BBC-nin, əsasən də “Azərbaycanca” bölməsinin Azərbaycanın Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində yaşayan erməniəsilli şəxslərin vəziyyəti ilə bağlı hazırladığı müxtəlif janrlı yazılarda beynəlxalq jurnalistikanın prinsipləri mütamadi pozulur.
Azərbaycan Mətbuat Şurası bu pozuntulara qarşı etiraz bəyanatı yayaraq, həmin media qurumunu üzr istəməyə çağırıb.
Jurnalist Ekspert Mərkəzi “BBC-Azərbacanca” saytında yayımlanan, sadə oxucunun da səhvləri görə biləcəyi cəmi iki yazının monitorinqini aparıb.
Bu linkdə (https://www.bbc.com/azeri/articles/ck53yzpw3ez) əks olunan “Sərhəddə gərginlik davam edir” başlıqlı məlumat xarakterli yazıda “Qarabağda yaranmış ərzaq çatışmazlığına görə, beynəlxalq qurumlar Azərbaycanı Laçın dəhlizini açmağa çağırıb” cümləsi media qurumunun tərəfli mövqedən çıxış etdiyini göstərir.
Sayt Qarabağda ərzaq çatışmazlığı olduğunu necə müəyyənləşdirib? Monitorinq aparmayıb, araşdırma hazırlamayıb. Belədirsə, dəqiqləşdirilməmiş informasiya yayıblar, adına dezinformasiya da deyə bilərik. Əgər “ərzaq çatışmazlığı yaşandığı”nı beynəlxalq qurumların fikri kimi yazıblarsa, cümlənin quruluşu yanlışdır. “Beynəlxalq qurumlar “Qarabağda ərzaq çatışmazlığı yarandığı” iddiası ilə Azərbaycanı Laçın dəhlizini açmağa çağırıb”" – doğrufikir budur, amma bir istisnayla: Qarabağ təkcə erməni separatçılarının sığındığı və erməni sakinərinin yaşadığı ərazi deyil, Qarabağ iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonlarından biridir. Tərkibinə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər inzibati rayonları və Xankəndi şəhəri daxildir. Saytın yanaşmasından belə anlaşılır ki, ümumi Qarabağ ərazisi mübahisə mövzusudur və 14 rayonun hər birində ərzaq çatışmazlığı var. Ya qərəzli yanaşmadır, ya da naşı müxbir işidir.
BBC Ağdam-Xankəndi yolundan reportaj hazırlayıb.(https://www.bbc.com/azeri/articles/c72xzzzz273o)
Reportajın ilk cüməsinə diqqət çəkək: “Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilər çörək qıtlığı ilə üzləşdiklərini deyirlər”. Düzdür, jurnalistkanın prinsipi pozulmayıb, sadəcə təqdimatın bu şəkildə olması dəlinin yadına daş salmağa bənzəyir.
Dəli həmin separatçı ermənilərdir ki, Qarabağın hüquqi statusuna min yamaq vurmağa çalışırlar. O yamaqlar içərisində “dağlıq”, “muxtar”, “vilayət” ifadələri pintiliyi ilə daha çox seçilir. Nə “dağlıq” var, nə “muxtar”, nə də “vilayət”. Ölünü diriltmək nə vaxt mümkün olub ki?..
“Azərbaycan yardımı Qarabağa buraxmır, Qarabağdakı ermənilər də Azərbaycanın yardımını istəmir. Bu nə qədər uzun müddət davam edə bilər” – sualındakı informasiyada yanlışlıq var. Əksinə, Azərbaycan Ermənistandan gələn yardımın Ağdam-Xankəndi yolu ilə Qarabağın erməniəsilli şəxslər yaşadığı ərazisinə çatdırmasına nəinki icaz verir, hətta Ermənistana bu mövzuda çağırış edir.
Xankəndində xunta yaradan, Azərbaycanın sərhəd ərazilərində terrorlar törədən qondarma şəxslərə söz meydanı açması BBC-də adi hal alıb. Beynəlxalq səviyyəli media orqanlarının separatçı rejimlərin qondarma şəxslərindən rəsmi adamlar kimi açıqlama alması jurnalistika səviyyəsinə yaraşmayan iş üslubudur. Beynəlxalq jurnalistika prinsipləri separtizmin inkişafına zərrə də olsun təkan verə bilən hər hansı addımdan çəkinməyi tələb edir. Azərbaycanın ərazisinə sığınan qeyri-qanuni silahlılarn təmsilçilərinə tribuna vermək, çox ziyanlıdır və media adına yaraşmır.
Mediaekspert Monitorinq Qrupu