük Qurtuluş deyrdi. Yenilikçi gənclər kimi təqdim olunan hər mənada maraqlı 10-15 nəfər Fazil bəyin ətrafına toplaşmışdı. Fərqlənməyə çalışırdıq. Hələki qeydiyyata alınmayan partiyanın strukturlara qoyduğu adları da özünəməxsus idi. Siyasi Qurul İdarə Heyəti sayılırdı. Biz Qurulun üzvləriydik. 48 yaşım var, deyəsən uzağı 2 ay hansısa partiyanın üzvü olmuşam, həm də rəhbər heyətdə təmsil olunmuşam.


Dedik ki, seçkidə namizəd olaq. Hüquqi baxımdan partiyanın namizədi ola bilməzdik, sadəcə təbliğatda yeri gələndə  adını çəkəcəkdik. Şərbət adlı gənc də bizimləyədi. Seçki roliki çəkdirmək həvəsinə düşmüşdü.


Samirlə razılşadılar ki, birlikdə onun doğulduğu və namizədi olduğu Cəlilabad rayonuna gedib, orada təbliğat filmi hazırlasınlar. Əlavə 3 nəfər də onlara qoşulmağa qərar verdik. Aralarında mən də olmalıydım. Səhər 12-də avtovağzalda görüşüb, Samirin avtomobili ilə yola düşəcəkdik. “Ədalət” qəzetində işləyirdim. Danışdıq ki, mən tezdən redaksiyaya gedəcəm, bir-neçə saat işləyəcəm, uşaqalar avtovağzalda olanda mənə zəng edəcəklər, uzağı 20 dəqiqəyə görüş yerində olacam.


Həmkarım Nicat Qafuroğlu mənə mobil telefon almışdı, ilk telefonum idi, el dilində “qatlama nokia” deyirdilər, sağ hissəsində enli və qısa “antena”sı vardı. Nömrəm isə yox idi. Şərbət bunu biləndə dedi gedək sənə nömrə alım. Aldı və 0557172061 mənim ilk, son və dəyişməz mobil nömrəm oldu.


8-də redaksiyada olmağa adət etmişdim. Uzaqda qalanlar mənzilə daha tez çatırlar. Şərbət zəng edəndə redaksiyadaydım, nömrəsini görüb sevinsəm də, təklifini eşidib kədərləndim. Dedi ki, bəs avtovağzaldadırlar, təsadüfən kəndçisi qadını götürüb, onu götürməsələr yaxşı düşməz. Adama deyərlər namizədə bax, kəndə gedir, qonşusu olan seçicisini aparmır.


Təəssüf hissi ilə onlara yaxşı yol dilədim. Getdilər və yolda ağır qəzaya düşdülər: Samirin idarə etdiyi avtomobil “Kamaz” markalı avtomobillə toqquşub, bizimkilərin beşi də həlak olub.


Samirin atası, görkəmli rejissor və aktyor Elxan Qasımovu oğlunun dəfin mərasmində, məzarı başında infarkt vurur. Oğulun dostları sonrakı illərdə ataya nə qədər təsəlli versələr də xeyri olmadı – Elxan bəy Samirin nisgilinin ağırlığına tab gətirə bilmirdi, bu da son. Görüşdülər.


O müdhiş qəza hadısəsindən sonra bir müddət yaşamaq mənə əzab verdi. Belə əzabı cəmi üç dəfə yaşamışam: cəbhədə əsgərlik çəkəndə səngər yoldaşlarım şəhid olurdular, yaşadığma görə onların ruhlarından utanırdım. Neft Akademiyasında baş verən terror hadisəsindən də sarsılmışdım. Həmin ali məktəbi 10 ilə bitirmişəm, 3 alan tələbələr arasında xüsusi yerim olub. “Tələbəliyin niyə bu qədər uzun çəkib” sualı verənlərə cavabım belə olub: “Başımın üstünü qara buludlar almasaydı, mən də bir gün görərdim”. Axşam şöbəsinə daxil olduğum üçün ikinci kursdan hərbi xidmətə çağırılmışam. 1993-də gedib, 1997-də gəlmişəm. Axşam şöbəsi ləğv edildiyindən, gündüzdə oxumağa başlayanlar bir il geridən gəlməliydilər. Hoqqa yəni... Oxuyun, yenidən gəlməliydilər. Təkrar yaşadığımdan neçə yaşım olduğunu da unutmuşam  çoxdanlarda söyləmişdim.   


Akademiyada yaşanan dəhşətli hadisədə tələbələr terrorçunu zərərsizləşdirə bilməyiblər. “Utanmıram hələ də yaşayıram” adlı köşə yazdım. Kafedra müdirimiz alimlər alimi Rafiq Əliyev idi. Ona istinadən yazdım ki, onsuz da 2669 nömrəli qrupun uşaqlarının heç biri ixtisası üzrə işləmir, payımıza elə illər düşüb, diplomu zülmlə almışıq. Beləydisə, ay Rafiq müəllim bizi kəsə-kəsə kursda saxlayardız, o əclaf silahla hücum edəndə üzərinə yeriyib zərərəsizləşdirərdik. Biz köhnələrdənik, müharibə görümüşük.  Ali məktəbimdəki terrorda ölənlərin valideynlərinin yaşadıqları cəhənnəm zülmünü təsəvvürümdə canlandıranda yaşamağı özümə ayıb bilirdim. Elə indi də həminkiyəm.


Elxan ata oğul Samirin yanına getdi. Bizi bu nakam dünyada həm ata yana-yana qoydu, həm də oğul.

Həmin o mühdiş gün Şərbətin qonşusu qadın getməsəydi, bəlkə də qəzanın qarşısını alardım. Məsələn, sürücüdən sürəti azaltmağı xahiş edərdim, əgər mürgüləyirmişsə, ayıldardım, onun əvəzinə sürməyə icazə istəyərdim. Nəsə edərdim… nəsə…


Xahiş edirəm, ölənə qədər xöşbəxtcəsinə yaşayandan sonra ölün, əziz insanlar. Həyatdan kam almadan gedirsiz, vicdanını özünə ən ali meyar seçən insanlar sizsizliyin taleyi ilə barışa bilmirlər. Yerdə yersiz qalanların xatirinə, belə ölməyin!

 

Ceyhun Musaoğlu