Türkiyə televiziyasının gömrükdə azərbaycanlı qadını çəkib paylaşması ciddi jurnalistika pozuntusudur

Türkiyədə hava limanında azərbaycanlı qadının baqajından qurban əti çıxması ilə bağlı süjet yayımlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə DMAX telekanalında yayımlanan “Gümrük Muhafaza Türkiye” verilişində kadrlar təqdim olunub.

Görüntülərdə Sabiha Gökçen Hava Limanında sənədləri və çantası yoxlanılan azərbaycanlı qadının baqajından ət məhsulu aşkarlanır. Qadın bunun anasının ona verdiyi qurban əti hədiyyəsi olduğunu bildirərək götürülməməsini xahiş edib:

Lakin gömrük əməkdaşları qaydalara uyğun olaraq əti müsadirə edib, sənədləşmədən sonra qadının digər şəxsi əşyaları özünə qaytarılıb.

İlk baxışdan normal haldır, icazə yoxdursa ət müsadirə edilməlidir. Anormal olan hal qadının icazəsi olmadan onu efirdə göstərmək, yalvarışlarını yayımlamaqdır. Beynəlxalq jurnalistika qaydalarına görə, şəxsin icazəsi olmadan onun foto və videosunu yaymaq nüfuza xələl gətirmək sayılır. Azərbaycanlı xanımın yalvarışları artıq sosial şəbəkələrdə lağ obyektinə çevrilib, bu hal DMAX telekanalının qüsurunun nəticəsidir. 

Mediaekspert Monitorinq Qrupu