Tərbiyə evdən, təhsil məktəbdən gəlir

Yeniyetmələrdə baş verən əxlaq pozğunluğunda məktəbi günahkar çıxarmaq yanlış mövqedir. Unutmayaq ki, məktəbin əsas işi təhsil verməkdir, ona görə də adı tərbiyə ocağı deyil, məhz təhsil ocağıdır. 

Hər kəs ilk tərbiyəni, əxlaq normalarının nələrdən ibarət olduğunu ailəsində, yaşadığı evində öyrənir. İnsan öncə valideyninin, sonra mühitinin balasıdır. Uşaq ailədə elə tərbiyə oluna bilər ki, nəinki hər hansı mühitin təsirinə düşməz, hətta o mühiti öz təsirinə sala bilər. 

Uşaq şəxsiyyətinin formalaşmasına təsir edən amilləri sıralasaq, məktəb sonda gəlir. Ailə, mühit, məhəllə, televiziya, kitab, sosial şəbəkələr, sonda məktəb. İki yaşlı uşağın əlində telefon və baxdığı aqressiv oyunlar, 5 yaşlı uşağın əlində telefon və bu dəfə oyuna baxır yox, həmin vəhşilik saçan oyunu oynayır. Telefonu uşağa kim verib, məktəb, yoxsa valideyn? Cavab sadədir. 

Məktəbdə vahid tədris proqramı var və nazirlik tərəfindən təsdiqlənir. Bu dərsliklərdə əxlaq normalarını pozan, şagirdlərə vəhşilik aşılayan heç bir fakt yoxdur. Bütün şagirdlər eyni xətt üzrə informasiya ilə təmin olunurlar. Lakin ailələrdə maraqlar müxtəlifdir, tərbiyə üsulları fərqli, davranış qaydaları bir-birinə bənzəmir. Ona görə də bir ailənin uşağı ilə digər ailənin uşağı tamam fərqli xarakterdə olur. Məktəbdə sistem elə qurulub ki, hər bir şagird eyni münasibətlə qarşılaşır, eyni fənləri oxumalı olur, eyni müəllimlərlə ünsiyyət qururlar. 

Şagirdlərin tədrisinə məktəb, tərbiyəsinə görə ailə məsuliyyət daşıyır. 

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində deyilir: 

- Ailə institutu fərdin psixi və fiziki cəhətdən sağlam böyüməsi, təhsil alması və gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Ailə cəmiyyətin əsas özəyidir və o dövlətin xüsusi himayəsindədir. Bu səbəblə də etibarlı və sağlam ailə münasibətlərinin qorunması və gücləndirilməsi vəzifəsi Konstitusiya ilə dövlət üzərinə qoyulan pozitiv öhdəlikdir. Dövlətin daşıdığı bu vəzifə isə ailə dəyərlərinin pozuntulardan qorunmasını və buna yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsini labüd edir.

Ailə anlayışı hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə edir. Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunması nəzərdə tutulur.

Buyrun, dövlət ailənin üzərinə düşən məsuliyyətin ən yükəsək dərəcəsini belə müəyyənləşdirir. Sovet dövrünün təhsil sistemi ilə, müstəqillik dövrünün təhsil sistemi arasında böyük fərq var. Sovet təhsil sistemində müəllim lazım gəldikdə valideyn rolunu da ifa edə bilirdi, ona elə valideynlərin özü bu şəraiti yaradırdı. Sovet dövrü müəllimi şagirdə həm də tərbiyə aşılaya bilirdi, yeri gəldikdə dərs dediyi şəxsi lap valideyni kimi danlayırdı, tənbeh edirdi. Yeni dövrün qaydalarına görə müəllim şagirdə güldən ağır söz deyə bilməz. Belə hal baş verən kimi, media “müəllim şagirdə zor tətbiq etdi” xəbərlərini gündəmin “bəzəyinə” çevirir. Deməli, yeni dövrün ailəsi tərbiyəni məktəbdən gözləməməlidir, özü uşağına yüksək tərbiyə verməyə borclu olduğunu unutmamalıdır. 

Əlbəttə, uşağa nə fiziki, nə də mənəvi zor tətbiq etmək doğru tərbiyə üsulu deyil. Bəs onda doğr tərbiyə üsuslu nədir? Bu sualın cavabını tamaq çətin olsa da, mümkündür. Ölkədə ixtisaslaşmış QHT-lər var, Ailə Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi var, Milli Məclisin xüsusi komitəsi var, psixoloqlar var. Onlar bir araya gəlib, azərbaycanlı uşağın ali insan səviyyəsində yetişdirilməsi üçün vahid tərbiyə üsulu tapa bilərlər. Bu üsulun tətbiqində məktəblərin də üzərinə məsuliyyət düşür. Ancaq hər hansı şagirdin tərbiyədən uzaq hərəkətə yol verməsində məktəbi, müəllimi günahlandırmaq kökündən yanlışdır. 

Uşaq öncə evdən küçəyə çıxır. Birinci evdir, ailədir.


Jurnalist Ekspert Mərkəzi

Ceyhun Musaoğlu