Xəzərlə Baltikin birləşməsində Azərbaycanla – Litva əməkdaşlığı – Bütün imkanlar var

Azərbaycan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Litvaya rəsmi səfərinin qiymətləndirmə meyarlarından biri kimi “Litva. Səmimi qəbula və qonaqpərvərliyə görə çox sağ olun!” minnətdarlıq paylaşımını göstərmək məntiqli yanaşma olardı.


Bu ifadəni Birinci xanım Mehriban Əliyeva mayın 22-də sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib. Həqiqətən də dünyanı səmimiyyət xilas edəcək. O səmimiyyət ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətin ana xəttini təşkil edir.


Açıq və doğru danışmaq. Azərbaycanın dünyada xüsusi hörmətə və nüfuza malik olmasında bu dövlətin Prezidentinin şəffaf xarici siyasəti önəmli məna daşıyır. Litvada keçirilən görüşlər, imzalanan sənədlər, səsləndirilən fikirlər qənaətimizin doğru olduğuna növbəti sübutdir.




Səfər çərçivəsindəki tədbirlərin qısa xronalogiyasını xatırladaraq, ölkə başçılarının bəyanatlarına və Azərbaycan-Litva biznes forumunda prezidentlərin söylədiyi fikirlərə diqqət çəkək.


Mayın 21-də Pezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litvanın ətraf mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılayırlar.


Mayın 22-də Vilnüsdəki Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olur.


Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene qarşılayırlar. İlham Əliyev və Mehriban Əliyeva xatirə kitabını imzalayırlar.




Mayın 22-də Vilnüsdə prezidentlərin məhdud tərkibdə görüşü keçirilir. Həmin gün ölkə başçılarının iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olur.


Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Litva ətraf mühit naziri Simonas Gentvilas, Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov və Litva sosial təhlükəsizlik və əmək naziri xanım Monika Navitskiene Azərbaycan Baş prokuroru Kamran Əliyev və Litva Baş prokuroru xanım Nida Qrunskiene müvafiq sənədlər imzalayırlar.




Mayın 22-də Vilnüsdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Litva Respublikasının birinci xanımı Diana Nausediene ilə görüşü olur. Görüşdən sonra Mehriban Əliyeva və Litva Respublikasının birinci xanımı Diana Nausediene Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olurlar.




Kitabxananın əsas fəaliyyət istiqamətləri Litva xalqının yazılı mədəni irsinin toplanması, gələcək nəsillər üçün qorunub saxlanılması və ictimaiyyətə təqdim edilməsinə kömək göstərilməsidir. Kitabxananın fondunda 7 milyona yaxın (1,8 milyon adda) çap məhsulları və digər sənədlər saxlanılır. Mehriban Əliyevanın adından kitabxanaya Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi, həmçinin Qarabağ və Şuşa haqqında kitablar hədiyyə edilir.




Mayın 22-də Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olur.


Görüşdə ikitərəfli məsələlər müzakirə edilir, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulanır. Bu xüsusda informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunur. Litvada keçiriləcək biznes forumun əhəmiyyəti və biznes dairələri arasında birbaşa təmasların qurulmasının vacibliyi söylənilir.


Söhbət zamanı nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr barəsində müzakirələr aparılır. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın dəstəyi yüksək qiymətləndirildi. Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvininq layihələrində Litvanın fəal rol oynadığı xüsusi qeyd edildi. Həmçinin bu gün imzalanmış üç sənədin əhəmiyyəti vurğulanır.


Ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarəolunması sahəsində Litva təcrübəsinin Azərbaycanla bölüşdürülməsinin önəmi diqqətə çatdırılır.


Həmçinin bu gün ölkələrimiz arasında imzalanmış gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin əhəmiyyəti qeyd olunur 200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması müsbət amil kimi qiymətləndirildi, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilir.


Görüşdə, eyni zamanda, prokurorluq sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, hər iki ölkənin aidiyyəti prokurorluq orqanları arasında sənədlərin imzalanmasının vacibliyi vurğulandı.

Eyni zamanda, Litvadakı Azərbaycan icmasının ölkənin inkişafına töhfə verdiyi, onların bu ölkənin sadiq vətəndaşları olduqları diqqətə çatdırılır.


İkitərəfli əlaqələr, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri barədə də fikir mübadiləsi aparılır.


Prezident İlham Əliyev litvalı həmkarına Ermənistan ilə Azərbaycan arasında danışıqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair ölkəmizin baxışları haqqında məlumat verir.


Prezidetlər mətbuata bəyanatlarla çıxış edirlər. Bir il öncə Azərbaycana səfərini xatırladan Litva Prezidenti Gitanas Nauseda əhəmiyyətli müzakirələrə start verildiyini dedi və bu səfərin Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcəyinə əminliyini bildirir.


Prezident vurğulayır ki, Litva 2006-cı ildən etibarən beynəlxalq inkişafa dair layihələrdə Azərbaycan ilə bir yerdə iştirak edir. Azərbaycan Litvanın Avropa İttifaqının Tvininq proqramı çərçivəsində tərəfdaşıdır. Həmçinin Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşıdır.


Gitanas Nauseda Avropa İttifaqının Azərbaycanla enerji sahəsindəki əməkdaşlığın Aİ-nin enerji bazarına müsbət təsir göstərdiyini İttifaqını qış ayları üçün təchizatını təmin etdiyini söyləyir.


Prezident Litva Azərbaycan ilə Ermənistan arasında münaqişənin diplomatik yolla dinc, dayanıqlı və əhatəli həllinin tərəfdarı olduğunu deyir və qeyd edir ki, Litva Avropa İttifaqı və Transatlantik müttəfiqlərimizin bu istiqamətdə səylərini güclü şəkildə dəstəkləyir.


“Avropa İttifaqının Azərbaycanla enerji sahəsindəki əməkdaşlığın Aİ-nin enerji bazarına müsbət təsir göstəribi və İttifaqını qış ayları üçün təchizatını təmin edib”. Bu bəyanatı Litva Prezidentindən eşitmək əlbəttə ki, xoşdur. Avropa ölkəsi Azərbaycanın dünyanın önəmli hissəsinə verdiyi böyük töhfədən söz açır. Onu da xatırladır ki,  Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşıdır. Tanış ifadədir. Azərbaycan müxtəlif sahələr üzrə bir çox ölkələrlə əsas tərfdaşdır. Əksər xarixi ölkə rəhbərinin dilindən bu ifadəni eşitmişik və eşidirik.

 

Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində qarşılıqlı səfərlərin əhəmiyyətinə diqqət çəkir. Bu ilin əvvəlində Davosda da görüşdüklərini xatırladan İlham Əliyev belə münasibətin çox fəal siyasi dialoq olduğundan xəbər verdiyini deyərək konkret nəticələrin olduğunu söyləyir.


Prezident siyasi müstəvidə əldə edilmiş razılaşmaların iqtisadiyyat, ticarət sahələrində sirayət edəcəyinə inandığını bildirir.


İlham Əliyev sülh danışıqları mövzusuna da diqqət çəkir. Bildirir ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında qalıb və bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşüb 20 faizi ərazilərimizdə hər şey dağıdılıb. Buna baxmayaarq, Azərbaycan israrla sülh sazişinin imzalanmasına çalışır.


Prezident onu da deyir ki, Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq.


Dövlət başçısı o cümlədən Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı ikitərəfli əməkdaşlığın mümkün olacağına əminliyini ifadə edir.


Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin ildən-ilə artdığını və artacağını bildirən İlham Əliyev müasir infrastrukturumuzun buna imkan yaratdığını söyləyir. Deyir ki, Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, biz birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq.


Əlbəttə, əsas siyasi münasibətərdir. Azərbaycanla Litva arasında heç bir anlaşılmazlıq yoxdur. Hətta işğalçıya sülh əlini uzadan bir ölkə ilə dostluq, qardaşlıq, əməkdaşlıq etmək hər bir ölkə üçün arzuolunandır.


İlham Əliyev həmişə belə deyr: “Sözümüzün imzamız qədər çəkisi var”. Bu ifadənin müəllifi həm də o ölkənin rəhbəridir ki, həmin ölkənin yeraltı, yerüstü sərvətləri dünyada sülhün, əminamanlığın, rifahın dayanıqlı olmasına böyük təkan verə bilər və verir.  Həm də bu ölkənin həyat tərzi ilə tolerant bir xalqı var. Həm də bu ölkə qalibdir – Cənubi Qafqazda sülh yaradacağına əminliyini bir an da itirməyən qalib.

Mayın 22-də Vilnüsdə qonaqların şərəfinə rəsmi lanç verilir.




Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin Litvanın Baş naziri xanım İnqrida Şimonite ilə görüşü olur.

Söhbət əsnasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən Brüssel sülh prosesinin əhəmiyyəti vurğulanır. Litvanın Baş naziri ölkəsinin Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasını dəstəklədiyini qeyd edir. O, nəqliyyat dəhlizlərinin açılması məsələsində Litvanın ərazisindən keçən və Rusiya ilə Kalininqradı birləşdirən tranzit dəhlizi layihəsi üzrə öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirir.




Azərbaycan Prezidenti və birinci xanım Vilnüsdə Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət edirlər. Prezident İlham Əliyev abidənin önünə əklil qoyur.


İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüs Qədim şəhərini gəzirlər. Onlara şəhərinin tarixi haqqında məlumat verilir.




Vilnüs Qədim şəhərin arxitekturasında keçmişin və gələcəyin vəhdəti hiss olunur. Şimali Avropanın Orta əsrə aid ən böyük şəhərlərindən sayılan Vilnüsün Qədim şəhər hissəsinin sahəsi təqribən 3,6 kvadratkilometrdir. Burada Avropanın ən qədim qotik, intibah, barokko və neoklassik memarlıq üslublarında inşa olunmuş binalar bir-birini tamamlayır. Ən mükəmməl memarlıq komplekslərindən biri Qədim şəhərin böyük bir hissəsini tutan və 13 həyəti olan Vilnüs Universiteti Memarlıq Ansamblıdır.




Mayın 22-də Vilnüsdə prezidentlərin iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilir.

Prezident Gitanas Nausedanın çıxışında ölkəsinin 700 yaşı olduğunu və Azərbaycan xalqının ulu əcdadlarının XV əsrdə Litva elçilərini qəbul etdiklərini xatırladır. Ardından isə bildirir ki, Litva Azərbaycanı nəhəng enerji potensialına malik və şaxələndirməyə can atan inkişaf edən iqtisadi güc kimi görürür. Prezident ölkəsinin potensialını detallarl ilə təqdim edərək vurğulayır ki, Azərbaycan sahibkarları bu imkanlardan faydalanmaq üçün prosesə qoşula bilərlər: “Bu gün mən həqiqətən də inanıram ki, ölkələrimiz təkcə iqtisadi cəhətdən yox, eyni zamanda, elm, təhsil və mədəniyyət sahələrində də bir-biri ilə əlaqələr qurmalıdırlar. Yol genişdir və bizim qarşımızdadır. Qoy, bu biznes forumu düzgün istiqamətdə atılmış əlavə addım olsun".

 



Prezident İlham Əliyevin çıxışında planlar barədə məlumat mübadiləsinin əhəmiyətini qeyd edir. Bildirir ki, hər iki ölkə bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedir: “Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Hər iki ölkə bu məsələni gündəliyimizə daxil edib. Bizə gəldikdə, bizdə enerji təhlükəsizliyi mövcuddur. Lakin, bununla belə, biz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək enerjilərindən istifadə etmək istərdik. Xüsusən də, nəzərə alsaq ki, ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Biz onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Fikrimcə, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur. Biz mövcud yataqlardan daha çox qaz hasil edirik. Bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanmasını elan edəcəyik. Həmçinin bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanını yaradacaq”.

 



İlham Əliyev Litva və Azərbaycanın öz regionlarında mühüm daşımalar qovşağı olduğunu deyərək Xəzər və Baltik regionları arasında şəbəkə qurmağın vacibliyinə toxunur və bunun mümkün olduğunu bildirir: “Biz Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Eyni sözləri daşımalara da aid etmək olar. Biz qonşularımız və tərəfdaşlarımızla yeni bağlantılar yaratmışıq. Biz Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edirik. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyuruq. Buna görə, hesab edirəm ki, biznes dairələrə bu fürsəti dəyərləndirmək üçün münasib vaxtdır. Yubanmaq lazım deyil, çünki birmənalı olaraq, çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək”.


Azərbaycan Prezidenti litvalı sahibkarlara digər mühüm məlumatları da çatdırır:


- Azərbaycan iqtisadiyyatı sabitdir;

- Münbit investisiya şəraiti var;

- Təbii sərvətlərə malikik;

- İqtisadiyyatımızı şaxələndiririk;

- Enerji sektorundan asılılığı azaldırıq;

- Xarici borcumuz çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən də azdır;

- Milli valyutamız sabitdir.

- Sabit qalacaq, çünki xarici ticarət balansında artıqlıq yaranıb.

- Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir.

- Mərkəzi Asiya bazarlarına çıxış təmin edilir;




Belə şəffaf mənzərəni açıb göstərən Prezidet İlham Əliyev sonda Litvanın biznes icması təmsilçilərini Azərbaycana səfərə dəvət edir.


Biznes forumda ölkələrin rəhbər şəxsləri də çıxış edərək planlar, hədəflər, reallıqlar barədə danışırlar. Forumda hər iki ölkədən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, ümumilikdə, 80-dək şirkət təmsil olunub.




Təqvim baxımından səfər başa çatdı. Belədə yazarlar ki, tarixin bir səhifəsi də qapandı. Əslində isə Azərbaycan üçün tarxin səhifələri qapanmır. Tarixini özü yazan ölkənin sonuncu cümləsi, növbəti səhifənin ilk cümləsidir.

 

Ceyhun Musaoğlu